Məhkəmə qərarları › İş №2(041)-1018/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1018/2024

11.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1018/2024 11.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları Kürdəmir rayon Qaraqocalı kənd ərazsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət evə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2019-cu ildə nikahlarını qeyd etdirməklə evlənib ailə qurmuş və cavabdehlərin yaşadıqları Kürdəmir rayon Qaraqocalı kənd ərazsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət evə gəlin köçmüş, birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Oruc adlı bir uşaqları anadan olmuşdur. 2 ilə yaxın həmin evdə normal yaşamışlar. Son zamanlar Cavabdeh1 evdə gərginlik yaratmağa başlamış, evdə söz-söhbət salmış, ona qarşı laqeyd münasibət göstərmiş, onu bir ailə kimi saymamışdır. Cavabdeh onu evdən qovub çıxardıqdan sonra aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş. Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 242/2024 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onun özünə məxsus cehiz əşyaları, uşağa və özünə məxsus paltarlar gəlin köçdüyü evdə qalmışdır. Sonradan iddiaçı mübahisəli evə qayıtmaq istəmiş, lakin cavabdehlər buna imkan verməmişdir. Hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus darısqal evdə yaşayırlar. Valideynlərinin evində isə iki qardaşı ailəsi ilə birlikdə yaşayır. Cavabdehlərlə heç bir razılaşma əldə edə bilmədiyi üçün hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehlə ailə həyatı qurduqdan sonra onun valideynlərinə məxsus evə gəlin köçmüş və özünə məxsus cehiz əşlarını da həmin evə aparmışdır. Hazırda ona məxsus cehiz əşyaları mübahisəli evdə qalmışdır. Dəfələrlə həmin evə köçməyə cəhd etsə də, keçmiş əri Cavabdeh1 ona imkan verməmişdir. Göstərilənləri nəzərə alaraq, azyaşlı uşağı ilə birlikdə cavabdehlərin yaşadıqları evə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş arvadıdır. İddiaçı ilə 2019-cu il də ailə qurublar. Birgə nikahlarından Oruc adlı uşaqları anadan olub. İddiaçı ilə birlikdə cehiz əşyaları yerləşdirilmiş evin bir otağında yaşamışlar. Onun iddiaçıya qarşı heç bir narazılığı olmamış, valideynlərinin təkidi ilə özü azyaşlı uşağı ilə birlikdə onların evini tərk edərək valideynlərinə məxsus evə qayıtmışdır. Bundan sonra iddiaçı nikahın pozulması ilə bağlı Kürdəmir rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Mübahisəli evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Həmin ev atasına məxsus olduğu üçün hesab edir ki, iddiaçının iddia tələblərinin heç bir əsası yoxdur. Cavabdeh onu da bildirdi ki, iddiaçının niyyəti həqiqətən də səhvini başa düşüb ailənin bərpa edilməsinə yönəlmişdirsə, buna heç bir etirazı yoxdur. Ancaq keçən iki illik birgə ailəlik dövründə olduğu kimi onun valideynləri buna imkan verməyəcəklər. Əgər iddiaçı daimi yaşamaq üçün yox, evdən pay əldə etmək niyyəti ilə evə köçmək istəyindədirsə, onda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak etdiyini nəzərə alaraq, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir rayon icra Hakimiyyəti başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışından görünür ki, Mürtülü kənd sakini İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ilin sonuna kimi Cavabdeh3 evində yaşamışdır. İşdə olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-242/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və Kürdəmir rayon Qeydiyyat şöbəsində 367 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə anadan olmuş Cavabdeh3 anası İddiaçı yanında saxlanılmışdır. İş materiallarına eyni zamanda mediasiya prosesinə xitam verilməsi barədə protokol, tərəflərin şəxsiyyət vəsiqələrinin surəti və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırada köçürülməsini tələb etdiyi ev tərəflərin birgə yaşadıqları müddətdən əvvəl tikilib. Lakin evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil və bununla bağlı məhkəmyə heç bir sənədə təqdim olunmamışdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı həmin evə gəlin köçmüş, cavabdehlərlə bigə təsərrüfatları olmuş, Cavabdeh1la olan birgə nikahlarından olan Oruc həmin evdə birgə yaşadıqları dövrdə anadan olmuşdur.2024-cü ildə iddiaçı səbəbindən asılı olmayaraq məcburi qaydada evdən çıxarılmışdır. İddiaçıya məxsus cehiz, ev və şəxsi əşyaları hazırda da cavabdehlərin yaşadığı evdə yerləşir. Beləliklə də, cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Belə ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Digər tərəfdən, hazırki iş üzrə iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh1 onun keçmiş əri, Cavabdeh3 keçmiş qaynatası, Cavabdeh2 isə qaynanasıdır. Evə dair hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçının iddiasına görə onun mübahisəli evə köçməsinə mane olan şəxslər kimi göstərildiyindən, məhkəmə hər üç cavabdehi iddiaya cavab verməli şəxslər kimi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə birgə nikah dövründə yaşadıqları cavabdehlərə məxsus Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən bir mərtəbəli, 3 otaqlı evin cehiz və şəxsi əşyaları olan otağına məcburi qaydada köçürülməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə birgə nikah dövründə yaşadıqları cavabdehlərə məxsus Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən bir mərtəbəli, 3 otaqlı evin cehiz və şəxsi əşyaları olan otağına məcburi qaydada köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar