Məhkəmə qərarları › İş №2(041)-208/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-208/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-208/2023 27.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Mətanət A” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 646,11 manat əsas borc, 20 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1 764,61 manat penya və 148,23 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 19 558,95 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslnadırılmışdır ki, “Mətanət A” şirkəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 176/21 saylı müqavilə bağlanmış, müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərtilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Belə ki, cavabdeh aldığı mallarını dəyərinin bir hissəsini ödəmiş, onunla xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 17646.11 manat borc qalığını ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2021-ci il tarixli 176/21 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “alıcıya” təhvil verir, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. - öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, Cavabdeh “Mətanət A” şirkətinə olan borcu bu aktın imzası tarixinə 17646.11 manatadır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh “Mətanət A” şirkətinə olan borc məbləğinin 17646.11 manat olması qeyd edilmişdir. - Cavabdeh ünvanlanmış xx.xx.2012-ci il tarixli pretenziya məktubunda həmin tarixə təşkil edən 17646.11 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə gecikdirilən məbləğin 0.5 faiz həcmində penya ödəməli olacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına eyni zamanda, ödəniş sənədləri, qaimələr və digər sənədlər əlavə edilmişdir. Mübahisənin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə belə qənaətə gəlmişdir ki, “Mətanət A” şirkəti tərəfindən Cavabdeh verilən mal-materiallara dair satış qaimələri üzrə ölçüsü, miqdarı, qiyməti və yekun məbləği müəyyən edilməklə, təqdim edilən ödəniş sənədləri nəzərə alınmaqla cavabdehin iddiaçıya borcunun olub-olmaması, olduğu təqdirdə məbləği müəyyən edilə bilər. Bu məqsədlə xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməklə, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. - işdə olan sənədlər əsasında xx.xx.2021-ci il tarixli 176/21 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı “Mətanət A” şirkəti tərəfindən Cavabdeh verilən mal-materiallara dair satış qaimələri üzrə ölçüsü, miqdarı, qiyməti və yekun məbləği müəyyən edilsin. - iddiaçı “Mətanət A” şirkəti tərəfindən təqdim edilən ödəniş sənədləri üzrə müqayisəli tədqiqat aparılmaqla Cavabdeh “Mətanət A“ şirkətinə borcunun olub-olmaması, əgər borcu varsa hansı məbləğdə olması müəyyən edilsin. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məlumatda təqdim olunmuş mallara görə qaimə-fakturalar və ödəniş sənədləri tam şəkildə təqdim olunmadığına görə, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı “Mətanət A” şirkəti arasında bağlanmış xx.xx.20221-ci il tarixli 176/21 saylı alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərtilə şirkətin istehsal etdiyi məhsulları alaraq həmin malların dəyərinin bir hissəsini ödəmiş, onunla xx.xx.2021-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 17646.11 manat borc məbləğini ödəməmmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə üzrə iddiaçı əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, aldığı malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borca görə hesablanmış 1 764,61 manat dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17646.11 manat əsaa borc və 100 manat dəbbə pulu “Mətanət A” şirkətinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 148.23 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 148.23 manat dövlət rüsumunun 100 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 17 646.11 manat əsas borc, 100 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, cəmi 17 846.11 (on yeddi min səkkiz yüz qırx altı manat 11 qəpik) manat alınaraq “Mətanət A” şirkətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar