Məhkəmə qərarları › İş №2(039)-889/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-889/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-889/2021 29.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi “daşınmaz əmlaka 40 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə faktının təsdiq edilməsinə” dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yahya oğlu maraqlı şəxs Yevlax rayonu Xaldan Bələdiyyəsini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı, o cümlədən Yevlax Rayon Məhkəməsinin 29.04.1982-ci il tarixli qətnaməsi ilə yaşamaq hüququ verilmiş Yevlax rayonu Xaldan kəndində yerləşən evinin həyətyanı sahəsi olan, eyni zamanda artıq 40 ildir ki, onun ailə üzvülərinin fasiləsiz və etirazsız istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə ( daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış) mülkiyyətçi hüququ ilə 40 il ərzində fasiləsiz və etirazsız sahiblik etməyinə dair faktın təsdiq edilməsinə dair qətnamə çıxarılmasına xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1955-ci il təvəllüdlüdür. Yevlax rayonu Xaldan kəndində (Yuxarı, Birinci Salamabad) böyüyüb boya-başa çatmışdır. Respublikada torpaq islahatı keçirilən zaman ona və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyət hüquqları JN 248 saylı, 90111038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən təsbit edilmişdir. X3 zamanı ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsi verilməmişdir. Halbuki, o və ailə üzvləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aldığı kimi, həyətyanı torpaq sahəsi də almalı idilər. Yəni onlar həm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həm də həyətyanı torpaq sahəsi almaq hüququna malik subyektlər olmuşlar. Onların ailə üzvülərinin istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsi onların istifadəsinə deyil qanuni mülkiyyətinə verilməli idi. Çünki həmin torpaq sahəsi onların faktiki mülkiyyətindədir. Həmin torpaq sahəsinin Xaldan Bələdiyyəsinin mülkiyyətində olduğu onlara bildirilir. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialından əldə etdiyi 18.06.2020-ci il tarixli 139 nömrəli Arxiv arayışından görünür ki, hazırda onların istifadəsində və faktiki müİkiyyətində olan 0,10 ha torpaq sahəsi onun və ailə üzvlərinin şəxsi istifadəsində olan təsərrüfata aiddir. Onun və ailə üzvlərinə Yevlax Şəhər Xalq Məhkəməsinin 29 aprel 1982-ci il tarixli qətnaməsi ilə yaşamaq hüququ verilmişdir. Hazırda istifadəsində olan həyətyanı torpaq sahəsi onların qanuni istifadəsindir. O, qanuni istifadəçisi olduğu 0.10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarım Dövlət reyestrində qeydə alınmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək bildirmişdir ki, hazırda istifadəsində olan həyətyanı torpaq sahəsi dövlət reyestrində qeydə alınmamışdır. O, həmin torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı dəfələrlə daşınmaz əmlakın reyestr xidmətinə müraciət etsə də, ona həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğu və bələdiyyə torpaq sahəsinə plan-cizgi verəcəyi halda ona torpaq sahəsinə dair çıxarış verilə biləcəyi bildirilmişdir. X2 əsassız olaraq onun tələbini rədd etmiş və o, hazırkı tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Milli Arxiv İdarəsinin arayışından məlum olur ki, 1977-1979-cu illərə aid təsərrüfatbaşına kitabda mərhum atam Yəhya Şirinovun adına 0,35 ha torpaq sahəsi yazılsa da, 1979-cu ilin iyun ayından sonra mərhum atasının adına 0,25 ha torpaq sahəsi qeyd edilmişdir. Hesab edir ki, atasının adından silinmiş 0,10 ha torpaq sahəsi onun hazırda istifadə etdiyi torpaq sahəsidir. O, fasiləsiz olaraq 40 ildir həmin torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını istəyir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi Akif Pirməmmədov ərizəçinin tələbini qəbul etməyərək bildirmişdir ki, ərizəçinin mübahisələndirildiyi 0,10 ha torpaq sahəsi onun qardaşı oğlu Çingiz Şirinovun mülkiyyəti kimi reyestrdə qeydə alınıb. Bu səbəbdən ərizə əsassızdır və ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Çingiz Şirinov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, ərizəçi iddia edir ki, sahibliyində və istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə 40 ildir ki, fasiləsiz sahiblik edir, qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reystrində qeydə alınmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Məhkəmə, iddiaçı tərəfindən 2000-ci ilə qədər yaranmış mülki münasibətin hüquqi əsası kimi hazırda qüvvədə olan Mülki Məcəllənin 178.6-cı maddəsinə istinad edildiyini nəzərə alaraq, mülki qanunvericilikdə hüquq normasının zamana görə qüvvəsi məsələsinə aydınlıq gətirilməsini və bu sahədə Konstitusiya Məhkəməsinin mövcud təcrübəsinə istinad etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur... Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair 28 yanvar 2002-ci il tarixli qərarında vurğulanmışdır ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Ərizəçi mübahisələndirdiyi 0,10 ha torpaq sahəsinin onun şəxsi istifadəsində olması ilə bağlı Azərbaycan Respublikası Dövlət X1 139 №li, 18.06.2020-ci il tarixli Arxiv arayışını məhkəməyə təqdim etmişdir. Bununla bağlı məhkəmə ərizəçiyə izah edir ki, torpağa dair hüquqmüəyyənedici sənədi müvafiq səlahiyyətli inzibati orqana təqdim etməklə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ var. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “daşınmaz əmlaka 40 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə faktının təsdiq edilməsinə” dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar