Məhkəmə qərarları › İş №2(041)-2378/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2378/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2378/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarısz sayılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2024-cü il tarixdə bağlanmış və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 335 nömrə ilə qeydə alınmış nikahın etibarısz sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Cavabdeh onun yaxın qonşusudur. Valideynlərinin razılığı və xeyir duası ilə nişanlanıb özlərinə nişan mərasimi keçiriblər. İddiaçı hərbçi olduğu üçün vaxt itirmədən nikahlarını 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Cavabdehlə nikahları olsa da toy edib nikah masasına oturmayıblar. Buna səbəb cavabdehin nişanlı olduqları müddətdə ona laqeyd münasibət göstərməsi olmuşdur. Cavabdehlə nikahlarını qeyd etdirsələrdə onunla evlənib ər-arvad münasibətlərində olmamışdır. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək orada yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdehin nikahları qeyd olunsa da rəsmi ailə münasibətlərində olmayıblar. Hesab edir ki, iddiaçı ilə cavabdehin nikahları qeydə alınmasına baxmayaraq etibarsılz hesab olunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələblərini qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə rəsmi nikah qeydə alınıb, lakin ailə münasibətlərində olmayıblar. Onların nikahı formal olmaqla əhəmiyətsiz nikah hesab olunmalıdır. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir . Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2024-ci il tarixli AZ-İİ 613630 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2024-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 335 nömrə ilə qeyd edilmişdir. İşdə olan, Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiyada və beynəlxalq hüquqi aktlarda əks olunmuş nikah və ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) ilə tənzimlənir. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə qanunvericiliyində təsbit olunan bu prinsiplərin təmin edilməsi məqsədilə Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: - nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; - pozulmamış əvvəlki nikah üzrə ər (arvad); - saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad). Nikahın bağlanması proseduruna gəldikdə isə nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməlidir. Hazırki işin faktiki hallarından məlum olur ki, hər iki tərəf könüllü olaraq müvafiq icra hakimiyyətinə ərizə ilə müraciət etmiş, Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş maneələr olmadığı üçün onların nikahları qeydə alınmışdır. Digər tərəfdən İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsi Ailə Məcəlləsinin 26-cı maddəsində göstərilən şəxslərin dairəsinə daxil edilməmişdir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah saxta nikah hesab oluna bilməz. Odur ki. iddia rədd olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar