Məhkəmə qərarları › İş №2(039)-97/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-97/2023

16.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-97/2023 16.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi Hümbətov Mədət Vəkil oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində və Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 50 sot hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Hümbətov Mədət Vəkil oğlu iddia tələbini müdafiə edərək izah etdi ki, anasının Yevlax rayonu, Nəmərli kəndində 5.2862 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin bir hissəsi cavabdeh zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaqdan çıxmaqdan imtina edir. Cavabdeh məhkəmə iclasında izah etdi ki, torpaqlar islahata gedən zaman ona torpaq verilmişdir. Torpaqların koordinatları düzgündür. O öz torpağından istifadə edir. Heç kimin də torpağını zəbt etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Yevlax şəhəri bölməsinin 04 oktyabr 2022-ci il tarixli 594 saylı arayışından məlum olur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Yevlax rayonu, Köyük kəndində məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 aprel 2023-cü il tarixli 3-21-3-35/2-1408/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 11 fevral 2015-ci il tarixli çıxarışdan məlum olur ki, Cavabdeh, X1, Quluzadə Nuranə ilqar qızının və X2 Yevlax rayonu, Nəmərli kəndi ərazisində mülkiyyətində 3.0207 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 10/3589 saylı ekspert rəyindən görünür ki, Yevlax rayonu, Nəmərli kəndi ərazisində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.28 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 mart 2015-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində mülkiyyətində 5.2862 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.28 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan 5.2862 ha torpaq sahəsinin 0.28 ha hissəsindən cavabdeh çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Yevlax rayonu, Nəmərli kəndində yerləşən 5.2862 ha torpaq sahəsinin zəbt edilmiş 0.28 ha hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 100 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar