Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-926/2025 13.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbə qarşı “əmək hüquqlarının bərpa edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəb tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli 153, paraqraf 1 saylı əmrlə əmək müqaviləsinə xitam verilməsi və 01 dekabr 2020-ci il tarixli 153, paraqraf 2 saylı əmrlə “kiçik xidmətçi” vəzifəsinə təyin edilmə barədə əmrlərin ləğv edilməsi və onun 01 dekabr 2020-ci il tarixdən “komputer üzrə laborant” vəzifəsinə bərpa edilməsi, həmçinin 01 dekabr 2020-ci il tarixdən hüquqlarının bərpa edildiyi tarixədək “kiçik xidməti işçi” vəzifəsi ilə “komputer üzrə laborant” vəzifəsi arasındakı əməkhaqqı fərqinin ödənilməsi, 60 (atmış) manat mediasiya xərcinin və vəkil xidməti üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 26 yanvar 2018-ci il tarixində 228 saylı əmr ilə Cavabdeh “komputer üzrə laborant” vəzifəsinə işə qəbul olmuşdur. Həmin tarixdən bu vaxta qədər "komputer üzrə laborant" vəzifəsində çalışır. Lakin 08 may 2025-ci il tarixdə məktəbdən əmək kitabçasının surətini əldə etdikdən sonra ona məlum olmuşdur ki, məktəbin direktoru 01 dekabr 2020-ci il tarixdə “153, paraqraf 1” nömrəli əmrlə qanunsuz olaraq, qanunun maddəsinə, bəndinə istinad etmədən "laborant ştatı azaldığına görə bağlanmış əmək müqaviləsinə xitam verilsin" əsası ilə onu işdən azad etmiş və həmin tarixdə yenə qanunsuz olaraq “153, paraqraf 2” saylı əmrlə “kiçik xidmətçi” vəzifəsinə təyin etmişdir. Onun “kiçik xidmətiçi” vəzifəsinə təyin edilməsindən məlumatı olmamış və bir gün də həmin vəzifə üzrə iş görməmişdir. Qeyd etdiyi kimi, hal hazırda da “komputer üzrə laborant" vəzifəsində çalışır. Bundan başqa, X11 Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun məktubunda qeyd edilmişdir ki, onun müraciəti əsasında məktəb direktorunun izahatı alınmış, məktəbin əmr kitablarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 2019-cu ilin oktyabr ayında məktəbdə komputer sayı kifayət etmədiyi üçün "komputer laborantı" ştatı ixtisar edilmiş və onun işsiz qalmaması üçün onu “kiçik xidməti işçi” vəzifəsinə keçirmişlər. Bundan sonra 01 dekabr 2020-ci ildə isə "komputer üzrə laborant” vəzifəsi bərpa edilmiş və bu zaman həmin vəzifəyə şəhid ailəsi üzvü təyin edilmişdir. Əmək kitabçasına və Kəlbəcər Rayonu Üzrə Təhsil Sektorunun məktubuna baxdıqda görünür ki, təhsil sektorunun məktubundan qeyd edilənlərlə əmək kitabçasında yazılanlar uyğunluq təşkil etmir. Belə ki, əgər 01 dekabr 2020-ci ildə həmin məktəbdə “komputer üzrə laborant” vəzifəsi bərpa edilmişsə, nə üçün o, həmin vaxt laborant ştatı ixtisar edildiyinə görə işdən azad olunub "kiçik xidməti isçi" vəzifəsinə keçirilmişdir? Həmçinin, o, bütün bunlardan xəbərsiz olmuş və həmin tarixdən bu vaxta qədər “komputer üzrə laborant" vəzifəsində çalışmışdır. Bundan başqa, məktubda qeyd edilən şəxs X4 şəhid ailəsi üzvü olmamışdır. O, məktəbin direktorunun bacısı qızı olmuşdur. Odur ki, hesab edir ki, onun əmək müqaviləsinin ləğvi ilə bağlı 01 dekabr 2020-ci il tarixli 153, paraqraf 1 saylı və “kiçik xdməti işçi” vəzifəsinə təyin edilməsi barədə 01 dekabr 2020-ci il tarixli 153, paraqraf 2 saylı əmrlər qanunsuz verilmiş, işəgötürən tərəfindən əmək qanunvericiliyinin normaları kobud şəkildə pozulmuş və nəticədə onun işçi kimi hüquqları pozulmuşdur. Əlavə olaraq bildirir ki, “kiçik xidmətçi” vəzifəsinə təyin edilməsi barədə ona rəsmi xəbərdarlıq edilməmiş, əmək funksiyasının dəyişdirilməsi, başqa işə keçirilmə onunla razılaşdırılmamış və ümumiyyətlə belə bir əmrin qəbul edilməsindən məlumatı olmamışdır. Mübahisələndirilən əmrlər əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, cavabdeh onu işdən azad edərkən və digər vəzifəyə təyin edərkən qanunsuz və əsassız əmr vermişdir. 10 may 2025-ci il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və bu vaxtdan iddia müddəti dayanmışdır. Bundan sonra 13 iyun 2025-ci il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Göründüyü kimi, 10 may 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixə qədər iddia müddətinin axımı dayanmışdır. Bu səbəbdən də, fərdi əmək mübahisəsinin həll edilməsi üçün nəzərdə tutulan 1 (bir) aylıq iddia müddəti ötürülməmişdir. İddiaçı 11 avqust 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəb tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli 153, paraqraf 1 saylı əmrlə əmək müqaviləsinə xitam verilməsi barədə və 01 dekabr 2020-ci il tarixli 153, paraqraf 2 saylı əmrlə “kiçik xidmətçi” vəzifəsinə təyin edilmə barədə əmrlərin ləğv edilməsi, 02 oktyabr 2019-cu il tarixli xadimə vəzifəsinə təyin edilmə barədə əmək müqaviləsinin və 21 noyabr 2022-ci il tarixli xidmətedici işçi vəzifəsinə təyin edilmə barədə əmək müqaviləsinin etibarsız hesab edilməsi, onun 01 dekabr 2020-ci il tarixdən “komputer üzrə laborant” vəzifəsinə bərpa edilməsi, “komputer üzrə laborant” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması barədə bildirişin cavabdeh tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi, həmçinin 01 dekabr 2020-ci il tarixdən hüquqlarının bərpa edildiyi tarixədək “kiçik xidməti işçi” vəzifəsi ilə “komputer üzrə laborant” vəzifəsi arasındakı əməkhaqqı fərqinin ödənilməsi, 60 (atmış) manat mediasiya xərcinin və vəkil xidməti üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və nümayəndəsi (vəkil) Nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə tərəfindən “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs” qismində məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X11 təhsil idarəsinin nümayəndəsi də, rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 Təhsil İdarəsinin nümayəndəsinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında 01 oktyabr 2019-cu il tarixdə bağlanan yazılı əmək müqaviləsində imzanın İddiaçı aid olub-olmaması ilə bağlı müvafiq ekspertiza keçirilmiş, ekspert rəyindən də görünür ki, həmin imza iddiaçı tərəfindən imzalanmamışdır. Bundan əlavə, 2022-ci ildə bağlanan əmək müqaviləsinin elektron qaydada bağlanıldığı cavabdeh tərəfindən bildirilmişdir, lakin Əmək Məcəlləsinə 28 iyun 2024-cü il tarixdə dəyişiklik edilmiş, həmin müddətədək əmək müqaviləsinin elektron qaydada bağlanması ilə bağlı tələb olmamışdır. Həmçinin bir gün içində heç bir bildiriş, xəbərdarlıq edilmədən işçi ştatının ixtisar edilməsini və işçinin yeni vəzifəyə keçirilməsini qanunsuz və əsassız hesab edirlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktoru X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ərizəsində göstərdikləri faktlar doğru deyildir. Belə ki, cavabdehin vəzifəsinin dəyişdirilməsi barədə məlumatı olub: əmrlə tanış olmuş, hər ay vəzifəsinə uyğun olaraq əmək haqqı almışdır. İddiaçını ümumiyyətlə işdə tapmaq olmurdu. İddiaçı heç vaxt xidmətçi vəzifəsini icra etməmiş, işə gəldiyi nadir vaxtlarda isə yalnız kompyuterdə işləmişdir. Həmçinin, iddiaçı iddia müddətini ötürmüşdür (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İddiaçı hal-hazırda məktəbdə xadimə ştatında işləyir, lakin komputerdə yazı yazmaqda köməklik göstərir. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: 157824 nömrəli əmək kitabçasının 6-9-cu səhifələrinin surətindən görünür ki, Nəbiyeva (hal-hazırda “Niyazova”dır) Gülnar Famil qızı 26 yanvar 2018-ci il tarixli 228 nömrəli əmrlə Cavabdeh “komputer üzrə laborant” təyin edilmiş, 01 dekabr 2020-ci il tarixli “153 paraqraf 1” saylı əmrlə laborant ştatı azaldığına görə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 01 dekabr 2020-ci il tarixli “153 paraqraf 2” saylı əmrlə laborant işini aparmaq şərti ilə kiçik xidməti işə təyin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X11 təhsil idarəsi Kəlbəcər rayonu üzrə təhsil sektoru tərəfindən Cavabdeh kiçik xidməti işçisi İddiaçı ünvanlanmış 08 may 2025-ci il tarixli 3-29-33/2-455/2025 nömrəli məktubundan görünür ki, onun Kəlbəcər Rayonu üzrə Təhsil Sektoruna ünvanladığı şikayət ərizəsi Kəlbəcər Rayonu üzrə Təhsil Sektoru tərəfindən araşdırılmışdır. Məsələ ilə bağlı Cavabdeh direktoru X3 yazılı izahat alınmış və məktəb üzrə əmr kitablarına baxış keçirilmişdir. Əmr kitabına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, o, 26 yanvar 2018-ci ildə Kəlbəcər Rayon Təhsil Şöbəsi müdirinin müvafiq tapşırığı ilə əsassız şəkildə yaradılan komputer laborantı ştatı üzrə işə götürülmüşdür. Komputer laborantı ştatının verilməsi üçün məktəbdə komputer sayı kifayət etmədiyinə görə komputer laborantı ştatı 2019-cu ilin oktyabr ayında ixtisar olunmuşdur. Onun işsiz qalmamağı məqsədilə məktəbdə vakant olan kiçik xidməti işçi vəzifəsinə təyin olunmuşdur. 01 dekabr 2020-ci il tarixdə Cavabdeh komputer laborantı ştatı bərpa olunmuş və bu ştat şəhid ailəsi olan X2 verilmişdir. O, halhazırda həmin məktəbdə işçi olduğu və iddia etdiyi komputer laborantı vəzifəsində müddətsiz müqavilə ilə işçi olduğu üçün onun müraciətini təmin etmək mümkün deyildir. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00216) X5 tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli MŞG/MT033/2025-00340 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Gəncə Regional Vəkil Bürosu tərəfindən 13 iyun 2025-ci il tarixdə verilmiş EO-1151VK-22853/25 nömrəli elektron vəkil orderindən görünür ki, vəkil Nümayəndə tərəfindən hazırki mülki iş üzrə İddiaçı əmək mübahisəsinə dair iddia tələbi üzrə hüquqi yardım göstərilmişdir. İş materiallarında olan: Gəncə Regional Vəkil Bürosu ilə X9 (iddiaçınnı atası) arasında bağlanmış 13 iyun 2025-ci il tarixli EM-1151VK-31125/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, əmək mübahisəsinə dair iddia tələbi üzrə İddiaçı hüquqlarının müdafiə edilməsinə görə haqq qarşılıqlı razılıqla 325 (üç yüz iyirmi beş) manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarında olan: "xxxx" MMC-yə məxsus "xxxx" ödəniş sistemi tərəfindən 13 iyun 2025-ci il tarixdə saat 12:29-da çap edilmiş qəbzdən görünür ki, X9 tərəfindən Gəncə Ragional Vəkil Bürosunun (VÖEN: **********) hesabına müqavilə xərci olaraq 325 (üç yüz iyirmi beş) manat ödənilmişdir (əməliyyatın referansı RRN: **********50). İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 01 avqust 2025-ci il tarixli 3-17-5/2-68384/2025 saylı məktubdan, ona əlavə edilmiş elektron əmək müqaviləsi və əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı 26 yanvar 2018-ci ildə Cavabdehdə xadimə vəzifəsində işə qəbul edilmiş, 21 noyabr 2022-ci il tarixdə həmin məktəbdə kiçik xidmət edici işçi vəzifəsinə keçirilmiş, bununla bağlı X10 ilə İddiaçı arasında 21 noyabr 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23 iyul 2025-ci il tarixli 3-17-5/2-N-65244/2025 saylı məktubdan görünür ki, ona izahatı ilə məktəb tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyət olduğundan müraciətində qeyd etdiyi məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci (fərdi əmək mübahisələrinin predmeti) maddəsinin “a” (əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən, həmin Məcəllənin 294-cü (fərdi əmək mübahisələrinə baxan orqanlar) maddəsinin 1-ci (bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır) hissəsinə uyğun olaraq, məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan: Cavabdeh direktoru X10 ilə İddiaçı arasında bağlandığı göstərilən 01 oktyabr 2019-cu il tarixli (tarix qeydində müdaxilə pozuntusu var) əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə xadimə vəzifəsinə müqavilə bağlanmışdır. İş materiallarında olan: Cavabdeh direktoru X10 tərəfindən məhkəməyə təqdim edilmiş 11 avqust 2025-ci il tarixli məlumatdan görünür ki, İddiaçı yazdığı ərizədə göstərilən faktlar doğru deyildir. İddiaçı məktəbdə kiçik xidməti işçi işləməsi barədə özünün xəbəri var. Eyni zamanda onun valideynləri də məktəbdə olmuş, məlumatlandırılmış, razı olmuşlar. İşçinin müraciəti əsasında 17 iyun 2022-ci ildə verilmiş 344 nömrəli arayışda, 15 may 2025-ci ildə verilmiş 741 nömrəli arayışda işçinin hansı işlə məşğul olması göstərilmişdir. Məktəbdə Kəlbəcər Təhsil Sektoru tərəfindən dəfələrlə monitorinq keçirilmiş , işçilərin işləri araşdırılmış İddiaçı kiçik xidmeti işçi olduğu özü tərəfindən təsdiqlənmişdir. İşçi yay mövsümündə əmək məzuniyyətində olmuş işçinin işinin dəyişdirilməsi məktəbdaxili əmrlə olduğuna görə əmək haqqı almışdır. Son əməkhaqqının ödənilməsinə ehtiyac olmamışdır. İş materiallarında olan: Kəlbəcər rayon 9 nömrəli tam orta ümumtəhsil məktəbi üzrə 01 dekabr 2020-ci il tarixli 153 nömrəli əmrdən çıxarışdan görünür ki, komputer ştatı ləğv olunduğuna görə İddiaçı məktəbə kiçik xidməti işçi təyin edilmişdir. Əsas: məktəbdə komputerlərin sayının az olması. İş materiallarında olan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin X11 təhsil idarəsinin tabeliyində olan Kəlbəcər rayonu 9 nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli 742 saylı arayışdan görünür ki, İddiaçı 2020-ci ilin sentyabr-dekabr ayları üzrə cəmi 943 manat, 2021-ci il üzrə 3119,25 manat, 2022-ci ilin yanvar-iyun ayları və noyabr-dekabr ayları üzrə 2293,20 manat, 2023-cü il üzrə 4316,30 manat, 2024-cü il üzrə 4314,74 manat, 2025-ci ilin yanvar-aprel ayları üzrə 1851,20 manat əmək haqqı almışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2025-ci il tarixli 4/1444 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin sonuncu vərəqində 8.3-cü bəndində “İşçi” sözünün qarşısındakı imza və 11.2 bəndində “İmzası” sözünün qarşısındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: “Konstitusiya”) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır; hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan: -49-cu maddəsinin 5-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır) ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz; -68-ci maddəsinin: 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; -76-cı maddəsinin: 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; -83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 2-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir; 3-cü hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; -84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; -84-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; -300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflərin qarşılıqlı münasibətləri əmək müqaviləsinə xitam verilməsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsini tənzimləyən müddəalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cümaddəsinə görə, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işəgötürənin (cavabdehin) Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi və Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş, işçinin işdən azad edilməsi ilə bağlı verilməli olan əmrin tərtib edilməsi qaydalarını pozaraq işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verməsi müəyyən edildiyinə görə, Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktorunun 01 dekabr 2020-ci il tarixli 153 nömrəli əmri İddiaçı ilə kompyuter üzrə laborant vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməli və İddiaçı kiçik xidməti işçi vəzifəsinə təyin edilməsi hissəsində etibarsız hesab edilməli, həmçinin Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktoru ilə İddiaçı arasında bağlanmış kimi rəsmiləşdirilən, İddiaçı xadimə vəzifəsinə qəbul edilməsi məzmunlu 01 oktyabr 2019-cu il tarixli (sənədin tarix hissəsində fiziki müdaxilə izləri olduğundan, həmin rəqəm “02” rəqəminə də bənzəyir) və İddiaçı xidmətedici işçi vəzifəsinə qəbul edilməsi məzmunlu 21 dekabr 2022-ci il tarixli əmək müqavilələri etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2025-ci il tarixli 4/1444 saylı ekspert rəyindən görünür ki, 01 oktyabr 2019-cu il tarixli əmək müqaviləsinin sonuncu vərəqində 8.3-cü bəndində “İşçi” sözünün qarşısındakı imza və 11.2 bəndində “İmzası” sözünün qarşısındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Belə olan halda 01 oktyabr 2019-cu il tarixli əmək müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin iddiaçı Niyazova X6 rayonu 9 nömrəli tam orta məktəbdə kompyuter üzrə laborant vəzifəsinə bərpa edilməli və 01 dekabr 2020-ci il tarixdən həmin işə bərpa edildiyi tarixədək olan müddət üzrə əməkhaqqı fərqi ödənilməlidir. İddiaçı Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbdə kompyuter üzrə laborant vəzifəsinə bərpa edilməsinə dair zəruri məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemininə daxil edilməsi Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktoruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 325 (üç yüz iyirmi beş) manat vəkil xərci pul əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehə (işəgötürənə) izah edilməlidir ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla, həmçinin bu barədə müvafiq əmri Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əməl etməklə və 84-cü maddəsinin tələblərinə uyğun tərtib etməklə xitam verilə bilər; işçinin işə qəbulu Əmək Məcəlləsinin 7-ci maddəsində nəzərdə tutulan qaydada rəsmiləşdirilir. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, Əmək Məcələsinin 296-cı maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 (üç) təqvim ayı ərzində və bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində, pul və digər əmlak tələbləri ilə əlaqədar hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilməklə bərabər, 296-cı maddənin 3-cü hissəsində qeyd edilir ki, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, cavabdeh tərəf işçinin öz hüququnun pozulduğunu bildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia müddəti tətbiq edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. Cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktorunun 01 dekabr 2020-ci il tarixli 153 nömrəli əmri İddiaçı ilə kompyuter üzrə laborant vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilsin və İddiaçı kiçik xidməti işçi vəzifəsinə təyin edilməsi hissəsində etibarsız hesab edilsin. Cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktoru ilə İddiaçı arasında bağlanmış kimi rəsmiləşdirilən, İddiaçı xadimə vəzifəsinə qəbul edilməsi məzmunlu 01 oktyabr 2019-cu il tarixli və İddiaçı xidmətedici işçi vəzifəsinə qəbul edilməsi məzmunlu 21 dekabr 2022-ci il tarixli əmək müqavilələri etibarsız hesab edilsin. İddiaçı Niyazova X6 rayonu 9 nömrəli tam orta məktəbdə kompyuter üzrə laborant vəzifəsinə bərpa edilsin və 01 dekabr 2020-ci il tarixdən həmin işə bərpa edildiyi tarixədək olan müddət üzrə əməkhaqqı fərqi ödənilsin. İddiaçı Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbdə kompyuter üzrə laborant vəzifəsinə bərpa edilməsinə dair zəruri məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemininə daxil edilməsi Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbin direktoruna həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 325 (üç yüz iyirmi beş) manat vəkil xərci və 60 (altmış) manat mediasiya xərcinin əvəzi olaraq 385 (üç yüz səksən beş) manat məbləğdə pul vəsaiti cavabdeh Kəlbəcər rayonu 9 nömrəli tam orta məktəbdən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-926/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-926/2025
13.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver