Məhkəmə qərarları › İş №2(041)-1311/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1311/2025

15.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1311/2025 15.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə cavabdehlərin əmlakları ilə birlikdə ona məxsus evdən məcburi qaydada çıxarılmaları” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 kompensasiya verilməklə xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 0.14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 257.8 kv.metrdən ibarət fərdi yaşayış evindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışa əsasən Kürdəmir rayonu, Sığırlı kəndində özünə məxsus 4 otaqdan ibarət ümumi sahəsi 257.8 kv metr olan fərdi yaşayış evi var. Həmin evdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Həmin evi anası ona vermişdir. O, özünə məxsus Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 257.8 kv metr olan fərdi yaşayış evində yaşamaq istəyir. Lakin cavabdehlərin ona məxsus evdə yaşamaları evinə köçüb orada yaşamasına imkan vermir. Cavabdehlər xüsusi mülkiyyəti üzərində olan hüquqlarını məhdudlaşdırır. Əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək istəyir. Lakin buna baxmayaraq mülkiyyətindən dinc və sərbəst şəkildə istifadə etmək hüququna malik olduğu halda cavabdehlər onu öz mülkiyyətindən məhrum edib. O, bir neçə dəfə cavabdehlərə könüllü qaydada ona məxsus evdən çıxmalarını bildirsələr də onlar evdən çıxmaqdan imtina edirlər. Cavabdehlərin onun mülkiyyətində olan evdən çıxmamaları həmin evdən istədiyi kimi istifadə etməsinə mane olur. Ona görə də kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 257.8 kv.metr olan fərdi yaşayış evindən əmlakları ilə birdlikdə məcburi qaydada çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 4320 manat məbləğində kompensasiya verməyə razı olduğunu bildirib, həmin məbləğdə kompensasiya verməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək əlavə etdi ki, o, ailə qurduqdan sonra evdən çıxmış, özünə fərdi yaşayış evi tikmişdir. Tikdiyi həmin evin bir hissəsi qardaşı Cavabdeh1 pay torpaqlarına düşdüyünə görə qardaşı onun evinin sökülməsi barədə qərar qəbul edilməsinə nail olmuşdur. Hazırda qəbul edilən qərar icra mərhələsindədir. Onların başqa yaşayış yeri yoxdur. Cavabdeh olan qardaşı və onun ailəsi ilə razılığa gələ bilmədi. Belə ki, qardaşı onun pay torpağında olan evini sökdürməklə onu yaşayış evindən məhrum etdiyindən, o, hazırda qardaşı və onun ailəsinin yaşadığı, xüsusi mülkiyyətində olan yaşayış evinə köçmək istəyir. Odur ki, 4320 manat məbləğində kompensasiya verilməklə xüsusi mülkiyyətində olan Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 0.14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 257.8 kvadratmetrdən ibarət fərdi yaşayış evindən cavabdehlərin əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək bildirdi ki, iddiaçı onun bacısıdır. Bacısı Lalənin hazırki evi onun pay torpağına düşür. Aralarındakı mübahisə 6 ildən çoxdur ki davam edir. Hal-hazırda yaşadıqları evdə yoldaşı Nurəngiz, oğlu Mirkamil və özü yaşayır. Yaşadıqları evdən başqa evləri yoxdur. Hazırda yaşadıqları ev onlara anasından qalmışdır. Həmin evdə doğulub böyümüşdür. Anası sağ ikən bacısı Lalə onu aldadaraq “ASAN xidmət” mərkəzinə apararaq evi öz adına keçirmişdir. Ona görə də həmin evdən kompensasiya verilməklə çıxarılmasına razı deyil. Təklif edilən kompensasiya da çox azdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərini qəbul etməyərək bildirdi ki, iddiaçı Lalənin evi onların pay torpaqlarına düşür. Onların pay torpaqlarında qoyun-quzu otarırlar. Ona görə də həmin evdən kompensasiya verilməklə çıxarılmasına razı deyil. Təklif edilən kompensasiya da çox azdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 iddia tələblərini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********97-10301 nömrəli çıxarışından görünür ki, Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən 0.14 ha sahəsi olan xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/07 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu, Sığırlı kəndində 0.14 ha torpaq sahəsində ümumi sahəsi 257.8 m2 sahəsində yerləşən 4 otaqlı ev qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evi bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir və obyetktin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 30000 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi Texniki pasportundan görünür ki, Kürdəmir rayonu, Sığırlı kəndində İddiaçı adına fərdi yaşayış evi rəsmiləşdirilmiş və **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 407 nömrəli Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Həsənov X4 rayonunun Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: anası-X6 (1949), arvadı-Cavabdeh2 (1972), oğlu- Cavabdeh3 (2000). Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 126 nömrəli arayışının surətindən görünür ki, mərhum X2 aşağıdakı övladları vardır: qızı-X7 (Bakı şəhəri), oğlu-Cavabdeh1, qızı-İddiaçı və oğlu-X8 (Moldova Respublikası). xx.xx.2025-ci il tarixli, 11-554/25 nömrəli "xxxx" MMC-nin hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 257.8 kv.metr olan fərdi yaşayış evinin 1 (bir) aylıq orta icarə (kirayə) dəyəri: 120 manatdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda cavabdehlər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayırlar. Hazırda iddiaçı onun xüsusi mülkiyyətində olmaqla mübahisə predmeti olan fərdi yaşayış evində cavabdehlərin qeydiyyatda olmaları və orada yaşamalarının onun mülkiyyət hüquqularını pozduğunu bildirərək cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququna 4320 manat kompensasiya ödənilməklə xitam verilməsini, həmin evdən məcburi qaydada çıxarılmalarını xahiş edir. Cavabdehlər isə iddia ilə razı olmadığını, iddia tələblərinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər Cavabdeh1 (iddiaçının qardaşı), Cavabdeh2 (qardaşının həyat yoldaşı) və Cavabdeh3 (qardaşının oğlu) iddiaçı ilə qohumluq münasibətlərindədirlər. Məhkəmə hesab edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun həyata keçirilməsinin qeyri-mümkün olması və istifadə hüququna dair tərəflər arasında yazılı razılaşmanın mövcud olmaması şəraitində, istifadə hüququna bazar qiymətinə uyğun kompensasiya verilməsi yolu ilə xitam verilməsi hüquqi cəhətdən əsaslı hesab edilməlidir. Qeyd olunan qohumluq münasibətləri mülkiyyətçinin iradəsindən kənar olaraq yaşayış sahəsindən müddətsiz istifadə hüququ yaratmır. Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. İddiaçı hazırkı tələbində 4320 manat kompensasiya ödənilməsini təklif edir də, iş üzrə verilmiş qiymətləndiricinin hesabatından müəyyən olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin kirayə dəyəri 120 manat təşkil edir. Məhkəmə oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehə 3 il üzrə kompensasiya hesablanmalıdır. Bu halda cavabdehə 4320 manat (120x12x3=4320) məbləğində kompensasiya müəyyən edilir. Məhkəmə iddiaçının 4320 manat məbləğində kompensiya ödəməyə razı olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 fərdi yaşayış evinə istifadə hüququna 4320 manat kompensasiya ödənilməklə xitam verilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olmaqla, 0.14 ha torpaq sahəsində, **********97-10301 reyestr nömrəsi ilə onun adına qeydiyyata alınmış, ümumi sahəsi 257,8 kvadratmetr olan fərdi yaşayış evindən istifadə hüququna, İddiaçı tərəfindən cavabdehlərə 4320 (dörd min üç yüz iyirmi) manat kompensasiya ödənilməklə xitam verilməli və onlar əmlakları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olmaqla, 0.14 ha torpaq sahəsində, **********97-10301 reyestr nömrəsi ilə onun adına qeydiyyata alınmış, ümumi sahəsi 257,8 kvadratmetr olan fərdi yaşayış evindən istifadə hüququna, İddiaçı tərəfindən cavabdehlərə 4320 (dörd min üç yüz iyirmi) manat kompensasiya ödənilməklə xitam verilsin və onlar əmlakları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus evə olan istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmaları kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar