Məhkəmə qərarları › İş №2(039)-974/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-974/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-974/2021 16.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin istifadə hüququna xitam verilməsi” tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsinə xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda o, Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25.08.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh onun oğludur. Artıq uzun illərdir ki, cavabdeh ona məxsus evdə yaşamır. Həmin şəxsin onun mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə nümayəndənin iştirakı olmadan baxmışdır. Cavabdehə göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu ünvan üzrə ərazi nümayəndəliyinə göndərilmişdir. Yuxarı Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlandığı məktubunda cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamadığı, Rusiya Federasiyasında yaşadığı qeyd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh onun oğludur. Cavabdeh 2005-ci ildə evləndikdən sonra Rusiya Federasiyasına gedibdir. Hazırda oğlu Rusiya Federasiyasında yaşayır, oğlunun hansı ünvanda yaşaması barədə məlumatı yoxdur. Ona verilən məlumata görə oğlu Yevlax rayonu Havarlı kəndində özünə ev tikdirib. Oğlunun özünə məxsus evə qeydiyyata düşməməyi və onun evində qeydiyyatda qalmağı bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Cavabdeh bir övlad kimi də valideynlərinin qayğısına qalmamışdır. 15 ildən çoxdur ki, onların münasibətləri yoxdur, cavabdeh və ailəsi onun mülkiyyətində olan evə gəlib-getmir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını, şahid ifadələrini dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ********** №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən 0,359 ha torpaq sahəsi və onun üzərində yerləşən 99,6 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına 25.08.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 18.02.2021-cu il tarixli, 195-1891M-3221 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçının arvadı, cavabdehin isə anasıdır. Hazırda iddiaçıya məxsus evdə yaşayır. Oğlu Şaiq 2005-ci ildə ailə qurmuş, 2-3 ay onlarla birlikdə yaşamış, sonra isə ailəsi ilə birlikdə bir müddət kirayə mənzildə yaşadıqdan sonra Rusiya Federasiyasına getmişdir. 2005-ci ildən oğlu iddiaşıya məxsus evdə yaşamayıb. Onlarda olan məlumata görə oğlu Şaiq Yevlax rayonu Havarlı kəndində özünə torpaq sahəsi alıb və ev tikdirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Qardaşı 2005-ci il tarixdə evləndikdən sonra atasına məxsus evdən çıxıb getmişdir. 15 ildən çox müddətdir ki, qardaşı atasına məxsus evdə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. O, iddiaçının oğlu Şaiq ilə bir həmkəndli kimi 2018-ci ildə Rusiya Federasiyasında tanış olmuşdur. Pandemiya ilə əlaqədar o, Azərbaycana qayıtmışdır və bu müddət ərzində o, Şaiqi atasının evində görməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Yevlax rayunu Aşağı Qarxun kəndində 0,359 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğludur və 2005-ci ilədək həmin evdə yaşayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ olsa da, 2005-ci ildən o, ailəsi ilə birlikdə həmin mənzildən başqa mənzilə köçüb getdiyindən və həmin vaxtdan da iddiaçıya məxsus mənzildə yaşamadığından mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları) Azərbaycan Respublikasının Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar