Məhkəmə qərarları › İş №2(039)-969/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-969/2021

20.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-969/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 491 A saylı 90111018 kodlu torpağın mülkiyyətə verilməsində dair şəhadətnaməyə əsasən Yevlax rayonu Xaldan kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 0,06 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Xaldan kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində 0,06 ha kəndə təsərrüfatı təyinatı torpaq sahəsi var. Mülkiyyət hüququ JN 491 A saylı 90111018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsdiq edilmişdir. Həmin torpaq sahəsi onlara torpaq islahatı keçirilən zaman verilmişdir. Cavabdeh 20 ildən artıq müddətdir ki, onların ailəsinin ümumi birgə mülkiyyətinə daxil olan torpaq sahəsinin zəbt edərək oradan gəlir əldə edir. Cavabdehə zəbt altında olan torpaq sahəsini onlara təhvil verməsini tələb etmişlər, lakin cavabdeh onların tələblərini rədd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini 20 ilə yaxındır ki, istifadə edir. həmin torpaq sahəsini o, iddiaçının anasından və qardaşından almışdır. Lakin bu barədə rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Qeyd etdiklərini nəzərə alıb, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-491A 90111018 kodlu “torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədən müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 21.04.2001-ci il tarixli, 56 nömrəli qərarı ilə Yevlax rayonu Xaldan kəndində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh, iddiaçının mülkiyyətində olan torpaq sahəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçının tələbi haqlıdır və cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu Xaldan kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Xaldan kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar