Məhkəmə qərarları › İş №2(039)-930/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-930/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-930/2021 18.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məməmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yetkinlik yaşına çatmamış övladları ilə birlikdə evə köçürülmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun 22 oktyabr 2004-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələrinin təmin edilməsinə barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun sabiq həyat yoldaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə sonuncunun valideynləri olmaqla onun sabiq qayınatası və sabiq qayınanasıdır. Cavabdeh1la faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuş, 23 yanvar 2003-cü il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan iki övladları vardır. X8-09.12.2002- ci il təvəllüdlü və X4- 22 oktyabr 2004-cü il təvəllüdlü. Oğulları Namiq artıq yetkinlik yaşına çatmış və həqiqi hərbi xidmət borcunu yerinə yetirməkdədir. Digər övladları yetkinlik yasına çatmamış Türkan isə onun yanında yaşayır. Yevlax Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(039)-423/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh1 iddiası əsasında, aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan övladlarının onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda yetkinlik yaşına çatmamış qızı Türkan ilə birlikdə, yuxarıda göstərilən ünvanda, valideynlərinin evində yaşayır. Orada isə daimi yaşamaqları üçün imkanları yoxdur. Cavabdeh1la ailə həyatı qurduqları gündən, yəni 31 oktyabr 2001-ci il tarixdən, ailə münasibətlərini pozulanadək, yəni 2000-ci ilin yanvar ayının sonunadək ünvan 2 ünvanında fasiləsiz və etirazsız yaşamışlar. Hər üç cavabdehlə birgə ümumi təsərrüfatı idarə etmişlər. Övladları həmin evdə dünyada gəlmiş və orada böyümüşlər. Özünə məxsus cehiz əşyaları və digər əşyaları, habelə qızı Türkana məxsus bütün əşyaları da halhazıradək həmin evdədir. 2000-ci ilin yanvar ayının sonlarında qızı Türkanla birlikdə Yevlax şəhəri R. Balakişiyev küçəsi 38 ünvanından cavabdehlər tərəfindən məcburi çıxarıldıqdan az sonra, ölkədə pandemiya elan edildi, sərt karantin rejimi hökm sürdü və bu səbəbdən də, evdən çıxarıldıqdan sonrakı tez müddətdə iddia tələbini irəli sürə bilməmişdir. Həm də düşünürdü ki, ailələri bərpa edilər. Lakin, Cavabdeh1 nikahın pozulmasını tələb etmişdir. Respublikada torpaq islahatı keçirilən zaman o, və oğlu Namiq Həsənov da, ünvan 3 ünvanından dair həyətyanı torpaq sahəsinə dair torpaq payı almaq hüququna malik subyektlər olmuşlar. Odur ki, ünvan 1 ünvanına dair həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnu təsbit edən sənəddə-JN1712A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də ümumi birgə mülkiyyətçilər sırasına aşağıda göstərilən şəxslər daxildir. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən əldə etdiyi 15 mart 2021- ci il tarixli **********11 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırda cavabdehlər onu ünvan 5 ünvana dair onun heç bir haqqı və hüququ yoxdur. Oraya köçərək orada yaşamağına imkan vermirlər. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, nikaha daxil olduqdan sonra cehiz əşyalarını ünvan 4 ünvanında yerləşən evə köçürmüş və həmin əşyaları hazırda da həmin ünvandadır. Lakin bundan sonra 2003-cü ilədək əri və uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə, daha sonra 2007-ci ilədək Ukraynada yaşamışlar. Bundan sonra Yevlax şəhərinə gəlib həmin evdə yaşamağa davam etmişlər. 2020-ci ilin yanvar ayında isə aralarında olan mübahisədən sonra həmin evi tərk edib valideynlərinin evinə getmişdir. Bu müddət ərzində cavabdehlərlə birgə yaşama mümkün olmadığından evə qayıtmağa cəhd etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, 2001-ci ildə İddiaçı ilə ailə həyatı qurub Bakı şəhərində kirayədə birgə yaşamışlar. 2003-cü ildə Ukraynaya gedərək orada da 4 il yaşadıqdan sonra qayıdıb kirayədə yaşamışlar. Daha sonra isə atası tərəfindən ünvan 4 ünvanında yerləşən evdə yaşamağa davam etmişlər. İddiaçı 2020-ci ilin yanvar ayında onlarla mübahisə edib evi tərk edib getmişdir. Bir müddət ailənin bərpa ediləcəyi ümidi ilə gözləsə də, sonradan nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Artıq boşandıqlarından onunla bir evdə yaşamaq mümkün deyildir. Lakin, övladı Türkanın həmin evə köçürülməsinə etiraz etmir. Bu səbəbdən iddianın qismən, yalnız Türkana aid hissədə təmin edilməsini, İddiaçı münasibətdə isə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qismən, nəvəsi Türkana münasibətdə qəbul edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən ev onun tərəfindən öz vəsaiti hesabına inşa edilmişdir. Belə ki, evin yerləşdiyi torpaq sahəsi ona ev inşa edilməsi məqsədi ilə və müvafiq razılığı ilə 1984-cü ildə verilmişdir. Torpaq sahəsi ona ayrılarkən ünvanı Kosmonavtlar küçəsi, 36 olmuşdur. Lakin, həmin evin mülkiyyət hüququ üzrə qeydə alınması üçün müraciət etməmişdir. Torpaq islahatı zamanı 2006-cı ildə evin yerləşdiyi torpaq sahəsi formal olaraq ünvanda qeydiyyatda olan şəxslərin adlarına qeyd edilmişdir. Belə ki, həmin zaman oğlu Natiq ailəsi ilə Ukraynada yaşamışdır. Natiq ailəsi ilə birlikdə həmin evdə az bir müddətdə daimi yaşamışdır. 2020-ci ilin yanvar ayında keçmiş gəlini özü evi tərk edib getmişdir. Daha sonra isə oğlu ilə onların arasında olan nikah pozulmuşdur. İddiaçı evə köçürülməsinə etiraz edir, lakin iddianı nəvəsi Türkana münasibətdə qəbul edərək iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın nəvəsi Türkana münasibətdə təmin edilməsini, İddiaçı münasibətdə isə rədd edilməsini xahiş etmişdir. AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Yevlax şəhərində xx.xx.1982-ci il tarixdə anadan olmuş və Yevlax şəhəri şəhid H.Əliyev küçəsi mən 96-da qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 15 mart 2021-ci tarixli məktubunda qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair Yevlax şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1983-cü il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışı əsasında fərdi yaşayış evinin tikdirilməsi üçün Cavabdeh2 adına 0,045 ha torpaq sahəsi ayrılmışdır. Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən JN-1712A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Yevlax şəhərində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı, X3 və X5 adlarına ümumibirgə 6 (nəfər) mülkiyyətində 0,04 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin hüquqi sahibi ərizə ilə müraciət etmədiyi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-423/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında 23 yanvar 2003-cü il tarixdə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan olan 2004-cü il təvəllüdlü X4 adlı uşaq anası İddiaçı himayəsində saxlanılmışdır. AZ-İİ016544 №-li, 05 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 oktyabr 2004-cü il tarixdə Odessa şəhərində anadan olmaqla, atası Cavabdeh1, anası İddiaçıdır. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1712A KOD 90101002 saylı şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-ci il tarixli 10 nömrəli qərarı ilə 0,04 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi, kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Yevlax şəhər sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı, X3 və X5 mülkiyyətinə verilmişdir. Yevlax şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1983-cü il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışının surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin tikdirilməsi üçün Cavabdeh2 adına 0,045 ha torpaq sahəsi ayrılmış, ona ayrılan sahədə yaşayış sahəsi 44.0 kv.m olan 2 otaqdan ibarət kürsülü, həyətyanı tikililəri ilə birgə ev tikdirilməsinə icazə verilmişdir. 07 avqust 1985-ci il tarixli müqavilədən görünür ki, Yevlax şəhər XDS Kommunal Təsərrüfat Şöbəsi tərəfindən Cavabdeh2 0,045 ha torpaq sahəsində, yaşayış sahəsi 44.0 kv.m olan 2 otaqdan ibarət kürsülü, həyətyanı tikililəri ilə birgə ev tikdirilməsinə hüquq vermişdir. Beləliklə, tərəflərin izahatları, habelə mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Yevlax şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1983-cü il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışı əsasında cavabdeh, iddiaçının keçmiş qayınatası Cavabdeh2 tərəfindən inşa edilmişdir. İddiaçı Cavabdeh1la nikaha daxil olduqdan sonra həmin evə köçmüş, lakin 2003-cü ildən 2007-ci ilədək başqa ölkənin ərazisində yaşamışdır. Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006ci il tarixli 10 nömrəli qərarı ilə həmin evin yerləşdiyi 0,04 hektar torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, İddiaçı, Namiq Həsənov və Sadiq Həsənovun mülkiyyətinə verilmişdir. İddiaçı, qızı Türkanla birlikdə 2020-ci ilin yanvar ayında həmin evi tərk etmişdir. Daha sonra isə onun Cavabdeh1la nikahı məhkəmə qərarı əsasında pozulmuşdur. Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Məhkəmə belə qənaətə gəlir ki, ilk olaraq köçürülməsi tələb olunan yaşayış evinin hüquqi statusuna, daha sonra isə İddiaçı həmin evdə istifadə hüququnun və onun həmin evə köçürülməsinə əsasların mövcudluğuna hüquqi qiymət verilməlidir. Təqdim edilən sənədlərlə təsdiq olunur ki, qeyd edilən torpaq sahəsi həmin zaman qanunvericiliyin tələblərinə uyğun olaraq XDS-nin müvafiq qərarı ilə ev tikintisi məqsədi ilə Cavabdeh2 verilmiş və sonuncu tərəfindən həmin sahədə öz vəsaiti hesabına ev inşa edilmişdir. Bu sənəd isə mülki qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bu səbəbdən Cavabdeh2 həmin evə gözlənilən mülkiyyət hüququ mövcuddur. Belə olan halda İddiaçı həmin evə istifadə hüququnun yaranması üçün tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 228.2 maddəsinin tələblərinə görə onun mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşması olmalıdır ki, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, qeyd edilən torpaq sahəsi Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-ci il tarixli 10 nömrəli qərarı ilə o cümlədən İddiaçı mülkiyyətinə verilsə də, bu, onun həmin torpaq sahəsinin üzərində yerləşən evə mülkiyyət hüququnun və ya istifadə hüququnun yaranmasına əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi onun özünə münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllə: Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh2 iddianı Türkan Həsənovaya münasibətdə etiraf edərək bu barədə ərizə təqdim etdiyindən və bu, hər hansı üçüncü şəxsin hüquqlarını pozmadığından məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 22 oktyabr 2004-cü il təvəllüdlü X1 şəhəri, R.Balakişiyev küçəsi 38 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar