Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-77/2025 24.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs- Mingəçevir Şəhər X1 nümayəndəsi (həkim-psixiatr) Nümayəndə iştirakları ilə, Ərizəçi “övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 24 fevral 1982-ci ildə doğulmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1956-cı ildə Kəlbəcər rayonunda doğulmuş, hazırda Mingəçevir şəhəri “Yeni Həyat” məcburi köçkün qəsəbəsi B-67 nömrəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. 24 fevral 1982-ci ildə övladı X6 anadan olmuşdur; övladı Şahnaz anadangəlmə əqli qüsurlu xəstədir, şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyasının verdiyi arayışda “paranoid şizofreniya, sağ tərəfli şiddətlənən gedişli, deffekt vəziyyət” diaqnozu təyin edilmişdir. Qızı Şahnazın birinci dərəcə əlilliyi təyin edilmiş və əqli və fiziki işlərdə işləməsi qadağandır; indiyə kimi Şahnaza o baxmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə müavinət təyin olunur. Həmin müavinətin alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Mingəçevir şəhər şöbəsinə rəsmi müraciət etmiş və ondan qəyyumluğa aid sənəd tələb etmişlər, ona bildirmişlər ki, əvvəlcə övladının fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 04 dekabr 2024-cü il tarixə təyin edilmiş, həmin məhkəmə iclasında iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olananadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 21 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 06 fevral 2025-ci il tarixə təyin edilmiş və həmin tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 24 fevral 2025-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxs)- X6 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə rəsmi məlumat daxil olmamışdır. Maraqlı şəxs X3 anası- Ərizəçi məhkəmə iclasında X3 xəstəlik səbəbindən məhkəmə iclasında iştirak etmək iqtisarında olmadığını bildirmişdir Məhkəmə maraqlı şəxs X3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış digər maraqlı şəxs- Maraqlı şəxs1 başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Maraqlı şəxs1 başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, övladı X6 24 fevral 1982-ci ildə anadan olmuşdur; Şahnaz anadangəlmə əqli qüsurlu xəstədir, şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspert Komissiyasının verdiyi arayışda “paranoid şizofreniya, sağ tərəfli şiddətlənən gedişli, deffekt vəziyyət” diaqnozu təyin edilmişdir. Qızı Şahnazın birinci dərəcə əlilliyi təyin edilmiş və əqli və fiziki işlərdə işləməsi qadağandır. İndiyə kimi övladı Şahnaza özü baxmışdır. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs -Mingəçevir Şəhər X1 nümayəndəsi (həkim-psixiatr) Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz etməyərək izahatında bildirmişdir ki, X6 2001-ci ildən onun xəstəsi olmuşdur; Şahnaz şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi xəstəlikdən əziyyət çəkir: özünü idarə edə bilmir, ev işləri görmür, yersiz hərəkətlər edir, yersiz gülür, əqli qüsurludur, fiziki olaraq fəaliyyət qabiliyyəti yoxdur; artıq qırx üç yaşı var, lakin özünü uşaq kimi aparır. Həmin xəstəlik Şahnazda on dörd- on beş yaşında biruzə vermiş və onun ağlı həmin yaşda qalır. Əqli cəhətdən böyüyüb inkişaf eləmir. Həmin xəstələrdə şəxsiyyətin parçalanması prossesi gedir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi kürəkəni, Şahnaz Çərkəzovanın da bacısının əridir. Şahnazda həmin xəstəlik onun Şahnazı tanımasından sonra yaranmışdır. X6 əqli qüsurludur: özünü idarə edə bilmir və öz hərəkətlərinin mənasını başa düşmür. Şahid X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi və Məhbuzənin övladı X6 ilə qonşudurlar. Şahnaz Çərkəzova əqli cəhətdən xəstədir; deyilənləri anlamır, özünü idarə edə bilmir və öz hərəkətlərinin mənasını başa düşmür, hətta Şahnazla ünsiyyətdə olmadan da adi müşahidə ilə Şahnazın xəstə olduğu məlum olur. İş materiallarında olan: Kəlbəcər rayon Qamışlı kənd soveti tərəfindən 05 mart 1982ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 fevral 1982-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuşdur; atası- Maraqlı şəxs3, anası- Ərizəçidır (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi). İş materiallarında olan: AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, X6 24 fevral 1982-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mingəçevir şəhər Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01№067446 saylı arayışdan görünür ki, X5 müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 11 yanvar 2022-ci il tarixinə “əlillik haqqında arayış”dan görünür ki, 24 fevral 1982-ci il tarixdə doğulmuş X5 “paranoid şizofreniya, sağ tərəfli şiddətlənən gedişli. deffekt vəziyyət diaqnozu təyin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Gəncə regional ambulator şöbəsinin 17 dekabr 2024-cü il tarixli 937 saylı ekspertiza rəyindən görünür ki, X4 “şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0” xəstəliyi vardır; xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir- bu səbəbdən, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 24 fevral 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X6 “şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10” diaqnozu ilə xəstədir, birinci dərəcəli müddətsiz əlildir, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir, daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəlləsi): -28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; -28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir; -28.8-ci maddəsindən görünür ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər; onlar üzərində qəyyumluq müəyyənləşdirilir; fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır; fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər; -28.9-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır, onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir; -34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə ərizə təmin edilməli, Ərizəçi övladı- 24 fevral 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonu Qamışlı kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə X6 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 fevral 1982-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-77/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-77/2025
24.02.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver