Məhkəmə qərarları › İş №2(041)-2336/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2336/2025

12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2336/2025 12.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı "doğum faktının müəyyən edilməsi" barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 12 iyul 1999-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən ünvansız evdə qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə, doğum şəhadətnaməsinin verilməsi, doğum qeydində soyadının Fomenko, adının Anna, ata adının X11, ana adının X12, doğum tarixinin 12 iyul 1999-cu il, doğum yerinin Bakı şəhəri Nizami rayonu yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Ərizəçi 1998-ci ilin may ayında Gürcüstan azərbaycanlısı olan Elyaz adlı şəxslə faktiki nikah münasibətində olmuşdur. Onunla ailə qurmaq niyyəti olsa da, 03 ay keçdikdən sonra Elyaz onu ataraq hamilə vəziyyətdə tərk etmiş və yaşadığı Gürcüstan Respublikasına getmişdir. Elyazın soyadı ona məlum deyil və onunla faktiki birgə yaşadığı dövrdə Elyaz ata adının Tofiq olduğunu bildirmişdir. Həmin vaxtdan Elyazla əlaqəsi olmamışdır. Ayrıldıqları vaxtdan Bakı şəhəri Keşlə qəsəbəsində anası Tatyana Fomenko ilə kirayədə yaşamağa başlamışdır. 12 iyul 1999-cu il tarixdə sancıları tutmuş xəstəxanaya aparılması mümkün olmamış və ev şəraitində qızı doğulmuşdur. Həmin vaxt doğuma anası Tatyana Fomenko kömək etmişdir. Uşağı doğulduqdan bir müddət sonra maddi çətinliklə bağlı işləmək məcburiyyətində qalmış və övladına anası Tatyana baxmışdır. Həmin dövrlərdə maddi imkanı çatmadığı üçün qızına sənəd düzəldə bilməmiş və bu səbəbdən də övladı təhsil almaq hüququndan məhrum olmuşdur. Hazırkı zamanda da övladının şəxsiyyətini təsdiq edən sənədlər olmadığı üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilməli olan bütün hüquqlarından məhrum olmaqda davam edir. Həmçinin digər tərəfdən qızı Anna faktiki nikahda olmuş və faktiki nikahdan xx.xx.2020-ci il təvəllüdlü oğlu vardır. Qızı Anna övladına təhsil vermək istəsə də, ananın doğum haqqında şəhadətnaməsi və uşağın doğum haqqında şəhadətnaməsi olmadığından heç bir nəticə əldə etmək mümkün olmamışdır. Övladına doğum haqqında şəhadətnamə almaq üçün Kürdəmir regional "Asan xidmət" mərkəzi Qeydiyyat Şöbəsinə rəsmi müraciət etmişdir. Kürdəmir regional "Asan xidmət" X7n verilmiş məktubda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "X5 Sistemində" xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır. Qızı hazırda övladı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində fərdi yaşayış evində övladı ilə birlikdə yaşayır və qonşular Cavad-zadə X16, X2, X6 tərəfindən təsdiq olunmuş aktla müəyyən olunur. Ərizəçi X1 ilə xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı Asan Xidmət X7 rəsmi nikah qeyd etdirməklə evlənmiş və nikahdan sonra Süleymanova soyadını götürmüşdür. Ərizənin təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Kürdəmir rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahat verərək bildirdi ki, Ərizəçi onun kirayəçisidir. 2 ildir Olqanı tanıyır. Olqa və bacısı onun evində Xaşaxuna bağlarında bir həyətdə yaşayırlar. Olqanın qızı Annanın heç bir sənədi yoxdur. Sənədi ilə bağlı problemlər ortaya çıxanda heç nə edə bilmirlər. Olqa özü Annanın necə doğulduğu barədə ona məlumat vermişdir. Onun deməsinə görə Anna xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində ev şəraitində doğulmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahat verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. Özü Kürdəmir rayonu, Karrar kəndində doğulsa da hal-hazırda Bakı şəhərində yaşayır. Olqanın qızı Anna xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində ev şəraitində doğulmuşdur. Onun doğumuna öz anası Tatyana köməklik etmişdir. Anası Tatyana yataq xəstəsidir. Onlar uşaq olan vaxtdan Bakıya köçüb getmişlər. Annanın hazırda doğumu ilə bağlı heç bir sənədi yoxdur. Məhkəmə proses iştirakçılarını və şahidlri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavad-zadə X16, X2, X6 tərəfindən xx.xx.2025-ci il tarixində yazılmış və öz imzaları ilə təsdiq olunmuş aktdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X14 Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsində fərdi yaşayış evində onlarla qonşuluqda 1 ildən artıq müddətdir ki, yaşayır və qonşular arasında hörmət qazanmışdır. İş materiallarında olan Kürdəmir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəindən xx.xx.2025-ci il tarixli 3-16-5/8-759/2025 nömrəli arayışdan görünür ki, 12 iyul 1999-cu ildə doğulmuş X9 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5 Sistemində” xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-F-15-1023 nömrəli mənktubdan görünür ki, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi olmadan doğum faktınının qeydiyyat şöbəsi tərəfindən qeydiyyatı mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № 591242 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X12 xx.xx.2023-cü ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 2772 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikahdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 22 aprel 2010-cu il tarixli “Hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında təsdiqi haqqında” Qərarına əsasən, məhkəmə yalnız digər yollarla təsdiq edilə bilməyən hüquqi əhəmiyyətli faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən bu iş üzrə təqdim olunan şahid ifadələri, qonşuların təsdiqləri və rəsmi arayışlar qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iddia edilən qızının xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində doğulduğu faktı hüquqi baxımdan təsdiq olunmuşdur. X3 milliyyəti Gürcüstan azərbaycanlısı, anası X12, milliyəti azərbaycanlıdır. Ərizəçi qızının doğum haqqında akt qeydinin həmin şöbədə əvəllər olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə müracət etməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ərizəçinin qızıxx.xx.1999-cu il tarixdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən ünvansız evdə anadan olmuş X9 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X9 doğum tarixi xx.xx.1999-cu il, doğulduğu yer Bakı şəhəri, Nizami rayonu, soyad qrafasında – Fomenko, ad qrafasında – Anna, ata qrafasında – X11 (milliyyəti Gürcüstan azərbaycanlısı), ana qrafasında – X12 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən ünvansız evdə anadan olmuş X9 doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X9 doğum tarixi xx.xx.1999-cu il, doğulduğu yer Bakı şəhəri, Nizami rayonu, soyad qrafasında – Fomenko, ad qrafasında – Anna, ata qrafasında – X11 (milliyyəti Gürcüstan azərbaycanlısı), ana qrafasında – X12 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X9 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar