Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2349/2025 22.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi və vərəsə kimi tanınması” tələbinə dair ərizəsinə Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi və vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizə üzrə irəli sürülən tələb hüquqi əhəmiyyət kəsb edən faktın - qohumluq münasibətinin müəyyən edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Lakin ərizəçi bu tələblə məhkəməyə iddia icraatı qaydasında müraciət etmiş və ərizədə tərəflərin prosessual statusunu (iddiaçı, cavabdeh və ya maraqlı şəxs kimi) göstərməmişdir. Bu isə seçilmiş icraat formasının tələbin xarakterinə uyğun olmamasına və işə mahiyyəti üzrə baxılmasına mane olur. Ərizədə maraqlı şəxslər göstərilməmişdir ki, bu da iş üzrə iştirak etməli olan şəxslərin müəyyən edilməsini çətinləşdirir. Eyni zamanda, ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsində nəzərdə tutulmuş məlumatlar - ərizənin forması, prosessual status və tələbin prosessual xarakterinə uyğun digər məlumatlar - tam şəkildə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə Məcəllənin tələblərinə uyğun verilmədikdə və bu nöqsanlar aradan qaldırılmadıqda məhkəmə ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, ərizə qanunla nəzərdə tutulmuş icraat qaydasında verilmədikdə və bu nöqsanlar işə mahiyyəti üzrə baxılmasına mane olduqda ərizə baxılmamış saxlanılmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, ərizə hazırkı vəziyyətdə işə mahiyyəti üzrə baxılmasına imkan vermədiyindən baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi və vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2349/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2349/2025
22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver