Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-986/2025 08.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi “əmək stajı faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun 01 yanvar 1980-ci ildən 1982-ci ilin sentyabr ayına qədər Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda tütünçü kimi işləməsi ilə bağlı hüquqi faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəylik kəndində doğulmuş, hal-hazırda məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti yaşayır. O, əmək fəaliyyətinə Kəlbəcər rayonunun Əsrik sovetliyinin ərazisindəki Karl Marks adına kolxozda sıravi kolxozçu kimi başlamışdır. 01 dekabr 1975-ci il tarixdən 19 noyabr 1976-cı il tarixədək Karl Marks adına kolxozda kolxozçu olmuş, 19 noyabr 1976-cı il tarixdən 23 dekabr 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 01 may 1979-cu il tarixdən 28 avqust 1982-ci il tarixədək yenidən həmin kolxozda kolxozçu və tütünçü kimi fəaliyyət göstərmişdir. 28 avqust 1982-ci il tarixdən 25 iyul 1987-ci il tarixədək əyani ali təhsil almışdır. 19 noyabr 1987-ci il tarixdən 06 yanvar 1989-cu il tarixədək həmin kolxozda hüquqşünas, 07 yanvar 1989-cu il tarixdən 01 fevral 1991-ci il tarixədək Kəlbəcər Rayon Partiya Komitəsində təlimatçı-hüquqşünas, 01 fevral 1991-ci il tarixdən 29 mart 1991-ci il tarixədək Kəlbəcər Rayon İcraiyyə Komitəsində Hüquq şöbəsinin müdiri, 02 aprel 1991 -ci il tarixdən 20 fevral 1993-cü il tarixədək Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə böyük müstəntiq vəzifəsində, 20 fevral 1993-cü il tarixdən 13 iyul 1993-cü il tarixədək Kəlbəcər rayon prokurorunun köməkçisi, 13 iyul 1993-cü il tarixdən 11 iyun 1996-cı il tarixədək Siyəzən rayon prokurorunun köməkçisi, müavin və prokuror əvəzi, 11 iyun 1996cı il tarixdən 16 sentyabr 2001-ci il tarixədək Xocalı rayon prokuroru vəzifələrində fəaliyyət göstərmişdir. Yuxarıda göstərdiyi əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmasına baxmayaraq, Maraqlı şəxs onun 01 yanvar 1980-ci il tarixdən 1982-ci ilin sentyabr ayınadək olan əmək fəaliyətini nəzərə almamışdır: ona ünvanlanmış 08 may 2025-ci il tarixli məktubda göstərilmişdir ki, yuxarıda göstərilən müddətdə əmək-günü və adam-günü göstərilmədiyindən, bu məsələlərə aydınlıq gətirilməlidir. Bildirir ki, 01 yanvar 1980-ci il tarixdən 1982-ci ilin sentyabr ayınadək olan dövr onun əmək fəaliyyətində ən məsuliyyətli olduğu dövr olmuşdur, belə ki, həmin dövr ərzində, o, rayonun ən qabaqcıl tütünçülərindən biri olmuşdur və götürdüyü öhdəliyə görə X5 Partiyası sıralarına qəbul olunmuşdur. Həmin dövr ərzində əməyinin nəticəsi olaraq konkret yüksək məbləğlər göstərilmişdir; konkret göstərilən müddət ərzində partiya üzvlük haqqı göstərilmişdir. O, pensiyaya çıxarkən yuxarıda göstərdiyi müddət də əmək stajına daxil olmalı olduğu halda, mümkün hesab olunmamışdır. Hazırda o, 01 yanvar 1980-ci il tarixdən 1982-ci ilin sentyabr ayınadək kolxozda tütünçü kimi fəaliyyətini başqa yolla sübut edə bilmədiyindən, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun 01 yanvar 1980-ci il tarixdən 1982-ci ilin sentyabr ayına qədər Karl Marks adına kolxozda tütünçü kimi fəaliyyət göstərməsini şahidlər X4 və Şahid1 təsdiq edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman mūəyyan edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın müəyyən olunması ona pensiyaya çıxmağı ilə əlaqədar lazımdır. Maraqlı şəxs- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndələri Emil İskəndərli (Digər sosial ödənişlər üzrə məhkəmə mübahisələri departamentinin müdiri) və Nümayəndə (Digər sosial ödənişlər üzrə məhkəmə mübahisələri departamentinin baş mütəxəssisi) ərizəçinin ərizəzəsinə etiraz olaraq məhkəməyə birgə qaydada imzaladıqları 31 iyul 2025-ci il tarixli 3-17-1/2- 180122/2025 saylı məktubda etiraz göndərmişlər. Həmin etirazda bildirilmişdir ki, xx xxxx 1958-ci ildə doğulmuş Ərizəçi Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 01 yanvar 1980-ci il tarixdən 1982-ci ilin sentyabr ayına qədər Kəlbəcər rayonu Karl Marks adına kolxozda olan əmək fəaliyyətinin hüquqi əhəmiyyəti olan faktı kimi müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın 08 may 2025-ci il tarixli 3-18-1/2-V-106908/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən 01 yanvar 1977-ci il tarixindən 23 dekabr 1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və 01 sentyabr 1982-ci il tarixindən 01 iyul 1987-ci il tarixinədək əyani təhsil aldığı müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 7 ay 15 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən 1980-1981-ci illər üzrə əmək iştirakı minimumunun yerinə yetirilməsi (faktiki adam günü) və faktiki əmək günü barədə qeyd olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yəni hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğu yoxlanılmalıdır. İş materiallarından da göründüyü kimi ərizəçinin ərizəsində qeyd etdiyi 01 yanvar 1980-ci il tarixdən 1982-ci ilin sentyabr ayına qədər Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda işləməsi barədə kolxozçunun əmək kitabçasında qeydlər mövcuddur. Bu hal isə işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizə səhvən icraata götürülmüşdürsə, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Lakin iş materiallarından göründüyü kimi ərizəçinin məhkəmə qaydasında mübahisaləndirdiyi dövrlərə dair əmək kitabçası və əmək kitabçasında qeyd mövcuddur. Həmin kitabçanın mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Digər tərəfdən mübahisənin predmeti barədə (pensiya təyin edilməsi) maraqlı şəxsin imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyil. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün Fondun orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Hesab edirlər ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Odur ki, məhkəmənin icraatında olan 2(040)-986/2025 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş edirlər. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 06 avqust 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 08 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında verilmiş izahatlar və ifadələr: Ərizəçi məhkəmə baxışı iclasında ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, özünün 01 yanvar 1980-ci ildən 1982-ci ilin sentyabr ayının əvvəlinə qədər Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda tütünçü kimi əmək fəaliyyətinə dair hüquqi faktın müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 məhkəmə iclasında ərizəyə etiraz edərək bildirmişdir ki, ərizəçi pensiya təminatı üçün inzibati orqana müraciət etmiş, əmək stajı 25 ildən az olması səbəbindən pensiya hüququnun yaranması üçün kifayət etmədiyindən, ərizəçiyə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ərizəçinin ərizəsində göstərdiyi dövrlə bağlı əmək kitabçasında müvafiq qeydlər olsa da, işə qəbul və işdən azadolma ilə bağlı tarixlər göstərilməmişdir. Buna görə də Dövlət Sosial Müdafiə Fondu həmin dövrü qanunvericiliyə uyğun olaraq əmək satajı kimi hesab etmir; inzibati orqanın bu cür işlərdə mövqeyi belədir. Şahid ifadələri kifayət deyil, şahidlərin əmək kitabçaları fərqlidir, Şahid1 giriş-çıxış əmrləri göstərilməyib. Əmək kitabçasında müvafiq qeydlər var- buna görə də işə inzibati məhkəmə icraatında baxılmalı olduğunu, Kəlbəcər Rayon Məhkəməsində işin baxılmamış saxlanılmalı olduğunu hesab edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, ərizəçi ilə heç bir qohumluq münasibətləri yoxdur, Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda iş yoldaşı olublar: belə ki, o özü 1978-ci ildən başlanmaqla uzun illər, o cümlədən də 1980-ci ilin yanvar ayının əvvəlindən 1982-ci ilin sentyabr ayınadək olan dövr üzrə həmin kolxozda kolxozçu olaraq işləmiş, həmin dövr ərzində Ərizəçi da onunla eyni kolxozda tütünçü olaraq işləmişdir. Həmin dövrdə kolxoz sədri Azad Salahov olmuşdur. Onlar əmək haqqını təhvil verdikləri məhsula görə alırdılar.O, şahid olaraq Ərizəçi 01 yanvar 1980-ci ildən 1982-ci ilin sentyabr ayına qədər Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda tütünçü işləməsi faktını təsdiq edir. Şahid qismində məhkəmə iclasında könüllü ifadə verən Şahid1 (ərizəçinin arvadı) digər Şahid2 ilə eyni məzmunda ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, o, Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda müstəqil olaraq 1981-ci ildə kolxozçu-tütünçü kimi əmək fəaliyyətinə başlasa da, bir neçə il əvvəldən öz valideynləri ilə birlikdə tütünçülükdə işləmişdir. 1980-ci ilin yanvar ayının əvvəlindən 1982-ci ilin sentyabr ayınadək olan dövr üzrə Ərizəçi da həmin kolxozda tütünçülükdə işləyirdi; həmin dövrdə onlar nişanlı idilər, artıq uzun illərdir ki, ər-arvaddırlar. İşlədiyi dövrdə kolxoz sədrinin adını tam dəqiqiliklə xatırlamır, lakin həmin dövrdə Vahid müəllim, Azad müəllim kolxoz sədri işləyib. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən Ərizəçi ünvanlanmış 08 may 2025-ci il tarixli 3-17-1/2- V-106908/2025 nömrəli məktubdan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən 01 yanvar 1977-ci il tarixindən 23 dekabr 1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və 01 sentyabr 1982-ci il tarixindən 01 iyul 1987-ci il tarixinədək əyani təhsil aldığı müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 23 il 7 ay 15 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən 1980-1981-ci illər üzrə əmək iştirakı minimumunun yerinə yetirilməsi (faktiki adam günü) və faktiki əmək günü barədə qeyd olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İş materiallarında olan: Kəlbəcər rayonundakı Əsrik kəndində yerləşən Karl Marks adına kolxoz tərəfindən 01 iyul 1975-ci il tarixdə Ərizəçi adına verilmiş 256 nömrəli “Kolxozçunun əmək kitabçası”nın fotosurətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1975-cı ildə Kəlbəcər rayonunda Karl Marks adına kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamış, o cümlədən 1980-ci il üzrə cəmi 4769 manat, 1981-ci il üzrə cəmi 13120 manat əmək haqqı almışdır; 28 avqust 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. İş materiallarında olan: Azərbaycan Kommunist Partiyası Kəlbəcər rayon komitəsi tərəfindən 13 mart 1981-ci ildə verilmiş 19126907 nömrəli partiya biletinin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), Ərizəçi 1981-ci ilin mart ayında partiya sıralarına daxil olmuşdur; 1981-ci ilin mart ayından başlanmaqla 1982-ci ilin sonunadək üzvlük haqlarının ödənildiyi görünür. İş materiallarında olan: Kəlbəcər rayonundakı Karl Marks adına kolxoz tərəfindən X2 adına 21 sentyabr 1978-ci ildə verilmiş АЗЕ № ******* saylı “Kolxozçunun əmək kitabçası”nın 41, 42 və 43-cü səhifələrinin fotosurətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 21 sentyabr 1978-ci ildə Karl Marks adına kolxoza ərizəsinə əsasən kolxoz üzvü qəbul edilmiş, 15 aprel 1984-cü ildə ərizəsinə əsasən kolxoz üzvlüyündən azad edilmişdir. İş materiallarında olan: Kəlbəcər rayonundakı Karl Marks adına kolxoz tərəfindən X1 adına 03 avqust 1981-ci ildə verilmiş ИТ-İ № ******* nömrəli əmək kitabçasının 41, 42 və 43-cü səhifələrinin fotosurətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 03 avqust 1981-ci ildən həmin kolxozda kolxozçu-tütünçü kimi əmək fəaliyyətinə başlamış, 1981-ci il üzrə cəmi 7373 manat, 1982-ci il üzrə cəmi 10496 manat əmək haqqı almışdır. Tətbiq edilməli hüquq normaları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1ci bəndlərindən görünür ki, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı o cümlədən aşağıdakılara əsasən müəyyən edilir: 1) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2) seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 17-ci bəndindən görünür ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir (bu qayda əmək stajının məhkəmədənkənar qaydada təsdiq edilməsini nəzərdə tutur- hakimin qeydi). X5 Partiyası Mərkəzi komitəsinin və SSRİ Nazirlər Sovetinin 1969-cu il 28 noyabr tarixli qərarı ilə təsdiq edilmiş, dəyişikliklər və əlavələr olunması Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1980-ci il 10 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Kolxozun nümunəvi nizamnaməsi”nin: 3-cü bəndinin birinci abzasından görünür ki, öz əməyi ilə kolxozun ictimai təsərrüfatında iştirak etmək istədiyini bildirən 16 yaşına çatmış vətəndaşlar kolxoza üzv ola bilərlər; 3-cü bəndinin dördüncü abzasından görünür ki, kolxozun hər bir üzvünə vahid formada əmək kitabçası verilir; 27-ci bəndinin ikinci abzasında qeyd olunur ki, “kolxozda yerinə yetirilmiş işlərin həcminə, istehsal edilən məhsulun miqdarına görə işəmuzd, akkord əməkhaqqı, vaxtamuzd, vaxtamuzd-mükafatlı və digər əməkhaqqı sistemləri tətbiq edilir”. Mülki işin hallarından və maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının məhkəməyə göndərdiyi yazılı etirazdan da görünür ki, Ərizəçi 01 yanvar 1980-ci ildən 1982-ci ilin sentyabr ayına qədər Kəlbəcər rayonu Karl Marks adına kolxozda tütünçü kimi işləməsi ilə bağlı əmək stajının məhkəmədənkənar həll edilməsi yolu hazırki halda mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının: -1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. -13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bundan başqa, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun məhkəməyə göndərdiyi yazılı etirazdan o da görünür ki, həmin etirazda hazırki ərizənin Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrində nəzərdə tutulmuş qaydada baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki işi tam araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, Ərizəçi 1980-ci ilin yanvar ayının əvvəlindən 1982-ci ilin sentyabr ayının əvvəlinədək Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda tütünçü kimi əmək fəaliyyətinin olmasına dair hüquqi fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki mülki iş üzrə maraqlı şəxs- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri üzrə iş üzrə mərkəzi filialının ərizəyə qarşı verdiyi etirazı Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsində nəzərdə tutulmuş hüquq haqqında etirazın olması ilə (xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir-hakimin qeydi) eyniləşdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 1980-ci ilin yanvar ayının əvvəlindən 1982-ci ilin sentyabr ayının əvvəlinədək Kəlbəcər rayonundakı Karl Marks adına kolxozda tütünçü kimi əmək fəaliyyətinin olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-986/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-986/2025
08.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver