Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-756/2025 05.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, Ərizəçi-Ərizəçi “ona şəhid ailəsi statusu verilməsinə dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona şəhid ailəsi statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsində onu idarədən sürücü kimi “N” saylı hərbi hissəyə xidmət etmək üçün göndərmişdilər. Hal-hazırda müharibə veteranıdır. 1993-cü ilin aprel ayında erməni birləşmələrinin Kəlbəcər rayonunu işğal edən ərəfədə atası X2, qardaşı X1 itkin düşmüşlər. 2025-ci ilin yanvar ayının 7-də Dövlət Təhlükəsizlik Xidməti onu Bakı şəhərinə çağıraraq DNT analizi götürmüşlər. Yuxarıda göstərilənlərə və göndərdiyi sənədlərə əsasən Azərbaycan Respublikasının qanununa uyğun olaraq ona şəhid ailəsi statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, ərizənin mülki məhkəmə icraatında baxılması yolverilməz olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: -306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. -308-ci maddəsinə əsaəsən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsindən görünür ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsində qeyd edilir ki, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin: -153.2 və 153.2.1-ci maddələrinin müddəalarından görünür ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. -153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. -153.4-cü maddəsinə əsasən,ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəçiyə izah edilir ki, ona şəhid ailəsi statusunun verilməsi inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə daxildir və ərizədə göstərilən məsələnin həll edilməsi üçün onun birbaşa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququ vardır; inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Ərizənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməsinin vacibliyi də ərizəçinin diqqətinə çatdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi “ona şəhid ailəsi statusunun verilməsi barədə” ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər məhkəmənin icraatına qəbul edilmədən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-756/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-756/2025
05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver