Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-891/2021 04.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evin boşaldılması tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Yevlax şəhəri Səməd Vurğun küçəsində yerləşən 16 nömrəli evin 6 nömrəli mənzilinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi cavabdehlərin həmin mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Bankın xeyrinə cəmi 12224 manat borcun tutulması, tutmanın Cavabdeh1 məxsus olan Yevlax şəhəri Səməd Vurğun küçəsində yerləşən 16 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. İddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, İddiaçı ASC-nin şikayəti təmin edilmiş və Şəki Apelyasiya Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsinə və düzəliş qərardadına əsasən borclu Cavabdeh1 tutulmalı olan pul məbləğinin cəmi məbləği 13559,72 ABŞ dolları müəyyən edilmişdir. İpoteka predmeti Yevlax rayon icra və probasiya şöbəsinin 219/5 saylı, 28.01.2019-cu il tarixli sifariş məktubuna əsasən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi'’ MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. Bank tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.11.2020-ci il tarixli çıxarışa (Reyestr nömrəsi - **********61-05101-093002, qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək, məhkəmədən mübahisənin qanuni şəkildə həll edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-2241/2016 saylı iş üzrə çıxartdığı 05 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 14 may 2015ci il tarixli, 140/F-15 saylı kredit müqaviləsi üzrə 10,836.60 ABŞ dolları əsas, 1,188.25 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə, cəmi 12,224 (on iki min iki yüz iyirmi dörd) ABŞ dolları 65 (altmış beş) sent məbləğində borc ödənilən günə məzənnə üzrə manatla tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Yevlax şəhəri Səməd Vurğun küçəsində istifadədə olan 0,068 ha torpaq sahəsində yerləşən 16 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməklə açıq hərracdan satılması qət edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri Səməd Vurğun küçəsində yerləşən 16 nömrəli evin 6 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASCnin adına 06.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvafiq olaraq "mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər". Həmin məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Yevlax şəhər Səməd Vurğun küçəsində yerləşən 16 nömrəli evin 6 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməli, həmin mənzil cavabdehlər tərəfindən boşaldılmalı və qeyd olunan əmlak İddiaçı ASC-yə təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Həsənova(Hidayətova) Səlbi Şaban qızının və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Yevlax şəhər Səməd Vurğun küçəsində yerləşən 16 nömrəli evin 6 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin, həmin mənzil cavabdehlər tərəfindən boşaldılsın və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-891/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-891/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver