Məhkəmə qərarları › İş №2(041)-1815/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1815/2025

22.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1815/2025 22.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum əri X1 bacı-qardaşları anası Məryəmin atasına məxsus evdə böyüyüb boya başa çatıblar. Məryəm özü atasına məxsus evdə vəfat edib, həmin həyətdən götürülüb dəfn olunub və yas məclisləri həmin həyətdə olub. O, Məhəmmədəli ilə 1984-cü ildə ailə həyatı qurmuş və hazırki, ünvan 1 ünvana gəlin köçərkən həmin həyətdə Məhəmmədəlinin atası Soltanəlidən qalma çiy kərpicdən köhnə ev var idi. Məhəmmədəli həmin evi söküb həmin evin yerindən yeni ev inşa etdirməyə başlamışdır. Məhəmmədəli həmin həyətdə evin tikintisinə 1988-ci ildən başlasa da o, işi ilə bağlı Rusiyada yaşadığı üçün evin inşasını 2000-ci ildə tamamlamışdır. Həmin vaxtdan onlar ailəliklə həmin evdə yaşamağa başlamışlar. Bu günə kimi ailəliklə həmin evdə yaşamışlar. Həmin evdə Məhəmmədəlinin heç bir bacı-qardaşı yaşamayıb, onların özlərinə məxsus başqa yerlərdə ayrı-ayrılıqda fərdi yaşayış evləri olub. Mərhum əri Məhəmmədəli əsgərlikdən gəldikdən sonra onun anası Məryəm İcra Hakimiyyətinin qərarına əsasən həmin həyətyanı torpaq sahəsini oğlu Məhəhəmmədəlinin adına keçirmiş və həmin həyətdə ev tikmək üçün icazə verilmişdir. Bundan sonra Məhəmmədəli köhnə evi söktürüb yerində yenidən ev inşa etdirmişdir. Hazırda həmin evə çıxarış almışlar, lakin həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində tikilmiş evdən Məhəmmədəlinin anası Məryəmin və digər bacı-qardaşlarının da payları müəyyən olunub. Hesab edir ki, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reysteri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ləğv edilməli və çıxarış tək mülkiyyət sahibi kimi X1 adına verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Həmin qərarın 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 170, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. İddiaçıya izah edilsin ki, o, hazırki iddia ərizəsi ilə müvafiq inzibati məhkəmələrə müraciət edə bilər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı (hesab nömrəsi, İBAN AZ87İBAZ********************, alan bankın SWİFT kodu İBAZAZ2X, alan bankın müxbir hesabı AZ03NABZ**********0000002944, alan bankın kodu 805454, bankın VÖEN-i **********) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar