Məhkəmə qərarları › İş №2(041)-1495/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1495/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1495/2023 10.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X23 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə tələbinə dair” idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə məcburi qaydada köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələbini onunla əsaslanmışdır ki, iddiaçı ilə Cavabdeh1 2009-cu ildə evlənib ailə qurmuş, nikahlarını xx.xx.2010-cu il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X10 və xx.xx.2011-ci ildə X9 anadan olmuşdur. İddiaçı cavabdehlə evlənəndən sonra Cavabdeh1 işsiz olduğuna görə Rusiyada yaşayan qardaşlarının yanına getmiş, orada yaşadıqdan sonra uzun müddət ailəsi ilə əlaqələrini kəsmişdir. Sonradan cavabdeh Rusiyadan ona zəng edərək hədə-qorxu gəlmiş, onun evdən çıxmasını təkid etmişdir. Bu hədələrdən qorxduğuna görə, həm də cavabdehin digər ailə üzvlərinin hədələrinə görə məcbur olub 2 azyaşlı uşaqlarını götürüb cavabdehlərin yaşadığı evi tərk edib atası evinə getmişdir. Hazırda iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinə məxsus darısqal evdə yaşayır. İddiaçı Cavabdeh1la yaşadığı müddətdə həmin evdən istifadə hüququ əldə etmişdir. Bundan başqa birgə yaşadıqları müddətdə ayrı ev tikmişlər və həmin ev cavabdehin üzündən tam təmir olunmamışdır. Ona görə də uşaqlarını cavabdehlərin evinə köçüb uşaqlarını orada böyütmək istəyir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, 2009-cu ildə mübahisəli evə gəlin kimi köçmüş və həmin evdə 2 uşağı anadan olmuşdur. Uşaqlar hal-hazıra kimi həmin evdə qeydiyyatdadırlar. Gəlin köçərkən apardığı cehiz əşyaları, özünün və uşaqların paltarları və şəxsi əşyaları həmin evdə yerləşir. Dəfələrlə cəhd etməsinə baxmayaraq, cavabdehlər onu evə buraxmamış, ünvanına şərböhtan atmaqla 13 ildə artıq yaşadığı yaşayış sahəsindən istifadə hüququnu pozmuşlar. Valideynlərinə məxsus darısqal evdə 2 uşaqla daimi yaşamaq mümkün olmadığı üçün, iddianın təmin edilməsini, onun uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş gəlinidir. İddiaçı ilə oğlu Cavabdeh1 2009-cu ildə evlənib ailə qurmuş, nikahlarını isə xx.xx.2010-cu ildə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Onlar uzun müddət mehriban yaşamışlar. Lakin son bir il ərzində iddiaçının oğluna qarşı olan münasibəti dəyişmiş, oğlu Cavabdeh1 xəyanət etmiş, 2021-ci ilin axırlarında azyaşlı uşaqları ilə birlikdə evdən çıxıb atası evinə getmişdir. Bundan sonra nikahın pozulması ilə bağlı Kürdəmir rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə oğlu ilə cavabdehin arasında olan nikah pozulmuşdur. Hesab edir ki, iddiaçının etdiyi hərəkətlərə görə onun evində yaşamağa haqqı yoxdur. Digər tərəfdən, evin yerləşdiyi həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ona məxsus olduğu üçün iddiaçının həmin evə heç bir hüququ yoxdur. Cavabdeh qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; - Kürdəmir rayon icra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 211 nömrəli sərəncamının surətindən görünür ki, Kürdəmir şəhəri İ.Məmmədov küçəsi 21 nömrəli evin 2-ci mənzili əvəzsiz olaraq şəxsi mülkiyyət hüququ əsasında X3 verilmişdir. - X5 verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 21/2 saylı evdə Cavabdeh2, Cavabdeh1, X4, X6 və X11 qeydiyyatdadırlar. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-170/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. - Kürdəmir rayon Mənzil İstismar sahəsinin Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 113 nömrəli arayışın surətindən görünür ki, Kürdəmir şəhər İ.Məmmədov küçəsi 21/2 nömrəli evdə X12 və X7 qeydiyyatdadırlar. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 xx.xx.2010-cu il tarixdə, X9 isə xx.xx.2011-ci il tarixdə anadan olmuş, uşaqların atası- Cavabdeh1, anası- İddiaçıdır. İş materiallarına eyni zamanda X2 adına verilmiş orderin surəti, mediasiya prosesinə xitam verilməsi barədə protokol arayış əlavə olunmuşdur Mübahisə 1995-ci ildə tərəflərin cavabdehlərə verilmiş, Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ev 21/2-də yerləşən fərdi yaşayış evi (bundan sonra – ev) ilə bağlıdır. Ev özbaşına inşa olunub, evə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçı ilə Cavabdeh1 ər-arvaddır. Onlar 2009-ci ildə nikah bağlamışlar. Birgə nikahdan 2 uşaqları anadan olub. İddiaçı cavabdehlə ailə qurduqdan sonra Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ev 21/2-də yerləşən evə köçüb, orada yaşamışlar. 2021-ci ildə cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən evi tərk edib. Bu fakt mübahisə doğurmur. Belə ki, cavabdehin məhkəməyə verdiyi izahatında öz təsdiqini tapmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə qalır, ev və şəxsi əşyaları isə cavabdehlərin yaşadığı evdədir. İddia ərizəsində tələb olunmuşdur ki, iddiaçı Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ev 21/2-də yerləşən fərdi yaşayış evinə köçürülsün. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir . Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ərarvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Belə ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı himayəsində olan övladları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 oğlunun yaşadıqları, Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ev 21/2-də yerləşən şəxsi və ev əşyaları olan fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı himayəsində olan övladları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 oğlunun yaşadıqları, Kürdəmir şəhəri İ.Məmmədov küçəsi ev 21/2-də yerləşən, şəxsi və ev əşyaları olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar