Məhkəmə qərarları › İş №2(040)-1071/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1071/2025

18.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1071/2025 18.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbə qarşı “müəllim vəzifəsinə bərpa edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi 21 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). İddia onunla əsasıandırılmışdır ki, o, 2002-ci ildən Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi işləyir; işlədiyi iyirmi üç il müddətində həmişə işinə məsuliyyətli olmuş, işlədiyi kollektivdə, şagirdlər və valideyinlər arasında həmişə böyük hörməti olmuş, dərs keçdiyi şagirdlərindən əksəriyyəti yüksək balla ali məktəblərə qəbul olunmuşdur. Onu da qeyd edir ki, ailədə yeganə qazanc gətirən şəxs odur. Himayəsində birinci dərəcəli əlil qardaşı var və həmin qardaşına da da o baxır; onun başqa yerdən gəliri yoxdur, yalnız aldığı əmək haqqı ilə ailəsini dolandırır. 2025-ci ilin iyun ayında təkrar keçirilən sertifikasiyada iştirak etmiş, həmin vaxt yüksək qan təzyiqi olduğu üçün müvafiq keçid balını yığa bilməmişdir; beş sualı düzgün yaza bilməmişdir ki, həmin suallar da onun ixtisasına aid olmayan suallar olmuşdur. O, öz ixtisasına aid sualların hamısını yazmışdır. Buna baxmayaraq, Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilir. Həmin bəndin qeyd hissəsində göstərilir ki, bu maddənin “c” bəndində “səlahiyytli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azarbaycan Respublikasnda dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası Əmək Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Hazırki mübahisədən isə görünür ki, səlahiyyətli orqanın onun peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması barədə heç bir qararı yoxdur. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ișçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qeyd etdiyi kimi, onun himayəsində birinci dərəcəli əlil olan qardaşı vardır, ona görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bu hissədə də qanunsuzdur. Ona görə də hesab edir ki, Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmri ləğv edilməlidir. İş üzrə məhkəmə hazırlıq iclası 21 avqust 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 18 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmənin 21 avqust 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur regional təhsil idarəsi məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur regional təhsil idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər; Məhkəmə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2024-cü ilin iyun ayında keçirilən serifikasiya imtahanında üzrlü səbəbdən iştirak edə bilməmiş, 2025-ci ildə keçirilən sertifiksiya imtahanında isə 25 bal toplayaraq keçid balını-30 balı əldə edə bilməmişdir. Nəticədə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur, belə ki, onun himayəsində birinci dərəcəli əlil qardaşı var, lakin rəsmi olaraq qardaşına anası Nazilə Hüseynova baxır. İddianın təmin edilməsini, işə bərpa edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə iştirak etdiyi 21 avqust 2025-ci il tarixli hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı işdən azad edilməsinə dair onun tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmr qanuni və əsaslı olmaqla eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktorunun 25 iyun 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 saylı əmrinə əsaslanmışdır. Doğrudur, İddiaçı təcrübəli və öz ixtisasını yaxşı bilən müəllimdir və işlədiyi müddət ərzində yaxşı şagirdlər hazırlamışdır. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Çərəktar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş 14 iyul 2025-ci il tarixli № A/48 nömrəli arayışın surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, onun ailə tərkibi aşağıdakı kimidir: qardaşı-X5; arvadı-X2; qızı- X3; oğlu-X4; qızı-X7. İş materiallarında olan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin Şərqi Zəngəzur regional təhsil idarəsinin tabeliyində olan Kəlbəcər rayonu 58 nömrəli tam orta məktəbin direktoru Nümayəndə 30 iyun 2025-ci il tarixli 108 nömrəli əmrinin surətindən görünür ki, təhsilverənlərin peşə səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə, Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan: Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan (cavabdeh Kəlbəcər rayonu 58 saylı tam orta məktəbin direktoru Nümayəndə tərəfindən 21 avqust 2025-ci il tarixli hazırlıq iclasında məhkəməyə təqdim edilmişdir): Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin direktoru X8 tərəfindən imzalanmış 25 iyun 2025-ci il tarixli 3-29-69/3- 2-29F/2025 nömrəli əmrin surətindən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə təhsil idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2025-ci ilin 30 iyun tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: MT-00463) X1 tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli MŞG/1/2025-000222 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci tam ödəmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır; hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: “Əmək Məcəlləsi”): -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir; -12-ci maddəsinin 1-ci hissəsindən görünür ki, əmək münasibətləri sahəsində işəgötürənin ö cümlədən aşağıdakı əsas vəzifələri vardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq...(həmin maddədə digər vəzifələr də sadalanır); -68-ci maddəsinin: 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi iləəlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; -70-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi işəğötürən tərəfindən ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir; işçilərin attestasiyası bu Məcəllənin 65ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. -76-cı maddəsinin: 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. -79-cu maddəsinin: 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73cü maddəsi ilə xitam verilən hallara şamil edilmir; 3-cü hissəsinə əsasən, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. -287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. -288-ci maddəsinin müddəalarından görünür ki, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. -289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. -290-cı maddəsinin 1-ci hissəsinə əsasən, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs işləmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, habelə işsizlikdən müdafiə hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 7-ci maddəsinin birinci abzası və 3-cü bəndinin müddəalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib işşəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və ixtisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanını tanıyır. “Avropa Sosial Xartiyası”nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər bir kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq imkanı olmalıdır. 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.1-ci bəndinə əsasən, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır; 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər; təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.4-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbayacan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər; təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar; 5.3-cü bəndinə əsasən, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı 2024-ci ilin iyun ayında keçirilən sertifikatlaşdırmadan keçə bilməməsinə baxmayaraq, 1 (bir) il müddətinə iş yeri saxlanılmış, lakin o, növbəti sertifikatlaşdırmadan da keçə bilməmişdir. Bununla da onunla bağlanmış əmək müqaviləsinə doğru olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bundan başqa, İddiaçı himayəsində birinci dərəcəli əlil qardaşının olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı bununla bağlı heç bir rəsmi məlumat müəyyən edilməmişdir; iddiaçının təqdim etdiyi ailə tərkibi haqqında arayış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Buna görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin müddəaları (öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır) hazırki halda iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün tətbiq edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar