Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1485/2025 13.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X15 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ direktoru Elçin Bilalovun xx.xx.2025-ci il tarixli 373 saylı əmrinin ləğv edilərək onun əvvəlki vəzifəsinə bərpa olunmağına, məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsinə (işə bərpa olunacağı günədək) gecikməyə görə 1% hesablanıb verilməsinə, Mediasiya xərci 60 manat və mənəvi zərərə görə cavabdehdən 5000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Səhiyyə Nazirliyinin tabeliyində olan Kürdəmir rayon Mərkəzi Xəstəxanası, uşaq psixi sağlamlıq bölməsinin psixoloqu vəzifəsi üzrə işə qəbul olunmuş. Struktur dəyişikliyi ilə əlaqədar olaraq 2020-ci ilin yanvar ayında Cavabdeh "TƏBİB"-in tabeliyinə verilmişdir. xx.xx.2020-ci il tarixdən "TƏBİB"-in tabeliyində olan "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən həmin vəzifəyə yenidən işə qəbul olunmuşdur. "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ direktoru Elçin Bilalovun xx.xx.2025-ci il tarixli 373 saylı əmrinə əsasən onunla bağlanmış müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən xitam verilmişdir. Xitamın əsası kimi "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2025-ci il tarixli 5 saylı iclas protokolunu əsas götürüblər. Cavabdehə mediasiya təklifi göndərmiş və sonradan mediatora ərizə ilə müraciət etmişdir. Mediasiya prosesində cavabdehin səlahiyyətli nümayəndəsi iştiak etməyib. Əlavə olaraq X7 regional idarəsinə ərizə ilə müraciət etmiş, Əmək müfəttişliyi tərəfindən "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ vəzifəli şəxsinə qarşı inzibati tənbeh tədbiri görülmüşdür. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası"-nın Uşaq Psixi Sağlamlıq Bölməsinə psixioloq vəzifəsinə işə qəbul olunmuşdur. "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 418 saylı Fərmanının 2-ci hissəsinə uyğun olaraq İcbari Tibbi Sığorta X13 "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyinə keçmiş, bununla əlaqədar olaraq yeni ştat cədvəli təsdiq edilmişdir. Təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən psixioloq vəzifəsi poliklinika şöbəsinə keçirilmişdir. İddiaçı həmin tarixdən poliklinika şöbəsində psixioloq kimi fəaliyyətini davam etdirmişdir. Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən TƏBİB idarəetməsinə verilən xəstəxanada heç bir işçi vəzifədən azad edilməmişdir. Bütün işçilər ştat üzrə işdə saxlanılmışdır. Bu səbəbdən hər hansı bir işçinin ayrı-ayrılıqda sənədlərinə, sertifikatlarına baxış keçirilməmiş, xəstəxana Səhiyyə Nazirliyi tərəfindən təhvil alındığı formada fəaliyyətini davam etdirmişdir. İddiaçı sənədlərinin attestasiya komissiyasında yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixdə ünvanına rəsmi məktub göndərilmişdir. xx.xx.2025-ci il tarixdə attestasiya komissiyasıın iclası keçirilmiş və protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin vahid tarif-ıxtisas sorğu kitabçasında psixoloq vəzifəsinə ixtisas tələbi ali ixtisas (psixoloq) təhsili olduğu qeyd edilmişdir. İddiaçı təhsili isə orta ixtisas (Şuşa Mədəni-Marif texnikumu, məktəbəqədər müəssisələrdə tərbiyəçi və əlavə ibtidai sinif müəllimi ixtisas; xx.xx.2017-xx.xx.2018 dövrdə "Psixologiya ixtisası" sertifikatı) təhsilli olmuşdur. Attestasiya Komissiyasının qərarına əsasən İddiaçı sənədlərinin-ixtisası va təhsilinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul edilmiş və attestasiyaya buraxılmamışdır. Bununla əlaqədar olaraq xx.xx.2025-ci il tarixli 18-1-49/3-1-373/2025 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə uyğun olaraq həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Qərara əsasən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla (AR ƏM maddə 70.c) xitam verilməsinə Kürdəmir SİHİ tərəfindən razılıq vermişdir. Hər ilin əvvəlində xəstəxanın ştatlar üzrə tərifləşmə cədvəli təsdiq olunaraq TƏBİB PHŞ-ya göndərilir. TƏBİB PHŞ tərəfindən bundan əvvəlkı vaxtlarda İddiaçı ilə bağlı bir neçə dəfə şifahi iradlar tutulmuşdur. İddiaçı xəstəxanaya dəvət edilərək ona bu barədə məlumat verilmişdir. İddiaçı attestasiya komissiyası tərəfindən sənədlərinin-ixtisası və təhsilinin tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul edilmiş və attestasiyaya buraxılmamışdır. Onuda əlavə edək ki, iddiaçıya xəstəxanada müxtəlif işlər təklif edilmiş, lakin o edilən təklifləri qəbul etməmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi X9 MMC tərəfindən təşkil edilən "Psixologiya" kursunu bitirmişdir. Təhsilinin qoyulan tələblərə uyğun olmadığı üçün İddiaçı işlədiyi müddət ərzində peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün hər hansı bir kurs, təlim, seminar və.s kimi yerlərə göndərmək mümkün olmamışdır. "Psixologiya" ixtisası üzrə sertifikatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilir. İddiaçı iddiası üzrə araşdırılaraq işə bərpası üzrə məhkəmə qətnaməsi elan olunduğu təqdirdə məhkəmə qərarı icra ediləcəkdir. Digər müəssisələrdə qərarın hansı formada icra edilib-edilməməsi həmin müəssisələrə aid olan məsələdir. Hər bir müəssisənin müşahidə komissiyası, attestasiya komissiyası və.s kimi komsssiyalar vardır ki, həmin komssiyalara müəssisənin işinin normal ahəngdə təşkil edilməsinə, keyfiyyətli xidmətin təşkil edilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və.s bu kimi xidmətlərə yönəlmişdir. Digər xəstəxanalarda attestasiya komissiyasında hansı kadrların sənədlərinin yoxlanılması ilə bağlı məsələlər həmin müəssisənin öz daxili qaydaları ilə tənzimlənir. İddiaçı işdən azad olunduğu gündən məhkəmə qətnaməsi asasında işə bərpa olunarsa qanunverciliyin tələblərinə uyğun həmin günlər üçün ödəniş həyata keçiriləckdir. Məlumat üçün qeyd edək ki, mediasiya təklifi ilə bağlı xx.xx.2025-ci il tarixli təklifi xx.xx.2025-ci il tarixdə cavablandırılaraq ünvanına göndərilmişdir. xx.xx.2025-ci il tarixə təyin olunmasına baxmayaraq, mediasiya iclasının məktubu xx.xx.2025-ci il tarixdə daxil olmuş bu səbəbdən iştirak edilməmişdir. Şifahi formada əlaqə saxlanılmış, işin məhkəmə qaydasında baxılacağı məlumatı verilmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, müdafiə etdiyi şəxs 2018-ci ildə Səhiyyə Nazirliyinin tabeliyindəki Kürdəmir rayon Mərkəzi Xəstəxanasında psixoloq vəzifəsinə qəbul edilmiş, 2020-ci ildə isə struktur dəyişikliyi ilə əlaqədar olaraq TƏBİB-in tabeliyindəki eyni xəstəxanada bu vəzifəyə yenidən təyin edilmişdir. İxtisasının və peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olmadığına dair xx.xx.2025-ci il tarixli iclas protokolunda qərar qəbul edilmişdir. Bu qərarın Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərini pozduğunu iddia edir, çünki attestasiya qaydaları yalnız praktiki tibbi fəaliyyətlə məşğul olan işçilər istisna olmaqla, bütün işçilər üçün keçirilməlidir. TƏBİB tərəfindən verilən göstərişə əsasən İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı iddia edilsə də, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin vəzifəyə uyğunluğu barədə qərar qəbul edə və işəgötürənə tövsiyələr verə bilər. Əmək Məcəlləsinin 67.2-ci maddəsi işçinin peşə hazırlığının artırılması və ya digər vəzifəyə keçirilməsi imkanlarını nəzərdə tutur. Müdafiə etdiyi şəxs psixologiya üzrə sertifikat almış, işlədiyi müddətdə ona qarşı heç bir irad tutulmamış, ştat vahidinin vakansiyası ilə bağlı elan verilməmişdir. Cavabdeh tərəfindən yol verilən pozuntular X7 regional idarəsi tərəfindən araşdırılmış və xəstəxananın direktoru barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon Mərkəzi Xəstəxanası, uşaq psixi sağlamlıq bölməsinin psixoloqu vəzifəsinə qəbul olunmuşdur. - "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 373 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının 21 aprel 2025-ci il tarixli iclasının protokolundan görünür ki, iclasın əsas məqsədi Poliklinika şöbəsinin psixoloqu İddiaçı peşəkarlıq səviyyəsini və ixtisasına uyğunluğunu yoxlamaqdır. Direktor müavini-baş həkim T.H.İslamov İddiaçı tutduğu vəzifəyə qoyulan tələblərə uyğun olmadığını bildirmişdir. İclasın sonunda İddiaçı təhsilinin tutduğu vəzifəyə uyğun olub-olmaması barədə attestasiya komissiyası tərəfindən qərar qəbul edilməsi üçün təşkil edilmişdir. İddiaçı 1995ci ildə M. Əzizbəyov adına Şuşa Mədəni-Maarif Texnikumunu məktəbəqədər müəssisələrdə tərbiyəçi və əlavə ibtidai sinif müəllimi ixtisası üzrə bitirib. xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixə kimi "psixologiya ixtisası" üzrə sertifikat alıb. Həmin tarixdən xəstəxanada psixoloq vəzifəsində çalışıb. Qərara alınıb ki, İddiaçı ixtisası və təhsili tutduğu vəzifəyə uyğun deyil. -“Kürdəmir rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-49/2-K-1-18/2025 saylı Mediasiya prosesinin tətbiqi barədə İddiaçı ünvanladığı məktubunda, Kürdəmir Rayon Mərkəzi X1 mediasiya prosesinin tətbiqi barədə təklifini nəzərdən keçirib. Mübahisənin predmeti xəstəxananın Təranə Məhəmmədəli qızını vəzifədən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının verilməsidir. Xəstəxana bu məsələnin mediasiya təşkilatında baxılmasına etiraz etmir. -Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli rəsmi məktubunda, İddiaçı xx.xx.2025-ci il tarixində saat 15:00-da Kürdəmir Rayon Mərkəzi X5 şöbəsinə yaxınlaşması xahiş edilir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsinin İddiaçı ünvanlanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə aparılan sertifikasiyaya cəlb olunmadan, təhsilinin tutduğu vəzifəyə uyğun olmaması səbəbindən xitam verilmişdir. Müəyyən edilmişdir ki, o, qeyriixtisas üzrə orta ixtisas təhsilinə malik olduğu halda, psixoloq vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Klinik (tibbi) psixoloq vəzifəsi üçün magistratura və ya psixologiya üzrə ali təhsil və əlavə tibbi psixologiya təhsili tələb olunur. İşçinin attestasiyadan keçməməsi səbəbindən tutduğu vəzifəyə uyğun olmadığı qərarlaşdırılıb. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin müvafiq maddələrinin (12-ci maddənin 1-ci hissəsinin "a", "b", "c" bəndləri, 43-cü maddənin 3-cü hissəsi) pozulduğu qeyd olunur. Son haqq-hesabın düzgün hesablanmaması (69,26 manat əskik) və sonuncu iş günündən 3 gün sonra ödənilməsi kimi maliyyə pozuntuları aşkar edilmişdir. Xəstəxana direktorunun əmək müqaviləsinə xitam verilməsi və son haqqhesabın düzgün ödənilməməsi ilə bağlı hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta kimi qiymətləndirilmişdir. X14 inzibati xəta törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmiş və şərti inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına eyni zamanda iddiaçıya aid şəxsiyyət vəsiqəsinin, diplomun və sertifikatın sürəti, kadrlar uçotunun şəxsi vərəqəsi, məktublar və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 71-ci maddəsi ilə müəyyən edilmişdir ki; 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 2. Bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi, 21 aprel 2025-ci il tarixli 5 nömrəli iclas protokolunda “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin psixoioqu İddiaçı peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına sənədinə uyğun olaraq tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə” gündəlik məsələ kimi qoyulmuş, Baş həkimin və İnsan resursları şöbəsinin müdirinin məlumat xarakterli çıxışından sonra İddiaçı ixtisasına və təhsilinin tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Qəbul edilmiş qərarın “lehinə” və “əleyhinə” səs verilməsi barədə heç bir məlumat göstərilməmişdir. Bundan əlavə, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərə “Attestasiya komissiyasının yaradılması haqqında” “X12” publik hüquqi şəxsin qeyri-tibb işçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olubolmaması və sar məsələlərin həll edilməsi üçün əmr əlavə edilmiş, həmin əmrin hazırki işə heç aidiyyəti yoxdur. Bundan əlavə, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin iddiaçıya verdiyi cavab məktubundan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxs "Kürdəmir rayonu Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə etdiyi müraciət əsasında Xəstəxananın direktoru X10 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4. və 192.6 maddələrinə uyğun olaraq Regional şöbənin xx.xx.2025-ci il tarixli MN ******* saylı Protokolu tərtib edilmiş, 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ilə o, bu Məcəllənin 192.6. maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində şərti olaraq inzibati cərimə edilmişdir. Məktubda istinad edilən, İXM-nin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə, 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddiasında 1) "Kürdəmir rayon Mərkəzi Xəstəxanası" PHŞ direktoru Elçin Bilalovun xx.xx.2025-ci il tarixli 373 saylı əmrinin ləğv edilməsi; 2) əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi; 4) gecikməyə görə 1% hesablanıb verilməsi; 5) mediasiya xərci 60 manat və 6) mənəvi zərərə görə cavabdehdən 5000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, gecikməyə görə 1% hesablanıb verilməsi və mənəvi zərərə görə cavabdehdən 5000 manat tutularaq ona ödənilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. - 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Qeyd edilən məsələ iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən araşdırılmış, Xəstəxananın direktoru X10 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4. və 192.6 maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ilə o, bu Məcəllənin 192.6. maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində şərti olaraq inzibati cərimə tətbiq edilmiş və yol verilən pozuntuların aradan qaldırılması üçün cavabdehə icrası məcburi olan göstəriş məktubu ünvanlanmışdır. Mənəvi zərərə görə cavabdehdən 5000 manat tutularaq ona ödənilməsi ilə bağlı iddiaçı hüç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bu hissədə hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun tutulmasını tələb etsə də, həmin zərərin nədən ibarət olması və cavabdehin hansı qanunsuz hərəkəti nəticəsində yaranmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmiş, eləcə də, bu halı məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Halbuki, mülki işlər üzrə məhkəmə icraatının vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin qanunla qorunan hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməyə və həmin halları məhkəmədə sübut etməyə borcludur. Hazırki işdə isə iddiaçı ona vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbinin əsaslılığını məhkəmə araşdırmasında sübut edə bilməmiş, eləcə də həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə “Kürdəmir rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Kürdəmir rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsinin direktoru Elçin Bilalovun xx.xx.2025-ci il tarixli, 373 saylı əmri ləğv edilməli, İddiaçı “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinə psixoloq vəzifəsinə bərpa edilməli, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə kimi məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi cavabdehə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddia təmin edildiyi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. 2. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə “Kürdəmir rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Kürdəmir rayon Mərkəzi Xəstəxanası“ publik hüquqi şəxsinin direktoru Elçin Bilalovun xx.xx.2025-ci il tarixli, 373 saylı əmri ləğv edilsin. İddiaçı “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinə psixoloq vəzifəsinə bərpa edilsin. Əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə kimi məcburi iş buraxma dövrü üçün İddiaçı əmək haqqının verilməsi cavabdehə həvalə edilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin hesabından tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilsin Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1485/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1485/2025
13.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver