Məhkəmə qərarları › İş №2(041)-2086/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2086/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2086/2025 18.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisi) xx.xx.2012-ci il tarixdə ölmüş X2, xx.xx.2022-ci ildə ölmüş X3 miras əmlak kimi qalmış, Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisi, Maraqlı şəxs2 və Maraqlı şəxs3) xx.xx.2012-ci il tarixdə ölmüş X2, xx.xx.2022-ci ildə ölmüş X3 miras qalan Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak qismində qəbul etməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi ərizəsini dəqiqləşdirərək, xx.xx.2012-ci il tarixdə ölmüş X2, xx.xx.2022-ci ildə ölmüş X3 miras əmlak kimi qalmış, Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, maraqlı şəxs kimi Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atasına məxsus Kürdəmir rayonunda fərdi yaşayış evi var. Keçən müddət ərzində atası Qalib Abbasov və anası Əcəb Abbasova vəfat etmişlər. Bu yaxınlarda həmin evi öz adına sənədlədirmək istəyir. Bununla əlaqədar olaraq bütün hüquqmüəyyənedici sənədləri toplayıb Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə təqdim etmiş, lakin notariat ofisindən ona rədd cavabı verilərək müddətin ötürüldüyü bildirilmişdir. O həmin fərdi yaşayış evi miras əmlakı kimi qəbul etmişdir. Qardaşı və bacısının buna heç bir etirazı yoxdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ №080045 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Kürdəmir şəhərində ölmüşdür. -Kürdəmir rayon VVAQ şöbəsinin xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur. X1, anası X5r. - Abşeron rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İİ №259673 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - xx.xx.2025-ci il tarixli 745 nömrəli Kürdəmir regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Ərizəçi xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2012-ci il tarixdə ölmüş X2 və xx.xx.2022-ci il tarixdə ölmüş X3 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüqüqu haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, mirasın qəbul müddətini ötürdüyünü və hüquq müəyyən edici sənədin olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evi X4 məxsus olmuş, evə dair texniki pasport tərtib edilmiş, lakin ölənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə onu da qeyd edir ki, Ərizəçi ərizəsində xx.xx.2012-ci il tarixdə ölmüş X2, xx.xx.2022-ci ildə ölmüş X3 miras qalan Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə, yəni miras əmlaka, mirasın qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, işin yuxarıda şərh edilən hallarından məlum olduğu kimi, vərəsələrin dairəsini müəyyən etmək, qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyindən, ərizəçinin yeganə vərəsə qismində tanınması məsələsi də işə baxan notariat orqanlarında həll edilməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012-ci il tarixdə ölmüş X2, xx.xx.2022-ci ildə ölmüş X3 miras əmlak kimi qalmış, Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə ölmüş X2, xx.xx.2022-ci ildə ölmüş X3 miras əmlak kimi qalmış, Kürdəmir rayon Xırdapay kəndində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar