Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1240/2024 11.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3ndə notariat ofisi) miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002-ci il tarixdə ölmüş nənəsi X1 vərəsəsi olmasının və ona aid olan bütün əmlakın, o cümlədən, Kürdəmir rayonunun Karrar kəndi ərazsində yerləşən və onun mülkiyyətində olan 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, ərizəçi ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Karrar kəndində yaşayır. Onlar ailədə 3 qardaş olmuş, qardaşları hazırda Bakı şəhərində özlərinə məxsus evdə yaşayırlar. X5 xx.xx.1996-ci ildə, anası Süreya Gülməmmədova isə 2010-cu ildə vəfat edib. Mərhum atasının anası X3 isə atası öləndən sonra onunla birlikdə yaşamış və xx.xx.2002-ci ildə ölmüşdür. Mərhum nənəsi X2 Kürdəmir rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə Kürdəmir rayonunun Karrar kəndi ərazisində 1.13 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən nənəsi ölənə kimi bir yerdə istifadə ediblər. Nənəsi öləndən sonra isə bacı və qardaşlarının razılığı ilə faktiki olaraq onu qəbul edib idarəçiliyini və mühafizəsini şəxsən özü həyata keçirmişdir. Miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etsə də mirasın qəbulu ilə bağlı müddəti keçirdiyini bildirib ona məhkəməyə müraciət etməyini izah etmişlər. Məhkəmənın hazırlıq iclasında Ərizəçi izahatında bildirdi ki, nənəsi X3 onunla birlikdə yaşadığı üçün əmiləri və bibiləri onun yeganə vərəsə kimi tanınmasına etiraz etmirlər. Nənəsindən qalmış miras əmlakı faktiki olaraq qəbul etmiş, lakin müddət keçdiyinə görə ona vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə işin məhkəmə baxışına təyin edilməsi ilə bağlı məsələni araşdırarkən müəyyən edildi ki, ərizəçi nənəsindən, yəni atasının anası X1 vərəsəsi kimi tanınmasını və miras əmlak kimi mülkiyyətində olan torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etdiyi halda, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi ölən şəxs öz əmlakını ərizəçiyə saxlaması barədə vəsiyyətnamə vermədiyindən, miras əmlak qanun üzrə vərəsələrə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Ərizəçinin məhkəmədə verdiyi izahatına görə nənəsinin onun atasından başqa digər övladları (ərizəçinin əmiləri və bibiləri) da var və onlar miras əmlakın onun adına sənədləşdərməsinə etiraz etmirlər. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1159-cu maddəsinə görə hazırki işdə ərizəçi (ölənin nəvəsi) yox, onun atası, əmiləri və bibiləri birinci dərəcəli vərəsə sayılır. X1 birinci dərəcəli vərəsələrinin dairəsi müəyyən edilməmiş, irsi transmissiya yolu ilə miras əmlakın yeganə vərəsə kimi ərizəçiyə keçməsi ilə bağlı ölən şəxsin birinci dərəcəli vərəsələrinin (ərizəçinin əmiləri və bibiləri) bu barədə yazılı razılıq ərizələri işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X6 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticələrə görə: 1) Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; 2) Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; 3) mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulamışdır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. MPM-nin 308-cü maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Hazırki iş üzrə ölən şəxsin birinci dərəcəli vərəsələrinin dairəsi müəyyən edilmədiyindən və ərizəçi birinci dərəcəli vərəsə hesab edilmədiyindən, onun xx.xx.2002-ci il tarixdə ölmüş nənəsi X1 vərəsəsi olması və miras əmlakın- Kürdəmir rayonu, Karrar kəndi ərazsində yerləşən 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində göstərilən əsaslarla üst-üstə düşmür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3ndə notariat ofisi) miras əmlakın qəbul edilməsi və vərəsə kimi tanınma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1240/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1240/2024
11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver