Məhkəmə qərarları › İş №2(041)-1528/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1528/2024

28.10.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1528/2024 28.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, Ərizəçi əri xx.xx.1970-ci il təvəllüdlü X2 ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi əri xx.xx.1970-ci il təvəllüdlü X2 ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-425/2003 nömrəli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmiş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X3 ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşdur. 1995-ci ilin sentyabr ayına kimi onunla birlikdə yaşamışdır. 1995-ci ilin sentyabr ayında işləmək üçün Rusiya Federasiyasının Tümen vilayətinin Surqut şəhərinə gedərək kirayə ev tutub həmin şəhərdə yaşamışlar. Bir yerdə yaşadıqları müddət ərzində xx.xx.1996-cı il tarixdə Rəşadət, xx.xx.1998-ci il tarixdə Fuad adlı 2 uşaqları olmuşdur. xx.xx.1999-cu il tarixdə erməni əsilli Ağayan və Maqokasyan soyadlı şəxslərlə Yekatrinburq şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Ərinin evə qayıtmamasından 10 gün keçəndən sonra o, Yekatrinburq və Surqut şəhərlərinin polis şöbələrinə məlumat verərək X1nun evə qayıtmadığını bildirmişdir. Bundan sonra onun barəsində axtarış işi açılmış, Rusiya Federasiyasının televiziyasına və qazetlərinə bu barədə elanlar verilmiş, onunla yola çıxmış erməni əsilli şəxslər dindirilmiş, lakin əri haqqında heç bir məlumat olmamışdır. xx.xx.1999-cu il tarixli qərarına əsasən ərinin xəbərsiz itkin düşməsi barədə görülən tədbirlər heç bir nəticə verməmiş və qaldırılan cinayət işi dayandırılmışdır. Bundan sonra o, uşaqları ilə birlikdə Azərbaycana qayıdıb gəlmiş və Kürdəmir şəhərində yaşayır. Uşaqlara müavinət almaq üçün Sosial Müdaifə fonduna müraciət etmiş, lakin ərinin itkin düşməsi barədə qətnamə tələb edildiyinə görə o, özündə olan sənədlərlə birlikdə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2003-cü il tarixli, 2-425/2003 nömrəli qətnamə ilə ərizəsi təmin edilmişdir. X1 ilə birgə nikah dövründə əldə etdikləri evin sənədləşdirilməsi ilə bağlı ərinin ölmüş elan edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasına Ərizəçi teleqram göndərərək, məhkəmə iclasına səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və bu səbəbdən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmağını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Bekı ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-425/2003 nömrəli qətnaməsindən müəyyən olunur ki, X3 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddə 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Maddə 42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Maddə 42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Maddə 42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdə yaşadığı evdən gedərək bir daha geri qayıtmaması, ailə üzvlərinin müraciəti əsasında Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2- 425/2003 nömrəli qətnaməsi ilə X2 xəbərsiz itkin düşmüş hesab edilməsi, həmin müddətdən 21 ilə yaxın müddət ərzində X2 yerinin müəyyən edilməsinin mümkün olmaması müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.1970-ci il təvəllüdlü X2 yaşayış yerində onun harada olması barədə 24 ildən artıq müddət ərzində heç bir məlumat olmadığından, ərizəçiyə X2 ölmüş elan edilməsinin müəyyən edilməsi yaşadığı evin sənədləşdirilməsi üçün tələb olunduğundan ərizə əsaslıdır ona görə də təmin edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar