Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-224/2023 23.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə tələbinə dair” idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı övladı ilə birlikdə Cavabdeh2 və Cavabdeh1 məxsus, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, iddiaçı Cavabdeh2 ilə xx.xx.2017-ci ildə evlənib ailə qurublar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Mehin adında uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pozulmuş, aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Lakin buna baxmayaraq ona məxsus cehiz əşyaları cavabdehlərin evindədir. Hazırda azyaşlı uşağı ilə birlikdə kirayədə yaşayır. Hesab edir ki, cavabdehə məxsus evdə onun da hüququ var. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh2la ailə həyatı qurduqdan sonra onun valideynlərinə məxsus evə gəlin köçmüş və özünə məxsus cehiz əşlarını da həmin evə aparmışdır. Nikahları pozulana kimi həmin evdə yaşamış, birgə təsərrüfatlarını birlikdə idarə etmişlər. Birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü Mehin adında uşaqları da həmin evdə anadan olmuşdur. Münasibətləri pozulandan sonra cehiz əşyalarının tələbi ilə bağlı məhkəmədə iddia qaldırmış, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilsə də, ayrı-ayrı ünvanlarda kirayədə qaldığı üçün qətnamənin icrasını tələb etməmiş və hal-hazıra kimi cehiz əşyaları, özünə və uşağına məxsus şəxsi əmlakları gəlin köçdüyü mübahisəli evdə qalmışdır. Dəfələrlə həmin evə köçməyə cəhd etsə də, keçmiş qaynatası Əzizalı ona imkan verməmişdir. Hazırda azyaşlı uşağı ilə birlikdə çöllərdə qalmış, kirayədə qalmağa da hazırda maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, azyaşlı uşağı ilə birlikdə cavabdehlərə məxsus evin gəlin köçdüyü və şəxsi əmlakları olan bir otağına köçürülməklə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş gəlinidir. İddiaçı ilə oğlu Cavabdeh2 2017-ci ildə evlənib ailə qurmuşlar. Onların nikahlarından Mehin adlı uşaqları anadan olmuşdur. İddiaçı ailə həyatı qurarkən onun evinə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını da həmin evin bir otağına gətirmiş, münasibətləri pozulana kimi oğlu ilə birlikdə həmin otaqda qalmışlar. Sonrada iddiaçı ilə oğlunun ailə münasibətləri pozulmuş, iddiaçı azyaşlı uşağı ilə birlikdə atasının evinə getmişdir. Bundan sonra oğlu nikahın pozulması ilə bağlı Kürdəmir rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə oğlu ilə cavabdehin aralarında olan nikah pozulmuşdur. İddiaçı əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilsə də, hal-hazıra kimi gəlib əşyalarını aparmamışdır. Mübahisəli evə dair texniki pasport 1988-ci ildə onun adına tərtib edilmiş, lakin çıxarış almamışdır. İddiaçı mübahisəli evə gəlin köçsə də, yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İddiaçının həmin evə dair heç bir hüququ olmadığından, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iştirak etdiyini nəzərə alaraq, məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir rayon icra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 186 nömrəli arayışından görünür ki, Cavabdeh1 Çöhranlı kəndində özünə məxsus 0.27 ha həyətyanı sahəsi və həmin sahədə çiy kərpicdən tikilimiş 1 mərtəbəli, ümumi sahəsi 120 kv.metr olan 4 otaqlı yaşayışı sahəsi 90 kv.metr olan evi vardır. - Kürdəmir rayon icra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 158 nömrəli arayışından görünür ki,İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi Kürdəmir rayon Çöhranlı kəndində yaşamışdır. - xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV 399885 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 xx.xx.2018-ci ildə anadan olmuş, uşağın atası Cavabdeh2, anası İddiaçıdır. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş; - Kürdəmir rayon icra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 218 nömrəli arayışından görünür ki,Cavabdeh2 2018-ci ilin aprel ayından atasının 149 saylı təsərrüfatımndan ayrılaraq ayrı təsərrüfat olmuşdur. - 1988-ci ilin noyabr ayında X1 adına verilmiş, invertar nömrəsi 478 olan fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən ev 1976-cı ildə tikilmiş, 26.4, 26.4, 24.3 kv.m ibarət yaşayış otaqları, 41.4 kv.m dəhliz sahəsindən ibarətdir, evin yerləşdiyi torpaq sahəsi 1935,0 kv.metrdir. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-30/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “əmlak tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh2 yaşadığı evdə qalan, İddiaçı məxsus cehiz əşyaları: 1 dəst servant, 1 ədəd stol, 4 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd televizor, 1 ədəd taxt 2 ədəd tumboçka ilə birlikdə, 1 ədəd termo, 1 ədəd ütü, 1 ədəd çörək bişirən, 1 ədəd paltar şkafı, 1 dəst nahar servisi, 12 ədəd bakal; qızıl-zinət əşyaları: 1 ədəd sep (zəncir), 1 ədəd qolbağ, 4 ədəd müxtəlif ölçüdə üzük natura şəklində, “üzük-sırğa-zəncir” dəstinin isə dəyəri -1000 (bir min) manat pulun Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına eyni zamanda mediasiya prosesinə xitam verilməsi barədə protokol, tərəflərin şəxsiyyət vəsiqələrinin surəti və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırada köçürülməsini tələb etdiyi ev 1976-cı ildə tikilmişdir. 1988-ci ilin noyabr ayında cavabdeh X1 adına verilmiş, invertar nömrəsi 478 olan fərdi yaşayış evinin texniki pasportunda Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən həmin evin 26.4, 26.4, 24.3 kv.m ibarət yaşayış otaqlarından və 41.4 kv.m dəhliz sahəsindən ibarət olması qeyd edilmiş, evin yerləşdiyi torpaq sahəsi 1935,0 kv.m. göstərilmişdir. Evə dair hüquqmüəyyənedici sənəd kimi qeyd edilən fərdi yaşayış evinin texniki pasportundan başqa heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında Kürdəmir rayonu Çöhranlı kəndində yerləşən həmin evin mülkiyyətdə olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə sorğu göndərilmiş, lakin bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Fərdi yaşayış evinin texniki pasportu hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən və evin tikintisi, habelə evin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanının qərarı işdə olmadığından və məhkəməyə təqdim edilmədiyindən hazırki vəziyyətdə mübahisəli evin hüquqi statusu özbaşına tikili kimi qiymətləndirilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı həmin evə gəlin köçmüş, cavabdehlərlə bigə təsərrüfatları olmuş, cavabdeh Asim Heseynovla olan birgə nikahlarından olan X2 xx.xx.2018-ci ildə həmin evdə birgə yaşadıqları dövrdə anadan olmuşdur. 2020-ci ildə ildə iddiaçı səbəbindən asılı olmayaraq məcburi qaydada evdən çıxarılmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Sonradan iddiaçının cehiz və qızıl-zinət əşyalarının tələbi barədə iddiası Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-30/2021 saylı qətnaməsi ilə qismən təmin edilsə də, daimi yaşayış yeri olmadığına görə və özünün həmin evə qayıtmaq niyyətində olması səbəbindən qətnamə hal-hazıra kimi icra edilməmişdir. İddiaçıya məxsus cehiz, ev və şəxsi əşyaları hazırda da cavabdehlərin yaşadığı evdə yerləşir. Cavabdehin məhkəməyə təqdim etdiyi, Kürdəmir rayon icra Hakimiyyəti başçısının Çöhranlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Cavabdeh2 2018-ci ilin aprel ayından atasının 149 saylı təsərrüfatımndan ayrılaraq ayrı təsərrüfat olması barədə xx.xx.2022-ci il tarixli 218 nömrəli arayışını mötəbər sübut kimi qəbul etməmişdir ona görə ki, Cavabdeh2 hazırda ayrıca təsərrüfat hesab edilən yaşadığı ev və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Belə ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmiş, hazırda ayrı-ayrı ünvanlarda kirayədə qalır. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı himayəsində olan qızı-xx.xx.2018ci ildə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, 1.935 ha torpaq sahəsində tikilmiş, şəxsi və ev əşyaları olan bir mərtəbəli fərdi yaşayış evinə köçürülməklə, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı himayəsində olan qızı-xx.xx.2018-ci ildə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, 1.935 ha torpaq sahəsində tikilmiş, şəxsi və ev əşyaları olan bir mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 2(041)-224/2023 xx.xx.2023 X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə tələbinə dair” idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı himayəsində olan qızı-xx.xx.2018-ci ildə anadan olmuş X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən, 1.935 ha torpaq sahəsində tikilmiş, şəxsi və ev əşyaları olan bir mərtəbəli fərdi yaşayış evinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-224/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-224/2023
23.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver