Məhkəmə qərarları › İş №2(039)-890/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-890/2021

07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-890/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 17.09.2018-ci ildə vəfat etmiş mərhum anası X1 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hazırda Yevlax şəhəri Ə.Bayramov küçəsi ev 10 ünvanında yaşayır. Mərhum anası X5 17.09.2018-ci ildə vəfat etmişdir. Bu barədə 26 sentyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Anasının vəfatından sonra onun sağ qalan ailə üzvlərindən biri də odur. O, anasının vəfatından sonra ondan qalan miras əmlaka sahiblik edərək onu qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, anası Xədicə Hüseynova sağlığında onunla birgə yaşamışdır. Anası 17.09.2018-ci ildə vəfat etmişdir. X13 23.05.2021-ci ildə, bacısı Səidə Hüseynova isə 14.04.2021-ci ildə vəfat etmişdir. Anasının vərəsəsi olaraq o və qardaşı Maraqlı şəxs2 qalmışdır. Ucar Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə borclu X6 5700 manat pulun və 30 manat dövlət rüsumunun mərhum anası Xədicə Hüseynovanın xeyrinə tutulması qət edilmişdir. Borclunun təqaüdündən 1730 manat pul anasının sağlığında anasının xeyrinə tutulsa da, qalıq məbləğ anası öldüyü üçün ödənilməmiş qalmışdır. Ucar rayon icra və probasiya şöbəsindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə veriləcəyi təqdirdə anasına ödənilməli olan qalıq məbləğin onun hesabına tutula biləcəyi bildirilmişdir. O, bu barədə Yevlax rayon 1 saylı Notariat ofisinə müraciət etsə də, miras əmlakın bölgüsündə mübahisə yarandığı bildirilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Anasının adına hər hansı daşınmaz əmlak olmasa da, anası öldüyü vaxtdan o, anasının istifadə etdiyi ev və geyim əşyalarına sahiblik etmişdir. Bundan əlavə o, məhkəmə qətnaməsi ilə anasına ödəniləcək pulu almaq üçün dəfələrlə, icra və probasiya orqanına, poçt şöbəsinə müraciət etsə də, tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə ödəniləcək olan pulun bir hissəsi-106,80 manat Yevlax regional poçt filialında anasının adına olan hesabdadır. Anasından miras qalmış əmlakı-pulu qəbul edə bilmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, anasından miras qalmış əmlakın bacısı Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş digər maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və ərizəçinin və Maraqlı şəxs2 izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə ərazi dairəsi üzrə nümayəndəliyinin 23.01.2020-ci il tarixli arayışından görünür ki, mərhum X7 vəfat edənədək, yəni 17.09.2018-ci il tarixədək Yevlax şəhəri Aeroport qəsəbəsi ev 7, 5 saylı mənzildə qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra aşağıdakı ailə üzvləri qalmışdır; əri X9, qızı Ərizəçi, qızı X8 və oğlu Maraqlı şəxs2. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 954235 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 17.09.2018-ci ildə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 171136 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 23.05.2021-ci ildə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 171111 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynova Səidə İmran qızı 14.04.2021-ci ildə vəfat etmişdir. Yevlax rayon 1 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 28.01.2020-ci il tarixli, 22 №li məktubda, miras əmlakın bölgüsündə mübahisə yarandığı üçün ərizəçinin mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ucar Rayon Məhkəməsinin 2(063)-731/2015 saylı, 10 sentyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Hacıyev Rəmiş Yaqub oğlundan cəmi 5730 manat pulun alınıb X4 verilməsi qət edilmişdir. Ucar rayon icra və probasiya şöbəsinin məhkəməyə ünvanlandığı 22.06.2021-ci il tarixli, 751 №li məktubunda qeyd edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 731/2015 saylı, 10 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehin təqaüdündən 1730 manat DSMF-nin Ucar filialı vasitəsilə tələbkar X4 ödənilmişdir. "xxxx" MMC-nin Yevlax regional poçt filialının 11.02.2019-cu il tarixli arayışından görünür ki, X3 adına 106,80 manat pul Ucar DSMF-dən göndərilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin anası Xədicə Hüseynova 17 sentyabr 2018-ci ildə vəfat etmiş, anasının vəfatından sonra ərizəçi anasından miras qalmış və məhkəmə qətnaməsi ilə anasının xeyrinə tutulmalı olan pul vəsaitini miras əmlak olaraq əldə etməsi üçün Yevlax rayon Notariat kontoruna və Yevlax regional poçt filialına müraciət edərək, həmin əmlaka sahiblik etmək və onu idarə etmək niyyətini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar və qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.09.2018-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar