Məhkəmə qərarları › İş №2(041)-37/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-37/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-37/2025 24.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2019-cu ildə Şabran rayon Qeydiyyat öbəsində 87 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2022-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2019-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2019-cu il tarixdə X5 və xx.xx.2022-ci ildə X4 adlı iki uşağı anadan olub. Artıq bir neçə aydan artıqdir ki, ayrı yaşayırlar. Cavabdehle ayrılmaqlarına əsas səbəb cavabdehin ona qarşı laqeyd münasibəti olmuşdur. Belə ki, cavabdeh daima onu incidir. Hər dəfə evdə söz-söhbət yaradır. Bundan sonra onunla bir yerde yaşamağı mümkün deyil. Hazırda azyaşlı uşaqları onun himayəsindədir. Cavabdehlə birgə yaşamaq istəmir. Nikahın pozulması ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş, lakin aralarında barışıq əldə olunmadığı üçün nikahın pozulmasını məhkəmədə davam etdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən: - AZ-T 035320 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Şabran rayon qeydiyyat şöbəsində 87 nömrə ilə qeydə alınmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə, X4 xx.xx.2022-ci il tarixdə anadan olub. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin ər-arvad münasibətləri tamam pozulmuş və ayrılmışlar. Ailənin bərpa edilməsi qeyri mümkündür. İddiaçı birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir və onunla aralarında bağlanmış nikahın pozulmasına təkid etir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 hazırda anası iş üzrə İddiaçı yanında qalır. Bununla bağlı tərəflər arasında fikir ayrılığı yoxdur. Aliment məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 1.2.1-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-cü bəndinə əlavə edilmiş 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay 150 manat sabit pul məbləğində aliment tutulması uşağın və hər iki tərəfin mənafeyinə uyğun hesab edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sənrəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarına müvafiq olaraq müəyyən edilmiş 150 manat alimentin 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0.38 mislini (150 : 400 = 0.375) təşkil edəcəkdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şabran rayon Qeydiyyat şöbəsində 11 iyun 2019-cu il tarixdə 87 nömrə ilə qeydə alınmış nikah pozulmalıdır. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 anaları iş üzrə İddiaçı yanında saxlanılmalıdır. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Nikahın pozulması qeydiyyat orqanında qeydə alınarkən İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməli, Cavabdeh bu xərcdən azad edilməlidir. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat tutlaraq İddiaçı, ödəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şabran rayon Qeydiyyat şöbəsində 11 iyun 2019-cu il tarixdə 87 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 anaları iş üzrə İddiaçı yanında saxlanılsın. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Nikahın pozulması qeydiyyat orqanında qeydə alınarkən İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Cavabdeh bu xərcdən azad edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat tutlaraq İddiaçı, ödəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar