Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-296/2023 28.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İmamqulu qızının iştirakı ilə, İddiaçı İmamqulu qızının Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüququnun itrilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İmamqulu qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus, Kürdəmir şəhəri, H.Hüseynov küçəsi, ev 17-də olan fərdi yaşayış evinə istifadə hüququnun itrilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasında Kürdəmir şəhəri, H.Hüseynov küçəsi, 17-də yerləşən fərdi yaşayış evini almış, xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 Xidmət mərkəzindən verilmiş arayış əsasında ona məlum olmuşdur ki, cavabdehlər evdə qeydiyyatda qalmış, həmin şəxslərin hazırda yaşadıqları ünvan ona məlum olmadığından məsələnin məhkəmədən kənar qaydada həlli mümkün olmamışdır. Cavabdehlərin onun evində qeydiyytada olması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də məcbur olub cavabdehlərin onun evidən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; -AN-İ ******* nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X2, Cavabdeh4, X6, X1 şəhəri H.Hüseynov küçəsi 17 saylı 2 otaqlı fərdi yaşayış evini 8800 manata İddiaçı İmamqulu qızına satmışlar. - xx.xx.2012-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, ünvan 1-də yerləşən, ümumi sahəsi 153.1 kv.m olan yaşayış evi üzərində İddiaçı İmamqulu qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, X2, Cavabdeh4, X6, X4 mülkiyyətlərində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış, lakin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Kənar şəxslərin evdə qeydiyyatda olmaları iddiaçının evin mülkiyyətçisi kimi hüquqlarını məhdudlaşdırdığı üçün həmin şəxslərin mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün onların həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki. hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüququ evin alqı-satqı müqaviləsi qüvvəyə mindiyi andan itirilmiş və onların istifadə hüququna xitam verilmişdir. Odur ki, cavabdehlərin evdən istifadə hüququ yoxdur, mövcud olmayan hüquqa xitam verilə bilməz. Lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehlərin evdən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehlərin evdən istifadə hüququnun olmadığını iddia edir. Odur ki, hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehlərin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1-də yerləşən, ümumi sahəsi 153.1 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqularının olmadığı müəyyən edilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə həmin şəxslərin ünvan 1-də yerləşən, ümumi sahəsi 153.1 kv.metr olan fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Kürdəmir şəhəri, H.Hüseynov küçəsi 17-də yerləşən, ümumi sahəsi 153.1 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqularının olmadığı müəyyən edilsin. Qətnamə adı çəkilən şəxslərin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-296/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-296/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver