Məhkəmə qərarları › İş №2(041)-2126/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2126/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2126/2024 05.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il tarixli qızı X4 ilə birlikdə Cavabdeh məxsus Kürdəmir şəhəri Ü.Hacıbəyov küçəsi ev 35-də yerləşən 2 nömrəli mənzilə məcburi qaydada köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2020ci il tarixdə qeyd etdirməklə ailə həyatı qurublar. Onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Duyğu adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurarkən onun valideynlərinə məxsus evə gəlin köçüb. Cehiz əşyalarını isə cavabdehə məxsus Kürdəmir şəhəri Ü.Hacıbəyov küçəsi ev 35-də yerləşən 2 nömrəli mənzilə aparmışdır. Cavabdehlə təxminən 3-4 ay onun valideynlərinə məxsus evdə yaşadıqdan sonra hazirki mübahisəli evə köçmüşlər. 2022-ci ilin oktyabr ayına kimi həmin evdə yaşamışlar. Cavabdeh həmişə evdə yersiz söhbətlər saldığı üçün aralarında olan münasibət pisləşməyə başlamışdır. Nəhayət aralarında olan nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə atasına məxsus evdə yaşayır. Azyaşlı uşağı və o, həmin evdə qeydiyyatdadır. Sonradan iddiaçı mübahisəli evə qayıtmaq istəmiş, lakin cavabdeh buna imkan verməmişdir. Cavabdehlə heç bir razılaşma əldə edə bilmədiyi üçün hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehlə ailə həyatı qurduqdan sonra onun valideynlərinə məxsus evə gəlin köçmüş və özünə məxsus cehiz əşlarını isə hazirki mübahisəli evə aparmışdır. Hazırda ona məxsus cehiz əşyaları mübahisəli evdə qalmışdır.Cavabdehlə evlənməmişdən əvvəl cavabdeh onlara müraciət edərək cehiz əşyaları istəmədiyini, ev almaq üçün ona məyyən qədər pul lazım olduğunu, cehiz əşyalarının dəyərini ona verilməsini bildirmiş, onun müraciəti əsasında atası cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh həmin pulla hazirki mübahisəli evi almışdır. Dəfələrlə həmin evə köçməyə cəhd etsə də, keçmiş əri Cavabdeh ona imkan verməmişdir. Göstərilənləri nəzərə alaraq, azyaşlı uşağı ilə birlikdə cavabdehin yaşadıqları evə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş arvadıdır. İddiaçı ilə 2020-ci ildə ailə qurublar. Birgə nikahlarından bir uşaqları doğulub. İddiaçı ilə birlikdə cehiz əşyaları yerləşdirilmiş evdı yaşamışlar. İddiaçı ilə yaşadığı ev onlara məxsus olmamış, həmin evi xx.xx.2022-ci il tarixdə Orxan Abdullayev adlı şəxsə satmışdır. İddiaçının iddia etdiyi Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsində ona məxsus deyil. İddiaçıya məxsus cehiz əşyaları da hazırda həmin evdə deyil. Onun iddiaçıya qarşı heç bir narazılığı olmamış, lakin iddiaçının etdiyi hərəkətlərə görə ondan ayırılmaq qərarına gəlmişdir. Bundan sonra iddiaçı nikahın pozulması ilə bağlı Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Həmin ev ona məxsus olmadığı üçün hesab edir ki, iddiaçının iddia tələbinin heç bir əsası yoxdur. Cavabdeh sonda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-260/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 09 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. - xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 35-də yerləşən 2 nömrəli mənzil mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. -xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan, Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsi ev 35-də yerləşən 2 nömrəli mənzili X1. İş materiallarına eyni zamanda tərəflərin şəxsiyyət vəsiqələrinin surəti və digər sənədlər əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi mənzil xx.xx.2022-ci il tarixdə başqa bir şəxsə satılıb. Yəni hazırda cavabdeh həmin evin mülkiyyətçisi deyil. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair cavabdehlə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi qüvvədə olduğu müddətdə başqa şəxslərin həmin evə iddia etməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşdə olan və tərəflərin verdiyi izahatlardan göründüyü kimi iddiaçının köçmək istədiyi ünvan artıq başqa şəxsə məxsusdur və onun mülkiyyətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu zaman məhkəmə diqqətə çatdırır ki, mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia yuxarıda göstərilən əsaslara əsasən təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar