Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-530/2025 06.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçilər – Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “birgə qeyri-rəsmi nikahlarından uşağın doğulması faktının müəyyən edilməsinə dair” birgə ərizələri üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, birgə qeyri-rəsmi nikahlarından 04 aprel 2024-cü il tarixdə Goranboy rayonunun Meşəli kəndində Mirzə adlı oğlan uşaqlarının doğulması faktının müəyyən edilməsi və şəhadətnamədə uşağın adının Mirzə, soyadının Salmanov, doğum yerinin Azərbaycan Respublikası Goranboy rayonunun Meşəli kəndi, milliyyətinin azərbaycanlı, atasının milliyyətcə azərbaycanlı, xx xxxx 1999-cu ildə Goranboy rayonunun Meşəli kəndində doğulmuş Ərizəçi1, anasının milliyyətcə azərbaycanlı, xx xxxxxxx 2006-cı ildə Goranboy rayonunun Meşəli kəndində doğulmuş Ərizəçi2 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, onlar el adəti ilə ailə qurmuş, lakin nikahlarını bir qədər gec, yəni 17 yanvar 2025-ci il tarixdə 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə bir uşaqları olmuş, uşaq ev şəraitində doğulduğu üçün bu günə kimi onun doğumunu qeydiyyata aldıra bilməmişlər. Şəhadətnamə almaq üçün ərazi üzrə yaşadıqları Maraqlı şəxs1nə müraciət etmişlər, lakin müraciətləri müsbət həll edilməmiş, qeyd olunan faktın məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etmələri izah olunmuşdur. Hazırda övladına doğum şəhadətnaməsi ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə 06 may 2025-ci il tarixdə ərizə təqdim edərək, birgə qeyri-rəsmi nikahlarından 04 aprel 2024-cü il tarixdə Goranboy rayonunun Meşəli kəndində Mirzə adlı oğlan uşaqlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o, Ərizəçi2 ilə el adəti ilə ailə qurmuş, rəsmi nikahlarını bir qədər gec qeydiyyata aldırmışlar. Birlikdə yaşadıqları müddətdə 1 oğlan övladları doğulmuş, lakin uşaq ev şəraitində doğulduğu üçün bu günə kimi uşağın doğumunu qeydiyyata aldıra bilməmişlər. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etsələr də, həmin orqandan müsbət cavab əldə edə bilməmişlər. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsi, Ərizəçi2 ilə birgə nikahından 04 aprel 2024-cü il tarixdə Goranboy rayonunun Meşəli kəndində Mirzə adlı oğlan uşaqlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Ərizəçi1 dayısının yoldaşıdır. Qədir Ülviyyə ilə ailə qurmaqla qeyri-rəsmi nikahda olmuş, onların 04 aprel 2024-cü ildə Mirzə adlı uşaqları doğulmuşdur. Uşaq evdə doğulmuşdur. O, şahid olaraq, Ərizəçi1 arvadı Ülviyyənin 04 aprel 2024-cü ildə Goranboy rayonunun Meşəli kəndində kişi cinsindən uşaq doğmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Ərizəçi1 onun oğludur. Qədir Ülviyyə ilə ailə qurmaqla qeyri-rəsmi nikahda olmuş. Onların uşağı evdə doğulmuşdur. Uşağa Mirzə adı qoymuşlar. O, şahid olaraq, Ərizəçi1 arvadı Ülviyyənin 04 aprel 2024-cü ildə Goranboy rayonunun Meşəli kəndində kişi cinsindən uşaq doğmasını təsdiq edir. İş materiallarında olan: AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1999-cu ildə doğulmuşdur. İş materiallarında olan: AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxx 2006-cı ildə doğulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli 3-16-5/8-15-374/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi2 04 aprel 2024-cü il tarixdə doğulmuş kişi cinsinə məxsus uşağının doğum qeydi ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının “X1 sistemində” aşkar edilməmişdir. İş materiallarında olan: 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2024-cü il tarixdə verilmiş AZ-İİ № 656508 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında nikah 17 yanvar 2025-ci il tarixdə 78 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Salmanov”, arvada “Salmanova” soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: “Konstitusiya”) 17-ci maddəsinin 6-cı hissəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. -46-3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadı əvəzinə ananın soyadı yazılır, uşağın atasının və babasının adı uşağın anasının göstərişi ilə yazılır. -53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -166.2-ci maddəsinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. -166.3-cü maddəsinə əsasən, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. -167-ci maddəsinə əsasən, doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. -168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -168.2-ci maddəsinə əsasən, atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: -1.1-ci bəndinə əsasən, bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. -2.1-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. -2.2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. -2.5-ci bəndinin müddəalarından görünür ki, doğumun qeydə alınması üçün müvafiq sənədlər təqdim edilməlidir. -2.6-cı bəndinin müddəalarından görünür ki, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçilərin tələblərinin əsaslı olmasını təsdiq edir. Ona görə də Ərizəçi1 ilə Ərizəçi2 birgə qeyri-rəsmi nikahından 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Meşəli kəndində kişi cinsindən bir uşağın doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçilər - xx xxxx 1999-cu ildə Azərbaycan Respublikasınnın Daşkəsən rayonunun Çovdar kəndində doğulmuş Ərizəçi1 ilə xx xxxxxxx 2006-cı ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunda doğulmuş Ərizəçi2 birgə qeyri-rəsmi nikahından 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Meşəli kəndində kişi cinsindən olan bir uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-530/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-530/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver