Məhkəmə qərarları › İş №2(041)-1320/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1320/2025

02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1320/2025 02.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X32 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, maneələrin aradan qaldırılması və dəymiş ziyan tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətində olan və Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən ümumilikdə 6.3 hektar torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən idarə etdiyi traktorla çəkdiyi təxminən 500 metr uzunluğunda su arxının onun öz vəsaiti hesabına aradan qaldırılması, taxıl sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, həmin torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə edilən maneələrin aradan qaldırılması və vurduğu maddi ziyana görə cavabdehdən 5083,80 manat və dövlət rüsumuna görə ödənilmiş 79 manat olmaqla, ümumilikdə 5162,80 (beş min yüz altmış iki manat səksən qəpik) manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayır. Mülkiyyətlərində olan, Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən ümumilikdə 6,3 hektar kənd təsərrüfatı təyinatı torpaq sahəsində dənli bitkilər əkib becərməklə məşğul olub ailəsinin maddi təminatını ödəyir. Həmin torpaq sahəsinin 1,72 hektarı İddiaçı1 mülkiyyətində, qalan 4,58 hektarı isə İddiaçı2 mülkiyyətində olmaqla həmin torpaq sahələrinə görə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışlar. Həmin torpaq sahəsindən ölçüsü 4,58 hektar olan torpaq sahəsini həmkəndlisi X4 2014-cü ildə notariat qaydasında təsdiq edilmış alqı-satqı müqaviləsinə əsasən alaraq öz adlarına çıxarış almışlar. Mülkiyyətlərində olan ümumilikdə 6,3 ha torpaq sahəsinin qonşuluğunda digər həmkəndlisi X2 torpaq sahəsi yerləşir və həmin torpaq sahəsinə həmkəndlisi olan Cavabdeh nəzarət etməklə istifadə edir. 2024-cü ilin sentyabr ayında torpaq sahəsində taxıl əkmiş, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində taxıl sahəsinə baxmağa gedərkən əkdikləri taxıl sahəsində traktorla təxminən 500 metr uzunluğunda su arxının çəkildiyini və gecə mal-qara salınaraq taxılın otarılmaqla ziyan vurulduğunu görmüş və dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra Kürdəmir rayon polis şöbəsinin əməkdaşları gələrək araşdırma aparandan sonra əkdikləri taxıl sahəsindən traktorla su arxı çəkənin və taxıl sahəsinə mal-qara salınaraq otaranın Cavabdeh olduğu müəyyən edilmişdir. Həmçinin Cavabdeh onların öz mülkiyyətində olan torpaq sahəsində əkdiyi taxıl sahəsinin 4,5 hektarını suya vermiş və bunun da nəticəsində əlavə olaraq onlara xeyli miqdarda ziyan vuraraq 4.5 ha əkin sahəsindən götürəcəyi gəlirdən onları məhrum etmişdir. Həmçinin cavabdeh onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməklə həmin torpaq sahəsindən istifadə sahəsində onlara müəyyən maneələr törədir. Kürdəmir rayon Polis şöbəsində aparılmaş araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və tələbinin mülki xarakterli olduğunu bildirib onlara məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddia tələbini qəbul etmir və həmin iddia tələbi ilə bağlı heç bir cavabdehlik daşımır. Belə ki, iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya İddiaçı2 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində özlərinə məxsus Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən torpaq sahəsində əkdikləri taxıl sahəsinə baxmağa gedərkən əkdikləri taxıl sahəsində traktorla təxminən 500 metr uzunluğunda su arxının çəkildiyini və gecə mal-qara salınaraq taxıl sahəsinə ziyan vurulduğunu görmüşdür. İddiaçıların mübahisələndirdikləri və Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən torpaq sahəsi onun deyil, həmkəndlisi X3 məxsusdur. Hüseynəli Məlikov iddiaçılarla qonşuluqda yerləşən torpaq sahəsinin sərhədlərini müəyyən etdirmək məqsədilə DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsinə rəsmi qaydada müraciət edərək mütəxəssis dəvət etmiş və mütəxəssislər CPS aparatı ilə torpaq sahəsinin kordinatlarını müəyyən edib torpaqların sərhəddini müəyyən etmişlər. Sərhədlər müəyyən olunandan sonra Məlikov Hüseynəlinin tapşırığı ilə oğlunun idarə etdiyi traktorla torpaq sahəsindən müəyyən edilmiş sərhəddin bilinməsinə görə şırım çəkmişdir. Bundan əvvəl isə iddiaçılar özləri Məlikov Hüseynəliyə məxsus olan torpaq sahəsinin tən ortasından Hundai markah traktorla böyük kanal qazdırıb Məlikov Hüseynəliyə məxsus torpaq sahəsinin çox hissəsini zəbt edib qanunsuz istifadə etmişlər. Sərhədlər müəyyən ediləndən sonra Məlikov Hüseynəli iddiaçılar tərəfindən çəkilən böyk kanalı ləğv etmələrini tələb etsə də, iddiaçılar həmin kanalı bu günə kimi ləğv etməmişlər və həmin kanalın çəkilməsinə görə torpaq sahəsinin müəyyən hissəsi istifadəyə yararsız hala düşmüşdür. İddiaçılar iddia ərizəsində torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi məqsədilə Məlikov Hüseynəli tərəfindən çəkilən şırımın onun tərəfindən çəkilən su arxı kimi göstərmişlər. İddiaçılar bununla bağlı 2024-cü ilin noyabr ayında Kürdəmir rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və onların müraciəti əsasında Polis şöbəsində araşdırma aparılmış və mübahisəli torpaq sahəsinə mütəxəssislər cəlb edilərək baxış keçirlmiş, lakin iddiaçıların taxıl sahəsini su basması ilə bağlı göstərdikləri sübut olunmadığına görə iddiaçıların şikayətü üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. O, ümumiyyətlə iddiaçılara məxsus torpaq sahəsində heç bir iş görməmiş və suvarma işi aparmamışdır. İddiaçılara məxsus olan torpaq sahəsi iki böyük sü kanallarının, Baş Şirvan kanalının və digər böyük su kanalının arasında yerləşdiyindən məlum leysan yağışları ilə əlaqədar həmin kanallarda suyun səviyyəsinin qalxması nəticəsində iddiaçıların əkin sahəsini su basmışdır. İddiaçılara məxsus əkin sahəsi başqa şəxs tərəfindən suya basılmamışdır. İddiaçı2 özü leysan yağışları ilə əlaqədar ərazidən keçən böyük su kanallarında suyun daşması nəticəsində əkin sahələrini su basmasının qarşının alınmasında onlara kömək edilməsi ilə əlaqədar Kürdəmir RİH-nə müraciət etmiş və başçının qəbulunda olmuşdur. İddiaçılar X3 məxsus torpaq sahəsinə nəzarət etməyi öz əllərinə keçirmək üçün ona qarşı böhtan xarakterli əməllərini davam etdirərək İddiaçı2 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə böhtan xarakterli ərizə ilə müraciət edərək X22 Sistemlərinin İstismarı İdarəsində maşinist işləyən oğlu X13 işlədiyi Pirili kəndində yerləşən su nasosunda guya nasos işləmədiyi halda maaş aldığını və onun aldığı maaşın geri qaytarılması barədə şikayət etmişdir. X22 Sistemlərinin İstismarı İdarəsində İddiaçı2 böhtan xarakterli şikayəti əsasında araşdırma aparılmış və şikayətin əsassız olduğu müəyyən edilmişdir. İddiaçılar iddia ərizəsində hansısa mütəxəssis tərəfindən baxış keçirildiyini və onların torpaq sahəsində əkdikləri taxıl sahəsinə su basması nəticəsində 5083,8 manat ziyan dəyməsi müəyyən edilmiş və iddiaçılar həmin ziyanı əsassız olaraq ondan tələb edirlər. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar ona qarşı məkirli olaraq heç bir subut və dəlil təqdim etmədən məhkəməyə müraciət etmişlər. Həmin iddia tələbi ilə bağlı heç bir cavabdehlik daşımır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, atası İddiaçı1 məxsus olan yaşadığı kəndin ərazisində yerləşən 1.72 hektar torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin qonşuluğunda qohumu Oktay Məlikova məxsus olan 4.58 hektar torpaq sahəsinin olduğunu, 2014-cü ildə həmin torpaq sahəsini qohumu Oktaydan alqı satqı yolu ilə aldığını, hal-hazırda həmin torpaq sahəsi rəsmi çıxarışla öz adında olduğunu, Oktaydan həmin torpaq sahəsini alan zaman onun həmin torpaq sahəsinin sərhəd nişanlarını ona göstərdiyini, hər il mövsümü olaraq həmin torpaq sahəsinə dənli bitkilər əkdiyini, 2024-cü ilin sentyabr ayında həmin torpaq sahəsinə taxıl əkdiyini, həmin torpaq sahəsinin qonşuluğunda qohumu Qulu Məlikova məxsus olan torpaq sahəsinin olduğunu, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində taxıl sahəsinə baxmağa getdiyini, həmin vaxtı taxıl sahəsində təxminən 500 metr uzunluğunda traktorla su arxı çəkildiyini, sahəsinə maddi ziyan vurulmasının şahidi olduğunu, ona görədə DİN-nin 102 mərkəzi zəng xidmətinə müraciət etdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini, hadisə yerində ilkin araşdırma zamanı ona məxsus olan taxıl sahəsində öz başına olaraq su arxını həmkəndlisi Cavabdeh çəkməsi məlum olduğunu, Qurbanın ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini, hal hazırdada həmin torpaq sahəsindən Qurbanın istifadə etmək istədiyini, şikayət etməkdə məqsədinin Cavabdeh ona maddi ziyan vurduğu üçün və torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün onun barəsində qanuni tədbir görülməsi olduğunu bildirmişdir. İddiaçı göstərdiyi halları nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 da izahatında oğlu İddiaçı2 izahatında qeyd etdiyi xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh izahatında göstərdi ki, İddiaçı2 həmkəndlisi olduğunu, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, Rəşadın 2014-cü ildə həmkəndlisi Oqtaya məxsus olan 4.58 hektar torpaq sahəsini alqı-satqı qaydasında rəsmi olaraq aldığını, həmin torpaq sahəsinin qonşuluğunda qohumu X7 məxsus olan 3.02 hektar torpaq sahəsinin olduğunu, təxminən 10 ildən artıq müddətdir ki, Rəşadın Bəsdiyə məxsus olan torpaq sahəsini 1.5 ha hissəsini zəbt edərək taxıl əkdiyini, ona görədə Bəsdinin əri Qulu ilə birlikdə ƏMDK-nın əməkdaşlarını həmin torpaq sahəsinin sərhəd nişanlarını müəyyən etmək üçün dəvət etdiklərini, bununla bağlı Rəşada məlumat verdiklərini, lakin, Rəşadın həmin torpaq sahəsinə gəlib ölçüdə iştirak etmədiyini, ona görədə Rəşadın atası Şakiri həmin torpaq sahəsinin yanına çağırdıqlarını, Şakirin ölçmə işlərində iştirak etdiyini, Bəsdiyə məxsus olan torpaq sahəsinin sərhəd nişanlarını müəyyən etdiklərini, bununla bağlı nişanlar qoyduqlarını, sonra isə Qulunun Şakirin yanında ona Rəşadla torpaq sahəsində olan ərazinin sərhədini müəyyən etmək üçün özünəməxsus olan traktorla 400 metr arx çəkməsini Rəşada məxsus olan torpaq sahəsini zəbt etmədiyini, ona maddi ziyan vurmadığını, Rəşadın müraciətində göstərdiyi xüsusatların yalan və şər-böhtan olduğunu, həmin arxı da Bəsdinin əri Qulunun göstərişi əsasında çəkdiyini bildirmişdir. Cavabdeh göstərdiyi halları nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da iddiaya dair etirazında göstərilən xüsusatları təsdiq edərək və cavabdehin izahatında göstərdiyi halları nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxaşdan məlum olur ki, Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən ümumilikdə 4.58 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxaşdan məlum olur ki, Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən ümumilikdə 1.72 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxaşdan məlum olur ki, Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən ümumilikdə 3.02 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X8 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Kürdəmir rayonu Pirili kəndində yaşayan İddiaçı2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərək və Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh çobanı Daşqın adlı şəxs xırdabuynuzlu qoyun heyvanlarını ona məxsus taxıl və yonca sahəsinə salıb otararaq maddi ziyan vurduğunu göstərməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı2 izahatında Kürdəmir rayonunun Pirili kəndində yaşadığını, Kürdəmir rayonu Pirili kəndində yaşayan Cavabdeh həmkəndlisi olduğunu, Qurbanla heç bir ədavətinin və düşmənçiliyinin olmadığını, yaşadıqları kəndin kənarında atası Şakirə məxsus 1.72 ha pay torpaq sahəsinin olduğunu, pay torpaq sahəsinin yanında X9 ailə üzvlərinə məxsus 4.58 ha pay torpaq sahəsinin olduğunu, Oktay özünə və ailəsinə məxsus 4.58 ha pay torpaq sahəsini 2014-cü ildə notarial qaydada 4500 manata ona satdığını, o da atası Şakirə məxsus və Oktaydan aldığı torpaq sahəsində taxıl və yonca əkini əkdiyini, Qurbanın çobanı Daşqın özünə və Qurbana məxsus xırdabuynuzlu qoyun heyvanlarını əkdiyi taxıl və yonca sahəsinə salaraq otarıb ziyan vurduqlarını, Daşqına və Qurbana bir neçə dəfə xəbərdarlıq etsə də heç bir nəticəsi olmadığını, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Daşqın çiynində tüfəng qoyunları əkin sahəsinə salıb otardığından Daşqına nəyə görə qoyunları əkin sahəsinə salıb otararaq ziyan vurduğunu soruşduğunu, Daşqın ona yonca sahəsinin Qurbana məxsus olduğunu və aparıb otarmasını dediyini, Daşqın heyvanları taxıl və yonca sahəsinə salıb otardığından DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Cavabdeh izahatında kürdəmir rayonunun Pirili kəndində yaşadığını, Kürdəmir rayonu Pirili kəndində yaşayan İddiaçı2 həmkəndlisi olduğunu, Rəşadla heç bir ədavətinin və düşmənçiliyinin olmadığını, kənd sakini qohumu Hüseynəli Məlikova məxsus Pirili kənd ərazisində 3.05 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində yonca əkini əkdiyini. Hüseynəlinin yonca sahəsindən bir neçə il istifadə edərək biçin vaxtları yoncanı biçib sataraq Hüseynəliyə göndərdiyini, Rəşadın da həmin yerdə atasına məxsus pay torpaq sahəsinin olduğunu, Rəşadın iddia etdiyi torpaq sahəsi Hüseynəlinin qardaşı Oktaya məxsus olduğunu, Rəşad Hüseynəlinin torpaq sahəsini orta hissəsinə kanal çəkdirdiyini və ona məxsus olduğunu iddia etdiyini, Hüseynəli də Qurbana payız aylarında yonca sahəsində heyvanlarını otarmağa icazə verdiyini, Rəşad heyvanlarni yonca sahəsində otarmağa ona imkan vermədiyini bildirmişdir. X18 izahatında kürdəmir rayonunun Pirili kəndində yaşadığını, Kürdəmir rayonu Pirili kəndində yaşayan İddiaçı2 həmkəndlisi olduğunu, kənd sakini Hüseynəli Məlikova məxsus Pirili kənd ərazisində 3.05 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində yonca əkini əkdiyini, Qurban Hüseynəlinin yonca sahəsindən bir neçə il istifadə etdiyini, Rəşadın da həmin yerdə pay torpaq sahəsinin olduğunu, Rəşadın iddia etdiyi torpaq sahəsi Hüseynəlinin qardaşı Oktaya məxsus olduğunu, Rəşad Hüseynəlinin torpaq sahəsinin orta hissəsinə kanal çəkdirdiyini, Hüseynəli Qurbana biçin vaxtı yoncanı biçdirib satıb pulunu göndərməsini və payız aylarında heyvanlarını otarmağa icazə verdiyini, biçin vaxtı Qurban Hüseynəliyə məxsus yonca sahəsini biçdirib pulunu göndərdiyini, Rəşad Hüseynəliyə məxsus yonca sahəsində heyvanlarını otarmağa imkan vermədiyini, Rəşada məxsus yonca və taxıl sahəsinə heyvanları salmadığını, tüfənginin olmadığını, Rəşadın onun və Qurbanın barəsində dediklərinin yalan olduğunu bildirmişdir. Kürdəmir rayonu Pirili kəndində yaşayan Cavabdeh və X18 özlərinə məxsus qoyun heyvanlarını həmin kənd sakini İddiaçı2 məxsus yonca və taxıl sahəsinə salıb otarmaları faktı öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X10 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Pirili kəndində yaşayan İddiaçı2 DİN-nin 102 mərkəzi zəng xidmətinə və Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, ona və ailə üzvlərinə məxsus olan 4.58 hektar torpaq sahəsini həmkəndlisi Cavabdeh qanunsuz olaraq zəbt etdiyini, həmin sahədə əkdiyi taxılın içərsindən arx çəkərək ona ziyan vurduğunu bildirmişdir. "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış araşdırmalara əsasən hazırlanmış hesabatın nəticəsi: aparılan araşdırmalar və təhlillərə əsasən 4.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə əkilmiş "Qarabağ 22" arpa sortunun su basması nəticəsində əldən çıxmış fayda 5083.8 (beş min səksən üç, 8) manat təşkil edir. -Kürdəmir rayon İHB-nın Pirili kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 98 nömrəli arayışına əsasən, həqiqətən bir qrup Pirili kənd sakinlərinin pay haqqı torpaq sahələri dəfələrələ Baş Şirvan Kollektorunda suyun normadan artıq qalxması nəticəsində qurunt suları altında qalmış və əkinlərə ciddi şəkildə ziyan vurmuşdur. Bu hal sonuncu dəfə 2025-ci ilin aprel ayında aramsız yağan leysan yağışlar nəticəsində nəticəsində təkrarlanmışdır. -Karrar qəsəbə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 12 nömrəli arayışına əsasən, həqiqətən bir qrup Pirili kənd sakinlərinin həyətyanı və pay torpaq sahələri dəfələrlə Baş Şirvan Kollektorunda suyun normadan artıq qalxması nəticəsində qurunt suları altında qalmış və əkinlərə ciddi şəkildə ziyan vurmuşdur. Bu hal sonuncu dəfə 2025-ci ilin aprel ayında aramsız yağan leysan yağışlar nəticəsində təkrarlanmışdır. - X19 imza etdiyi məlumatı: “mən X1 su birliyinin nümayəndəsi olaraq su istifadəçiləri arasında suyun növbə ilə verirəm. Odur ki, mən Cavabdeh su verməmişəm. X11 yerini suvarmaq üçün suyu X14 vermişəm və o da öz növbəsində kənddə suçulara sulatdırmışdır. Qutardıqdan sonra suyu X15 vermişəm”. -“Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X31 arayışına əsasən, Kürdəmir rayonu Pirili kənd sakini İddiaçı1 həqiqətən də “Xroniki böyrək xəsytəliyi V terminal mərhələ” diaqnozu ilə xəstədir. -Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-56/2-948/2025 nömrəli məktubuna əsasən, Kürdəmir rayonunun Pirili kənd sakini İddiaçı2 xx.xx.2025-ci il tarixində Baş Şirvan kollektorunda suyun səviyyəsinin qalxması nəticəsində Beyi kəndindən gələn kanalın kəndin əkin və həyətyanı torpaq sahələrinə ziyan vurması barədə müraciətilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun qəbulunda olmuşdur. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri X31 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxaşa əsasən Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən İddiaçı2 mülkiyyətində olan 4.58 ha torpaq sahəsinin və xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxaşa əsasən Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan 3.02 ha torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilsin. - Həmin ərazidə traktorla şırım açılmış torpaq sahəsinin sənədlə və faktiki vəziyyətinə görə İddiaçı2 və ya X5 mülkiyyətində olan 3.02 ha torpaq sahəsinə aiddiyyəti müəyyən edilsin. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-3892/2025 nömrəli mütəxəssis rəyinə əsasən: - xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2019-cu il tarixli A№ 397942 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) əsasən Kürdəmir rayonunu Pirili kəndi ərazisində yerləşən İddiaçı2 mülkiyyətində olan 4.58 ha torpaq sahəsinin və xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi) əsasən Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən X16 və ailə üzvlərinin mülkiyyətində olan 3.02 ha torpaq sahəsi koordinatları və sərhədləri müəyyən edilmişdir. - Ərazidə traktorlar şırım açılmış torpaq sahəsinin xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan 3.02 ha torpaq sahəsinin şimal sərhəddi ilə çəkildiyi və sözügedən ərazinin iddiaçı tərəfindən faktiki istifadə edildiyi məlum olmuşdur. - Əlavə olaraq, baxış zamanı iddaçının faktiki istifadə etdiyini bildirdiyi 9.08 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X16 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyataına alınmış 3.02 ha torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edildiyidə məlum olmuşdur. İş materiallarına eyni zamanda fotoşəkillər, 1 ədəd disk, arayışlar və digər sənədlər əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılara məxsus torpaq sahəsində əkilmiş taxıl sahəsinə vurulmuş ziyan xx.xx.2025-ci il tarixində Baş Şirvan kollektorunda suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş, bu hal Kürdəmir rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-56/2-948/2025 nömrəli məktubu ilə təsdiq edilmişdir. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdikləri torpaq sahəsi X5 mülkiyyətində olan 3.02 ha torpaq sahəsidir, həmin torpaq sahəsi də iddiaçılar tərəfindən zəbt edilmişdir. Ərazidə traktorlar açılmış şırımın Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən X5 mülkiyyətində olan 3.02 ha torpaq sahəsinin şimal sərhəddi ilə çəkildiyi və sözügedən ərazidən də iddiaçılar tərəfindən faktiki istifadə edildiyi məlum olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-cı maddəsinin 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 67-cı maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. -111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması zamanı iddiaçıların irəli sürdükləri tələbləri təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə mübahisənin obyektiv həll edilməsi ilə bağlı iş üzrə digər mötəbər sübutun olmadığını nəzərə alaraq, hazırki vəziyyətdə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar