Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-182/2026 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma, maneələrin aradan qaldırılması və dəymiş ziyan tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1320/2025 saylı 02 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək , MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətində olan və Kürdəmir rayonunun Pirili kəndi ərazisində yerləşən ümumilikdə 6.3 hektar torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən idarə etdiyi traktorla çəkdiyi təxminən 500 metr uzunluğunda su arxının onun öz vəsaiti hesabına aradan qaldırılması, taxıl sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, həmin torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə edilən maneələrin aradan qaldırılması və vurduğu maddi ziyana görə cavabdehdən 5083,80 manat və dövlət rüsumuna görə ödənilmiş 79 manat olmaqla, ümumilikdə 5162,80 (beş min yüz altmış iki manat səksən qəpik) manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1320/2025 saylı 02 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (X3), iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1320/2025 saylı 02 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası İddiaçı2 vermiş olduğu apelyasiya şikayətinin apelyasiya icraatı üçün prosessual əsasların olub-olmamasını müəyyən edərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-ə Əlavə 2-lə apellyasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti həmin formaya uyğun tərtib edilməlidir. Formanın 6cı və 7-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki apellyasiya şikayətində maddi hüquq normaları sadanlansa da, qətnamə ilə müqayisəli şəkildə həmin normaların pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe ifadə edilməmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin tələbinə görə, daxil olan apellyasiya şikayətinin surəti qarşı tərəfə göndərilir ki, qarşı tərəfin həmin şikayətin dəlillərinə öz münasibətini bildirə bilsin və özünün məhkəmədə müdafiə hüququnu təmin edə bilsin. Lakin tərtib olunan apellyasiya şikayəti üzrə dəlillər əsaslandırılmamış, maddi və prosessual hüquq normaları yuxarıda qeyd edildiyi kimi düzgün göstərilməmişdir. Qeyd olunan halı birinci instansiya məhkəməsi nəzərə almayaraq apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Digər tərəfdən kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumun ödənilməsi barədə qəbzə də nəzər yetirdikdə görünür ki, xx.xx.2026-ci il tarixdə ödənilmiş ********** №li qəbzdən görünür ki, İddiaçı2 40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, iddiaçılar iddia ərizəsinin verilməsinə görə 79 manat dövlət rüsumu ödəmişdir. İddiaçıların iddia tələbi 2 hissədən ibarətdir: 1-ci hissədə iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması və maneələrin aradan qaldırılması ilə bağlıdır və qiymətləndirilməyən iddia növünə aiddir. 2-ci hissədə isə iddia tələbi cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlıdır və qiymətləndirilən iddia növünə aiddir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin qanunun 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. Göründüyü kimi qanunun apellyasiya şikayətinin verilməsinə görə 1-ci instansiya məhkəməsində ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməsini nəzərdə tutmuşdur. Hazırki işdə isə iddiaçılar qiymətləndirilməyən iddia tələbinə görə 100 manat, qiymətləndirilən iddia tələbinə görə 70.83 manat, ümumilikdə 170.83 manat ödəməli idilər. Lakin iddiaçılar rüsumun məbləğini az, yəni 79 manat məbləğində ödəmiş, İddiaçı2 isə apellyasiya şikayəti verərkən həmin məbləğin yarısını, yəni 40 manat ödəmişdir. Lakin İddiaçı2 40 manat deyil, iddia ərizəsinin verilməsinə görə ödəməli olduqları məbləğin yarısını, yəni 85.41 manat ödəməli idi. Ona görə də kollegiya qeyd edir ki, iddiaçı yenidən apellyasiya şikayəti verəcəyi halda dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd edilən tələbini nəzərə almalıdır. Belə olan halda kollegiya qeyd edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və hüquqi qiymət verilməsi üçün mülki iş, iş materialı ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. 363.4-ci maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş materialı Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1320/2025 saylı 02 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-182/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-182/2026
04.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver