Məhkəmə qərarları › İş №2(040)-406/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-406/2024

10.06.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-406/2024 10.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “bacısı X2 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, bacısı X2 15 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 onun doğma bacısı olmuş, 15 dekabr 2016cı il tarixdə Yevlax şəhərində vəfat etmiş, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum bacısı X2 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda müəyyən mülki hüquqlarının həyata keçirilməsi zərurəti ilə əlaqədar mərhum bacısının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinə ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, Maraqlı şəxs1 05 iyun 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək mülki işin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, odur ki, işə iştirakları olmadan baxılaraq qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, bacısı X3 02 noyabr 1957-ci ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş, 15 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etmişdir. X1 rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda bacısı Şəfiqə Şahverdiyevaya ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinin 22 fevral 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum bacısı X2 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur. X3 16 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etmiş, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X2 16 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etməsini və Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X3 16 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etmişdir. O, qonşu olaraq mərhumun dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X2 16 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etməsini və Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X3 16 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etmişdir. X4 ləqəbi Nübar olmuşdur və mərhumu nübar kimi tanımışdır. O, qonşu olaraq mərhumun dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X2 16 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etməsini və Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 22 fevral 2024-cü il tarixli 05/0-521 nömrəli məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Yevlax Rayon İcra Hakimiyyəti başçısının Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 iyun 2024-cü il tarixdə verilmiş 5-9- 12/2-269/2024 saylı arayışdan görünür ki, X3 02 noyabr 1957-ci ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuşdur, Kəlbəcər rayonunun Oruclu kəndində qeydiyyatdadır, məcburi köçkün kimi Yevlax rayonunun Malbinəsi kəndində məskunlaşmışdır. X2 həyat yoldaşı X9 vəfat etmişdir, onların övladı olmamışdır. X2 atası və anası vəfat etmişdir. Ərizəçi həqiqətən də mərhumun qardaşıdır. İş materiallarında olan: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən 21 fevral 2024-cü il tarixdə verilmiş PHŞ-1237/24 saylı arayışdan görünür ki, 15 dekabr 2016-cı il tarixdə Yevlax rayon Mərkəzi Xəstəxanasına TTTYS-na çağırış daxil olmuşdur. Çağırış üzrə təcili yardım briqadası X2 yaşadığı ünvana göndərilmişdir. Təcili yardım briqadası çatanadək artıq ölüm baş vermişdir. Həkim verdiyi məlumata əsasən “həkimə qədər ölüm” olmuşdur. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 02 noyabr 1957-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X3 15 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində vəfat etmiş, Yevlax rayonunun Malbinəsi kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 02 noyabr 1957-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X2 15 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 noyabr 1957-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Oruclu kəndində doğulmuş X2 15 dekabr 2016-cı il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar