Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1517/2025 21.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçının evə köçürülməsi və cavabdeh tərəfindən onun evdə yaşamasına qarşı yaradılan süni maneələrin aradan qaldırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun ilkin sənədlər əsasında adında olan Gəncə şəhər (köhnə Quşçuluq fabrikası ərazisində olan 450 kvadratmetr) yeni Avtozavod qəsəbədi adlanan, birgə nikah dövründə əldə olunan (0,045 hektar) torpaq sahəsində inşa etdirdikləri evə onun köçürülməyi və cavabdeh tərəfindən mane olan hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri X4 tərəfindən 19 aprel 1993-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin 154 nömrəli sərəncamı ilə ona bağ yeri üçün "Quşçuluq fabriki ərazisindən 450 kvadratmetr" (0,045 hektar) torpaq sahəsi ayrılıb və bu barədə notarial təsdiq edilmiş arayış və ilkin layihə sənədlərinin surətləri iddia ərizəsinə əlavə edilmişdir-yəni həmin torpaq sahəsinə və həmin evə hüquqlarını təsdiq edən sənədlər əlindədir. Lakin o, öz evində təhlükəsiz və azad yaşaya bilmir. 2025-ci ilin yanvar ayında cavabdeh- keçmiş əri Cavabdeh ona qarşı fiziki zor tətbiq edərək onu nikah dövründə inşa etdirdiyi evdən qovmuşdur. O, həmin vaxt polisin “102” zəng xidmətinə müraciət etmiş və həmin hadisə ilə bağlı hüquqi faktlar vardır. Buna baxmayaraq, cavabdeh hələ də ona qapını bağlayır, onu evə buraxmır, onu dözümsüz hədələrlə, psixoloji təzyiqlə sındırmağa çalışır. O, evinin qapısından belə içəri buraxılmır; öz doğma evinə girişi bağlanıb. Onun keçmiş əri ilə-cavabdehlə nikahları 25 avqust 2025-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsi tərəfindən 2(040)-952/2025 saylı qətnamə ilə pozulmuşdur. Buna baxmayaraq, cavabdeh onu və uşaqlarını evdən çıxarıb, onun normal yaşamaq hüququna və hayatına təhlükə yaradır. Hazırda onun başqa heç bir yaşayış yeri yoxdur, məcburi olaraq öz anasının evinə sığınmışdır. Bu vəziyyət ona həm maddi, həm də mənəvi zərbə vurur; uşaqları ilə birlikdə normal, ləyaqətli həyat sürməkdən məhrumdur. Cavabdehin bu hərəkətləri açıq-aydın qanunaziddir; onun mülkiyyət hüququnu və evdə yaşamaq hüququnu məhdudlaşdırır və həyata keçirməyinə mane olur. O, hüquqlarının kobud şəkildə pozulması ilə üz-üzədir və bu vəziyyətin dərhal aradan qaldırılmasını xahiş edir. Hər bir halda yaşayış sahəsinin istifadəçisi tərəfindən mülkiyyətçinin hüquqları məhdudlaşdırıla və onun hüquqlarının həyata keçirilməsinə maneə törədilə bilməz. Hesab edir ki, o, həmin evə köçürülməlidir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil 09 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya qarşı yazılı etiraz göndərərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi faktların əksəriyyəti həqiqəti əks etdirmir. İddiaçı bir çox halları yanlış qeyd etmişdir. Belə ki, cavabdeh iddiaçının Gəncə şəhəri, Avtozavod qəsəbəsi adlanan ərazidə yerləşən, birgə nikah dövründə əldə etdikləri mübahisəli evə gəlməsinə və həmin evdə yaşamasına maneçilik yaratmamışdır. Əksinə, iddiaçının özü mübahisəli evdə yerləşən və tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyaların əksəriyyətini gəlib aparmaqla iddiaçının özünə həmin evdə yaşamağa maneçilik yaratmışdır. Belə ki, tərəflər 1995-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından üç övladları doğulmuşdur. Övladlarının hər üçü yetkinlik yaşına çatmışdır. İddiaçı və cavabdeh birgə nikahda olduqları dövrdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində fərdi yaşayış evi tikdirmişlər və həmin evdə yaşamışlar. Tərəflər uzun müddət ailəli olduqlarından evlərində olan əşyaların əksəriyyəti köhnəlmişdir. Buna görə də Cavabdeh evdə olan köhnə əşyaları yenisi ilə əvəz edərək hissə-hissə evə yeni əşyalar almışdır. Belə ki, həmin evə çarpayı, termo, şifonerdən ibarət olmaqla yeni yataq dəsti, 12 (on iki) ədəd stul və 1 (bir) ədəd stol, TV stend, televizor, soyuducu, paltaryuyan, 4 (dörd) ədəd xalça alınmış, həmçinin, evin otaqlarının pərdələri də yeni alınmış, bundan başqa, evə mətbəx mebeli quraşdırılmış, mətbəxdə olan avadanlıqlar yenilənmişdir. Tərəflərin arasında bir müddətdir davam edən narazılıqlardan sonra onlar arasında olan nikah Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2(040)-952/2025 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı Gəncə şəhəri, Avtozavod qəsəbəsi adlanan ərazidə yerləşən mübahisəli evdən birgə nikah dövründə əldə etdikləri və yuxarıda sadalanan əşyaların əksəriyyətini özbaşına aparıb getmişdir. Belə ki, iddiaçı evdən yataq dəstini, stol, stul dəstini, evin pərdələrini, xalçalarını, TV stendi, mətbəx mebelini söküb aparmaqla evdə yaşamaq üçün əşya qoymamışdır. Hazırda evdə qalan əşyalar televizor, soyuducu və paltaryuyandır. İddiaçının apardığı əşyalar özünün deyildir, birgə nikah dövründə əldə edilmişdir. İddiaçı həmin əşyaları özbaşına aparmaqla evi yaşamaq üçün yararsız vəziyyətə gətirmişdir və bununla da Cavabdeh hüquqlarını pozmuşdur. Cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına etiraz etmir. Lakin apardığı əşyaları gətirib evə yerləşdirməsini və aralarında otaq və əşya bölgüsü aparıldıqdan sonra hər kəsin ayrı yaşamasını, həmçinin, kommunalların da ayrılmasını tələb edir. İddiaçının özünün qəsdən istifadəsi nəticəsində həmin mübahisəli evin 200 (iki yüz) manatdan çox kommunal borcu yaranmışdır. Belə ki, onların hər birinin otaqları və kommunalları ayrıldıqdan sonra tərəflərin həmin evdə yaşamaları bir-birinə maneçilik yaratmaz. İddiaçının özünə aid otaq və kommunal xətlərdən istifadə etməsi ilə cavabdehin də hüquqları pozulmaz. Odur ki, məhkəmədən yuxarıda sadalanan halların nəzərə almasını xahiş edirlər. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 17 dekabr 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 21 yanvar 2026-cı il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının mübahisəli evin bir otağında yaşamasına etiraz etmir, lakin iddiaçının əvvəllər evdə yaşadığı müddətdə qazdan istifadəyə görə iki yüz manatdan artıq borcu yaranmışdır, hazırda o, həmin borcu ödəyə bilmir; iddiaçı hazırki qətnamə əsasında evə köçdükdən sonra əlavə olaraq qaz və işıq xətti çəkdirsin və kommunal xidmətlərdən ayrı istifadə etsin. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən yaşayış evinin bir otağına köçürülməyinə etiraz etmirlər (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir; ərizə Cavabdeh tərəfindən də imzalanmışdır). İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən X2 verilmiş 17 noyabr 2025-ci il tarixli 3-48-DA-4F/2-İ-2097//8/2025 nömrəli arxiv arayışının surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 1993-cü il tarixli 154 saylı sərəncamı ilə Çernobıl ittifaqının 16 fevral 1993-cü il tarixli 210 nömrəli məktubunu nəzərə alaraq Çernobıl hadisələri iştirakçılarına İcra Hakimiyyəti tərəfindən göndərilmiş siyahı əsasında vətəndaşlara quşçuluq fabriki ərazisindən 7,5 hektar torpaq sahəsi bağ yeri üçün ayrılmış, torpaq sahəsinin yer üzərində ölçülüb ayrılması və Gəncə Şəhər İcra Hakimiyyəti nəzdində olan bağçılıq və bostançılıq qrupunun lazımi sənədlərlə təmin edilməsi şəhərin Baş memarı Ə.Z.Məmmədov yoldaşa tapşırılmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Çernobıl Əlilləri Təşkilatı tərəfindən İddiaçı verilmiş 25 iyul 2006-cı il tarixli 21 nömrəli arayışın təsdiqlənmiş surətindən görünür ki, ona Quşçuluq fabriki ərazisində 19 aprel 1993-cü il tarixli Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 154 saylı sərəncamı ilə bağ yeri üçün 450 kvadratmetr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan: Gəncə 3 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00382) X7 tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli MŞG/MT053/2025-00201 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(040)-952/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X2 qarşı “nikahın pozulması tələbinə dair” iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında 26 noyabr 1999-cu ildə Azərbaycan Respublikası Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən 147 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 oktyabr 2025-ci il tarixdə verilmiş AZ-İ № 507281 saylı “Nikahınpozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı Kəlbəcər Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(040)-952/2025 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 07 oktyabr 2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 07 oktyabr 2025-ci il traixdə 85 nömrə ilə qeyd ediilmişdir. Nikah pozulduqdan sonra kişiyə “İsmayılov”, qadına “Əliyeva” soyadları verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 29 dekabr 2025-ci il tarixli 3-21-3-33/2-13415/2025 saylı məktubdan görünür ki, İddiaçı və Cavabdeh adlarına Gəncə şəhəri üzrə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan: X9 İstismar İdarəsi tərəfindən Cavabdeh verilmiş 17 dekabr 2025-ci il tarixli A52 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri Cavadxan (bağ yeri 503) qəsəbəsində yerləşən fərdi yaşayış evi X9 İstismar İdarəsinin Gəncə xidmət sahəsi üzrə əhali sektorunda **********05030 saylı hesab kodu altında Cavabdeh adına olmaqla 24 sentyabr 2010-cu il tarixdən qeydiyyata alınmışdır. Hal-hazırda təbii qaza görə 30 noyabr 2025-ci il tarixinə 234,55 manat borcu var. İş materiallarında olan: 16 dekabr 2025-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Abonentin saldosu”nun surətindən görünür ki, abonent nömrəsi **********05030 olan Cavabdeh Qazax MQKS, Gəncə, Bağ yeri-503 ünvanında yerləşən yaşayış sahəsinə 24 sentyabr 2021-ci il tarixdə **********1 nömrəli Zenner G4T Mexaniki tipli sayğac quraşdırılmışdır. Məhkəmə araşdırması ilə təsdiq olunur ki, tərəflər 1999-cu ildə rəsmi nikahla evlənmişlər. İddiaçı cavabdehlə ailə qurarkən yaşamaq üçün cavabdehin faktiki məskunlaşdığı, Gəncə şəhərinin Cavadxan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “bağ yeri-503” şərti ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə köçmüş, özünə məxsus cehiz əşyalarını həmin evə yığmışdır; fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər birgə nikah dövründə Gəncə şəhərinin Cavadxan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “bağ yeri-503” şərti ünvanda yerləşən fərdi yaşayış evində tikinti işləri aparmış, hal-hazırda həmin yaşayış evi birmərtəbəli olmaqla 4 (dörd) yaşayış otağı, 1 (bir) mətbəx, 1 (bir) hamam və 1 (bir) sanitar qovşağından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının: -43-cü maddəsinin birinci (İ) hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; -60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur, belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur, əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir, müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Haqları üzrə Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən, hər kəs öz əmlakından sərbəst və maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddianın predmeti olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikili olmasına baxmayaraq, həmin yaşayış sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən, həmçinin, iddiaçı əvvəllər bir neçə il həmin evdə yaşadığından və cavabdeh faktiki olaraq iddianı qəbul etdiyindən, iddia təmin edilməli və iddiaçı həmin mübahisəli evə köçürülməlidir- belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, iddia təmin edilməli, İddiaçı Gəncə şəhərinin Cavadxan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “bağ yeri-503” şərti ünvanda yerləşən birmərtəbəli, 4 (dörd) yaşayış otağı, 1 (bir) mətbəx, 1 (bir) hamam və 1 (bir) sanitar qovşağından ibarət mübahisəli fərdi yaşayış evinə köçürülməli və İddiaçı həmin evdə yaşamasına süni maneələrin yaradılması Cavabdeh qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhərinin Cavadxan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “bağ yeri-503” şərti ünvanda yerləşən birmərtəbəli, 4 (dörd) yaşayış otağı, 1 (bir) mətbəx, 1 (bir) hamam və 1 (bir) sanitar qovşağından ibarət mübahisəli fərdi yaşayış evinə köçürülsün və İddiaçı həmin evdə yaşamasına süni maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1517/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1517/2025
21.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver