Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-630/2025 01.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə1 və Cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbin direktoru Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbə qarşı “müəllim vəzifəsinə bərpa edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbin direktoruna qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbin direktorunun 2020-ci il tarixli, onlara məlum olmayan əmrinin etibarsız hesab edilərək müəllimə kimi işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi 07 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur). İddia onunla əsasıandırılmışdır ki, o, 2003-cü ildən Bərdə rayonunun Qarayusifli kəndində fəaliyyət göstərən Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbində X3 rəhbəri vəzifəsinə təyin edilmiş, həmçinin həmin məktəbdə 2006-cı ildən müəllim kimi işləmişdir. 2020-ci ildən vəzifədə işlədiyi üçün dərs saatları əlindən alınmışdır. 2024-cü ildə X4 ixtisar olduğuna görə, o, 16 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 70-ci maddəsinin “b” bəndinə əsasən 381 nömrəli əmrlə X3 rəhbəri vəzifəsindən azad edilmişdir. Halbuki himayəsində iki azyaşlı övladı vardır. Hesab edir ki, müəllim kimi işinə bərpa edilməlidir. İşinə bərpa edilməsi üçün əvvəlcə mediasiya qurumuna müraciət etmiş, lakin cavabdeh mediasiyaya gəlməkdən rəsmi imtina etmişdir- mediator bu barədə məhkəməyə müraciət etməsi üçün 28 noyabr 2024-cü il tarixli 00004 saylı rəsmi arayış vermişdir. Hesab edir ki, Əmək Məcəlləsində göstərilən maddələrə uyğun olaraq işinə bərpa edilməsi zəruridir. Onun 2020-ci ildə əsassız olaraq dərs saatını əlindən alıblar. 2024-cü ildə isə sözügedən məktəbdə uşaq sayı az olduğu üçün hazırki vəzifədən də azad edilmişdir. O, 14 il müəllim işlədiyinə görə, onunla müddətli yox, müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Qeyd edir ki, onun 2020ci ildə müəllim kimi əmək müqaviləsinə xitam verilsə də, bugünə kimi əmrini almamışdır. Lakin 16 sentyabr 2024-cü il tarixdə verilən X3 rəhbəri vəzifəsindən azadedilmə əmrini isə vaxtını keçirmədən alıb mediasiyaya müraciət etmişdir. Müəllim kimi dərs saatının verilməməsinin səbəbini öyrənmək üçün dəfələrlə məktəb direktoruna və Kəlbəcər Rayon Təhsil Şöbəsinə şifahi müraciət etsə də, ona vəzifədə işlədiyini, dərs saatlarının az olması səbəbindən ona dərs saatı verə bilmədiklərini demişlər. Hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra- Mülki Prosessual Məcəllə) 85.1-ci maddəsinə əsasən, özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilər. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir ki, sözügedən sənədlər əldə edilsin. Onun müəllimlik dərs saatlarını necə ləğv ediblər, xitam ediblər- bilmir. Həmin əmri əldə etdikdən sonra Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsində əlavə dəyişiklik edə bilər. İddiaçının nümayəndəsi Nümayəndə1 05 iyun 2025-ci il tarixli hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı müəllim kimi işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 07 may 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə bağlı 29 may 2025-ci il və 05 iyun 2025-ci il tarixlərə təxirə salınmış, məhkəmə baxışı iclası 01 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında sədrlik edənin əsl olmayan tərəf- Kəlbəcər rayonu 46 saylı ümumi orta məktəbin əsl tərəf- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X7 təhsil idarəsi ilə əvəz edilməsinə dair təklifi cavabdehin nümayəndəsi tərəfindən qəbul edilməmişdir. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər; iddiaçı nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə1 məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinin və əlavə dəqiqləşdirmə ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbin direktoru Nümayəndə2 məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul edərək və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan: Kəlbəcər rayonu 46 saylı ümumi orta məktəb tərəfindən 03 sentyabr 2003-cü ildə X1 (nikahaqədərki soyadı ilə-hakimin qeydi) adına verilmiş “0157096” nömrəli əmək kitabçasının təsdiqlənməmiş fotosurətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, İddiaçı məktəb direktorunun 03 sentyabr 2003-cü il tarixli 35/5 nömrəli əmri ilə 46 saylı Kəlbəcər əsas məktəbinə X3 (UYB) rəhbəri vəzifəsinə təyin edilmiş, 01 sentyabr 2006-cı il tarixli 03 nömrəli əmrlə Kəlbəcər rayonu 46 saylı əsas məktəbində X3 rəhbəri vəzifəsi qalmaqla eyni zamanda ibtidai sinif müəllimi təyin edilmiş, 16 sentyabr 2024-cü il tarixli 381 nömrəli əmrlə Kəlbəcər rayon 46 saylı ümumi orta məktəbin UYB rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə-hakimin qeyd) xitam verilmişdir. İş materiallarında olan: Kəlbəcər rayonu 46 saylı ümumi orta məktəbin 2001-2007-ci illəri əhatə edən 02 nömrəli əmrlər kitabından 39-cu vərəqin fotosurətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, məktəb direktorunun 15 sentyabr 2006-cı il tarixli 05 nömrəli əmri ilə məktəb üzrə müəllimlərə dərs bölgüsü keçirilmiş, o cümlədən “Məmmədova Gültəkin”ə ikincidördüncü siniflər üzrə- dörd saat, beşinci- altıncı siniflər üzrə- iki saat olmaqla, cəmi altı saat dərs yükü ayrılmışdır. İş materiallarında olan: Kəlbəcər rayonu 46 saylı ümumi orta məktəbin 2007-ci ildən hal-hazıradək olan dövrü əhatə edən 03 nömrəli əmrlər kitabından 8-ci vərəqin fotosurətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, məktəb direktorunun 15 sentyabr 2008-ci il tarixli 07 nömrəli əmri ilə məktəb üzrə müəllimlərə dərs bölgüsü keçirilmiş, o cümlədən “Məmmədova Gültəkin”ə ikinci-dördüncü siniflər üzrə- altı saat, beşinci sinif üzrə- bir saat olmaqla, cəmi yeddi dərs saatı ayrılmışdır. İş materiallarında olan: Kəlbəcər rayonu 46 saylı ümumi orta məktəbin 2007-ci ildən hal-hazıradək olan dövrü əhatə edən 03 nömrəli əmrlər kitabından 17 sentyabr 2018-ci il tarixli 135 nömrəli əmrin fotosurətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, məktəbdə X3 rəhbəri vəzifəsində işləyən İddiaçı birinci -üçüncü siniflər üzrə “həyat bilgisi” fənni- iki saat, ikinci- dördüncü siniflər üzrə “həyat bilgisi” fənni üzrə- iki saat, birinci- üçüncü siniflər üzrə “fiziki tərbiyə” fənni- iki saat olmaqla, cəmi altı saat dərs saatı verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 Qarabağ regional məşğulluq filialının müdir müavini (müdir vəzifəsini müvəqqəti icra edən) Anar Əzəmmədovun imzası ilə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 02 iyun 2025-ci il tarixli 3-17-2/2-24702/2025 saylı məktubda: “İddiaçı adına Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminin əmək müqviləsi bildirişləri üzrə hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir; vətəndaşın X7 Təhsil İdarəsi ilə 11 noyabr 2022-ci il tarixdə bağladığı əmək müqaviləsinə (UYBR) 22 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir” məlumatı göstərilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimovun imzası ilə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 29 may 2025-ci il tarixli 3-17-5/2- 49450/2025 saylı məktubdan (məktuba əlavə edilmiş cədvəldən) görünür ki, X3 rəhbəri (UYBR) vəzifəsinə görə İddiaçı ilə 11 noyabr 2022-ci ildə bağlanmış müddətsiz əmək müqaviləsinə 22 oktyabr 2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan: əmək müqaviləsinə xitam verilməsi barədə 16 sentyabr 2024cü il tarixli 381 nömrəli əmrin təsdiqlənməmiş surətindən görünür ki, “Kəlbəcər rayonu üzrə təhsil sektoru/ümumi təhsil müəssisələr/Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbi” bölməsində X3 rəhbəri işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən – “işçilərin sayı və ya ştatlar ixtisar edildikdə”- 22 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan: İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə1 05 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsində cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbə qarşı “cavabdeh Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbin direktorunun 2020-ci ildə onlara məlum olmayan əmrinin etibarsız hesab edilərək İddiaçı müəllim kimi işinə bərpa edilməsi tələbinə dair” iddia qaldırmışdır; hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır, odur ki, İddiaçı iyirmi bir il fasiləsiz pedaqoji işçi işləməsini və on dörd il müəllim kimi fəaliyyət göstərməsini, səbəbsiz dərslərinin əlindən alınmasını nəzərə alaraq müəllim kimi işə bərpa olunması barədə qətnamə qəbul edilməsini, hazırki tələb əsasında iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə araşdırması nəticəsində İddiaçı Kəlbəcər rayonu 46 nömrəli ümumi orta məktəbdə müəllimlik fəaliyyəti ilə bağlı (əsas və ya əlavə iş yeri olaraq) qüvvədə olan və ya xitam edilmiş əmək müaviləsinin mövcudluğu aşkar edilməmişdir. Bundan başqa, Kəlbəcər rayonu 46 saylı ümumi orta məktəb tərəfindən 03 sentyabr 2003-cü ildə X1 adına verilmiş “0157096” nömrəli əmək kitabçasının 2-3-cü səhifələrində İddiaçı 01 sentyabr 2006-cı il tarixli 03 nömrəli əmrlə 46 saylı Kəlbəcər Əsas Məktəbində X3 rəhbəri vəzifəsi qalmaqla eyni zamanda ibtidai sinif müəllimi təyin edilməsinə dair əmrin əsli məktəbin əmrlər kitabında aşkar edilməmişdir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır; hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: “Əmək Məcəlləsi”): -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir; -3-cü maddəsinin 5-ci hissəsindən görünür ki, əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; -7-ci maddəsinin 2-ci hissəsinin 01 iyun 1999-cu il tarixdən 05 fevral 2014-cü il tarixədək qüvvədə olmuş mətnindən görünür ki, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.-9-cu maddəsinin “q” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır; -7-ci maddəsinin 2-ci hissəsinin 05 fevral 2014-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək tarixədək qüvvədə olmuş mətnindən görünür ki, əmək münasibətləri “elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; -7-ci maddəsinin 2-ci hissəsinin 13 avqust 2024-cü il tarixdən hal-hazıradək qüvvədə olan mətnindən görünür ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; -12-ci maddəsinin 1-ci hissəsindən görünür ki, əmək münasibətləri sahəsində işəgötürənin ö cümlədən aşağıdakı əsas vəzifələri vardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq...(həmin maddədə digər vəzifələr də sadalanır); -44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır; -68-ci maddəsinin: 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi iləəlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; -70-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi işəğötürən tərəfindən ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. -76-cı maddəsinin: 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. -81-ci maddəsinin: 1-ci hissəsinə əsasən, kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər, 2-ci hissəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. -287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. -288-ci maddəsinin müddəalarından görünür ki, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. -289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. -290-cı maddəsinin 1-ci hissəsinə əsasən, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs işləmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, habelə işsizlikdən müdafiə hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 7-ci maddəsinin birinci abzası və 3-cü bəndinin müddəalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib işşəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və ixtisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərait imkanını tanıyır. “Avropa Sosial Xartiyası”nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər bir kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq imkanı olmalıdır. 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir; -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan (o cümlədən əsl olmayan tərəfə verildiyindən), təmin edilməməlidir (rədd edilməlidir). Belə ki, İddiaçı 46 saylı Kəlbəcər Əsas Məktəbinin direktorunun 01 sentyabr 2006-cı il tarixli 03 nömrəli əmri ilə əvəzçilik qaydasında (Kəlbəcər rayonu 46 saylı əsas məktəbində X3 rəhbəri vəzifəsi qalmaqla) həmin məktəbdə ibtidai sinif müəllimi təyin edilməsi mülki işin mübahisələndirilməyən halı olsa da, tərəflər arasında bununla bağlı əmək müqaviləsi bağlanmamışdır. Həmçinin iş materiallarında da İddiaçı müəllimlik fəaliyyəti ilə bağlı əmək müqaviləsi aşkar edilməmişdir. Belə olan halda iddiaçının həmin məktəbdə müəllim vəzifəsinə bərpası mümkün ola bilməz. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin dövlət təşkilatı olması nəzərə alınmaqla, hazırki halda cavabdehin iddianı etiraf etməsi iddianın təmin edilməsinə əsas ola bilməz- belə ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsindən görünür ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir; belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bundan başqa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4-cü bəndindən görünür ki, müəllimlərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri (hazırki halda X7 Təhsil İdarəsi-hakimin qeydi) tərəfindən həyata keçirilir. Məhkəmə iddiaçıya izah edir ki, zamanında işçinin işəgötürəni olmuş (işçini işə qəbul etmiş) və ya işdən azad etmiş vəzifəli şəxs əmək mübahisəsinin yarandığı zaman artıq işçini işə qəbul etmək səlahiyyətində deyildirsə, əmək mübahisəsinin tərəfi ola bilməz, belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsindən görünür ki, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-630/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-630/2025
01.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver