Məhkəmə qərarları › İş №2(041)-120/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-120/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-120/2025 28.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ-12322 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə o, “X3” ASC ilə ******* nömrəli kredit müqaviləsini bağlayaraq 10000 manat məbləğində pul vəsaitini kredit borcuna götürmüşdür. Bir müddətdən sonra o, göstərilən kredit borcunu tam şəkildə qaytara bilmədiyindən “X3” ASC kredit müqaviləsi üzrə notariusun icra qeydinin aparılması üçün Kürdəmir regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusuna müraciət etmişdir. Notariusun icra qeydi aparılsa da onlara bildiriş-məktubu göndərilməmişdir. 2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 81-12312 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması və icra icraatına yönləndirilməsi barədə məlumatı yalnız Kürdəmir rayon İcra şöbəsində əldə etmişdir. Kürdəmir regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu X1 xx.xx.2023-cü il tarixli icra qeydlərində göstərilən 8226 manat borcun olması qeyri-dürüstdür və mübahisəlidir. İcra qeydi ilə bağlı bildiriş məktubunun “X3” ASC-dən onlara göndərilməməsi və icra qeydində də göstərilən 8226 manat borcun olması özlüyündə mübahisəli hallardır, borc xeyli şişirdilib. Bu səbəbdən göstərilən 2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə icra qeydi aparıla bilməz. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydinə dair tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasına teleqram göndərərək, səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: "xxxx" ASC-nin fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən avtomobilin alınması üçün istehlak krediti 15% faiz olmaqla 36 ay müddətinə İddiaçı 10000 manat verilmişdir. "xxxx" ASC-nin ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilədək aylıq 347.07 manat, son olaraq xx.xx.2025-ci ilə isə 347.13 manat ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin borclu İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 6/3/0/08-3524 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin Rəqəmsal 3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixə banka 8399.45 manat əsas, ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə borcluya xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 7946.77 manat əsas borc, 254.62 manat faiz borcu olmaqla cəmi 8201.39 manat borcu qalmışdır. Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 reyestrdə xx.xx.2023-cü il tarixli 8İ-12322 saylı icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8201.39 manat tutulmalıdır. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 8226.39 manat pul tutulmalıdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 269243/23-55-5/2 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il ttarixdə icrasına başlanmış Kürdəmir rayon Notariat Ofisinin 8İ- 12322 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 8226.39 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə borcluya 10 gün tələbin könüllü icrası üçün müddət müəyyən edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş, 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin sənəddə bildirişin xüsusi forması, bildirişin doldurulması qaydası nəzərdə tutulmuşdur. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”də borcun 20 gün müddətində ödənilmədiyi halda ”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq qeyd edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi haqqında xx.xx.2022ci il tarixli ******* nömrəli müqaviləyə əsasən illik faiz dərəcəsi 15% faiz olmaqla 36 ay müddətinə İddiaçı 10000 manat kredit verilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2025ci ilədək aylıq 347.07 manat, son olaraq xx.xx.2025-ci ilə isə 347.13 manat ödəməyi öz öhdəsinə götürmüş, lakin cavabdeh tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərlərinə götürdüyü öhdəlikləri icra etməmiş, borc məbləğlərini tam ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuş. Qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı notariat ofisi tərəfindən icra qeydi verilmişdir. İş materiallarından göründüyü kimi “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına riayət edilməməmiş, “X3” ASC borclu İddiaçı pretenziya göndərərək gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş və 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına riayət edilməməsinə baxmayaraq notarius tərəfindən icra qeydi aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası təmin edilməli, Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ-12322 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Kürdəmir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 8İ-12322 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar