Məhkəmə qərarları › İş №2(041)-2424/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2424/2025

03.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2424/2025 03.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi Zeynalova Leyla Fariz qızının katibliyi Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Kürdəmir regional “ASAN” xidmət mərkəzində notariat ofisi) miras əmlakın qəbul edilmiş hesab edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosesual müddətin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1,13 ha kənd təsərrüfat təyinat torpaq sahəsinin onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa eilməsi edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birikdə hazırda Kürdəmir rayonunun Karrar kəndində yaşayır. X2 xx.xx.1996-cı ildə, anası X8 xx.xx.2010-cu il tarixdə, bibiləri: X31 xx.xx.2013-cü il tarixdə, X32 isə xx.xx.2017-ci il tarixdə ölmüşlər. Mərhum atasının qardaşı X15 xx.xx.2001-ci il tarixdə ölmuşdür. Digər qardaşları, X9 və X6 isə ayrı-ayrılqda hazırda Bakı şəhərində özlərinə məxsus evdə yaşayırlar. Mərhum nənəsi X10 ölənə kimi mərhum atasının himayəsində onlarla birlikdə yaşamış, atası vəfat etdikdən sonra isə ölənə kimi, yəni xx.xx.2002-ci il tarixə kimi onun himayəmdə olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Mərhum nənəsi X5 Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 avqust tarixli, 08 nömrəli qərarına əsasən Kürdəmir rayonunun Karrar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,13 ha torpaq sahəsi verilmişdir. Mərhum nənəsi həmin torpaq sahəsini vəfat edənə kimi onunlar birlikdə istifadə etmiş, onun ölümündən sonra həmin torpaq sahəsini (miras əmlakı) o qəbul etmiş və hazırda da həmin torpaq sahəsindən o istifadə edir. Digər vərəsələr olan və hazırda Bakı şəhərində yaşayan qardaşları, X9 və X6 mərhum nənəsi X1 miras qalmış 1,13 ha torpaq sahəsini qəbul etməmiş və miras əmlakdan heç bir pay tələb etməyəcəklərini bildirmişlər. 2023-сi ildə mərhum nənəsi X1 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Kürdəmir regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etsə də, mirasın qəbul müddətini ötürdüyünü bildirib vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyyə edərək bu barədə ona məktub vermişlər. Ona görə də mərhum nənəsi X1 miras qalan əmlakın onun tərəfidən qəbul edilmiş hesab edilməsi və vərəsəliyin qəbulu müddətinin ötürülməsinin bərpa edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayonu Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli, AZ-İ №632137 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2013-cü il tarixdə Şirvan şəhərində ölmüşdür. -İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının İddiaçı üncanladığı xx.xx.2023-cü il tarixli 2-5/2-27836/2023 nömrəli cavab məktubuna əsasən, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.5-ci maddəsinə əsasən Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı üncanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/2-G-B/2-6/2023 nömrəli cavab məktubuna əsasən, mirasın qəbulu müddəti ötürüldüyü üçün X1 qalan torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilib və məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilib. - Kürdəmir rayonu Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, AZ-İ №845674 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. -Kürdəmir rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İ 406072 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2010-cu il tarixdə Kürdəmir rayonu Karrar kəndində ölmüşdür. Bu barədə xx.xx.2010-cu ildə kitabın ölüm səhifəsinin 196-cı səhifəsində qeydiyyat aparılmışdır. -Kürdəmir rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli AZ-İ 089411 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2001-ci il tarixdə Kürdəmir şəhərində ölmüşdür. Bu barədə xx.xx.2001-ci ildə kitabın ölüm səhifəsinin 363-cı səhifəsində qeydiyyat aparılmışdır. -Kürdəmir rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İ 019548 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonu Karrar kəndində ölmüşdür. Bu barədə xx.xx.2002-ci ildə kitabın ölüm səhifəsinin 08-cı səhifəsində qeydiyyat aparılmışdır. -Kürdəmir rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İ 470808 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1996-ci il tarixdə Kürdəmir rayonu Karrar kəndində ölmüşdür. Bu barədə xx.xx.1996-ci ildə kitabın ölüm səhifəsinin 45-cı səhifəsində qeydiyyat aparılmışdır. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli 700 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2002-ci il tarixdə ölmüş X1 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Kürdəmir rayon İHB-nın Karrar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 902 nömrəli arayışından görünür ki, İddiaçı Kürdəmir rayonunun Karrar kənd İƏDnin Karrar kəndində yaşamaqla onun aşağıdakı kimi ailə tərkibi vardır: 1.h/yol:-X3 (xx.xx.1965). 2.oğlu:- X16 (xx.xx.1988). 3.gəlini:- X12 (xx.xx.1998). 4.nəvəsi:- X30 (xx.xx.2018). 5.nəvəsi:- X7 (xx.xx.2020). 6. X26 (xx.xx.1992). -”Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə (JN-147, KOD ********) dövlət aktı qeydiyyat kitabında 23 mart 1999-cu il tarixdə 147 nömrə ilə qeydiyyata alınmış, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1.13 ha torpaq sahəsi X5 verilmişdir. - Kürdəmir regional Asan Xidmət Mərkəzində notariat ofisində imzalanmış ərizədən görünür ki, X9, X6 2002-ci ildə dünyasını dəyişmiş nənələri X4 adına verilmiş, Kürdəmir rayonunun Karrar kəndinin ərazisində (əvvəlki R.Axundov adına kolxozun ərazisi) yerləşən 1,0 hektar 13 sot (bir hektar on üç sot) pay torpaq sahəsinə heç bir iddia tələbləri yoxdur və onun qardaşı İddiaçı Çahangir oğluna verilməsinə etirazları yoxdur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə (JN-147, KOD ********) dövlət aktı qeydiyyat kitabında 23 mart 1999-cu il tarixdə 147 nömrə ilə qeydiyyata alınmış, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1.13 ha torpaq sahəsi X5 verilmişdir. X10 xx.xx.2002-ci il tarixdə ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə mərhumun nəvəsi İddiaçı müraciətinə imtina edilmiş, əsas kimi müddətin ötürüldüyü göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 17 noyabr 2002-ci il tarixdə ölmüş X1 miras əmlak kimi qalmış,”Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə (JN-147, KOD ********) dövlət aktı qeydiyyat kitabında 23 mart 1999-cu il tarixdə 147 nömrə ilə qeydiyyata alınmış, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1.13 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, ərizənin torpaq sahəsinin onun tərəfindən qəbul edilmiş hesab edilməsi hissəsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə görə vərəsələrin dairəsini müəyyən etmək notariat orqanlarının səlahiyyətinə aid edildiyi üçün rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. 17 noyabr 2002-ci il tarixdə ölmüş X1 miras əmlak kimi qalmış,”Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə (JN-147, KOD ********) dövlət aktı qeydiyyat kitabında 23 mart 1999-cu il tarixdə 147 nömrə ilə qeydiyyata alınmış, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1.13 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar