Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-428/2023 13.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim X1 Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili X10 iştirakları ilə, İddiaçı Cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, CQBKG (Cənubi Qafqaz X2) layihəsinin təsiri altına düşən, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində faktiki istifadəsində olan 0.15 ha torpaq sahəsi üçün 110 000 manat məbləğində kompensasiya məbləğinin cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyindən tutularaq ona ödənilməsini xahiş etmişdir. İş üzrə cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyinin hüquqi ünvanı ünvan 1 Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın predmetinin Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsi ilə bağlı olması əsas götürülərək Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə müvafiq olaraq mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon rayon məhkəməsinə göndərilmiş, mülki işin materialları xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdir ki, Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində, Sığırlı bələdiyyəsinin mülkiyyətində olan, hazırda 040200278M kod nömrəli torpaq sahəsi 2010-cu ildən faktiki onun istifadəsində olmuş, həmin torpaq sahəsində 50 ədəd nar ağacı əkib becərmişdir. 2015-ci ildə 040200278M kod nömrəli torpaq sahəsi Cənubi Qafqaz X2 layihəsinin təsiri altına düşmüşdür. 2015-ci ildə onun rayon ərazisində olmamasından istifadə edən Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əmirov Eyyub CQBKG layihəsinin Kürdəmir rayonu üzrə Torpaqayırma Komissiyasının sədri Əşrəf Şükürovla əlbir olaraq 30 oktyabr 2015-ci il tarixdə özünün, Sığırlı bələdiyyəsinin sədri X16, Sığırlı kənd sakinləri X11, X18, X13 və X7 iştirakı ilə akt tərtib edərək Sığırlı kəndi ərazisində Sığırlı-Ərəbqubalı yolunun sağ hissəsində, Sığırlı bələdiyyəsinə məxsus olan və CQBKG layihəsinin 81-ci km-də kəmərin təsiri altına düşən torpaq sahəsində əkilmiş bar verən nar ağaclarının 67 ədədinin X4 ailə üzvləri tərəfindən, 110 ədədinin isə X6 ailə üzvləri tərəfindən əkib becərildiyini və həmin torpaq sahələrinin Əfsusə Əzizovaya və Xurma Alcanovaya səhvən pay torpaq sahəsi kimi verildiyini qeyd etmiş və həmin akt heç bir əsas olmadan Əşrəf Şükürov tərəfindən təsdiq edilmişdir. Əslində isə CQBKG layihəsinin təsiri altına düşən torpaq sahəsində əkilən bar verən nar ağaclarının 67 ədədi Əfsusə Əzizovaya, 50 ədədi isə ona məxsusdur. X6 əkdiyi 60 ədəd nar ağacının yerləşdiyi torpaq sahəsi CQBKG layihəsinin təsiri altına düşmür və onların faktiki istifadə etdikləri torpaq sahəsindən xeyli aralı məsafədə yerləşir. Onun 2010-cu ildən bəri əkib becərdiyi 50 ədəd nar ağacları Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və CQBKG layihəsinin Kürdəmir rayonu üzrə Torpaqayırma Komissiyasının sədri Əşrəf Şükürovun təşəbbüsü ilə X6 adına qeyd edilmiş və nəticədə əkib becərdiyi 50 ədəd nar ağaclarına görə kompensasiya ona ödənilməli olduğu halda qanunsuz olaraq başqa şəxslərə ödənilmiş və onların əsassız varlanmasına səbəb olmuşdur. Sığırlı bələdiyyəsinin mülkiyyətində, Sığırlı kəndi ərazisində yerləşməklə faktiki istifadə etdiyi torpaq sahəsində əkib becərdiyi bar verən nar ağacına görə ödənilən kompensasiyanın alınıb ona verilməsi ilə bağlı müxtəlif orqanlara yazdığı müraciətlərin heç birinə müsbət cavab almamış və bu günə kimi ona kompensasiya ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 2020ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X5 45 300 manat pulun tutularaq ona verilməsini tələb etmiş, Kürdəmir rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş və cavabdeh X5 45300 (qırx beş min üç yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Kürdəmir rayon rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, cavabdehə kompensasiya ödənilən ərazinin onun faktiki sahibliyində olmasına və orada 50 ədəd nar ağacı əkilərək becərməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Hətta təqdim edilmiş olsa belə hazırki iddiaya cavab verməli olan şəxs konpensasiya alan şəxs deyil, kompensasiyanı qanunsuz və əsassız olaraq başqa şəxsə ödəyən şirkət ola bilər. Belə olan halda əsassız olan kompensasiyanın geri qaytarılması tələbini irəli sürmək hüququ da şirkətdə qalmış olur. Odur ki, iddiaçı həmin göstərişi əsas götürərək kompensasiya verən şirkətə qarşı iddia qaldırmışdır. İddiaçının həqiqətən də, Kürdəmir rayon Sığırlı bələdiyyəsinin mülkiyyətində göstərilən 040200278M kodlu torpaq sahəsində təxminən 10 ildən artıq nar ağacları əkərək becərməsi iş materiallarında olan Kürdəmir rayon Sığırlı bələdiyyəsinin sədri Z.N.Quliyev və Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli, 226 nömrəli arayışı ilə təsdiq edilmişdir. İşdə olan sübutları nəzərə alaraq, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində faktiki istifadəsində olan 0.15 ha torpaq sahəsi üçün 110 000 manat məbləğində kompensasiya məbləğinin cavabdeh “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddia tələbləri əsl cavabdehə qarşı irəli sürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Höküməti ilə bağlanmış Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş (bundan sonra “TƏMÖH Sazişi”)-nin 10.2-ci maddəsinin məzmununa istinadən məlum olur ki, Boru Kəməri iştirakçıları hər hansı Dövlət hakimiyyəti orqanları tərəfindən Layihə sazişinin və yaxud hər hansı bir öhdəliyin pozulmasından yaranan və ya bunların nəticəsi olan “itki və zərərə münasibətdə heç bir maddi məsuliyyət daşımırlar.” Bununla yanaşı “Boru Kəməri iştirakçıları torpaq hüququna münasibətdə sahiblik, mülkiyyət, istifadə və ya buna oxşar hüquqlara dair qaldırılan iddialara görə üçüncü tərəflər qarşısında məsuliyyət daşımırlar.” Qeyd olunan maddələrə əsasən hesab edirik ki, BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkəti İddiaçı Cəmaləddin oğlu tərəfindən qaldırılan pul tələbinə dair iddiaya görə heç bir maddi məsuliyyət daşımır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiya ödənişi nəzərdə tutulur. Həmin Qanunda verilən anlayışa görə “alınan torpaq” bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaqdır. Öncədən də qeyd edildiyi kimi sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar heç bir qərar qəbul edilməmişdir. TƏMÖH Sazişinin 7.2-ci maddəsinin (vii) bəndinin 2-ci yarımbəndinə istinadən deyə bilərik ki, Dövlət hakimiyyəti orqanlarının (Kürdəmir rayon İcra Hakimiyyəti) hər bir CQBK iştirakçısına torpaq hüquqlarının verilməsi ilə əlaqədar qüvvəsinə xitam verilə, şərtləndirilə, məhdudlaşdırıla və ya başqa cür təsirə məruz qala biləcək daha əvvəl mövcud olmuş hər hansı sahibkarlıq payına, mülkiyyət, yaşayış, tikinti hüququna malik olan və ya ona iddia edən hər hansı və bütün Şəxslərin müəyyən edilməsi üçün tam məsuliyyət daşıyır. Boru Kəmərinin keçdiyi torpaq sahələrinin müəyyən olunması və mülkiyyətçilərlə icarə müqavilələrinin bağlanması üçün müvafiq dövlət hakimiyyət orqanları öhdəlik daşıyır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı olan və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə CQBK layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunan TƏMÖH Sazişinin 4.1-ci maddəsinin (ii) bəndinə əsasən, “Dövlət hakimiyyət orqanları [Boru Kəməri] iştirakçılarını müstəsna və qeyri-məhdud Torpaq hüquqları ilə təmin edirlər”. TƏMÖH Sazişinin 7.2-ci maddəsinin (vii) bəndinin 1-ci yarımbəndinə əsasən, Azərbaycan Hökuməti öz üzərinə öhdəlik götürür və razılıq verir ki, “Dövlət hakimiyyəti orqanları bütün öhdəlikləri yerinə yetirir və [Boru Kəməri] iştirakçılarına ... Torpaq hüquqlarının əldə olunması, verilməsi və istifadəsi ilə əlaqədar yardım göstərirlər”. TƏMÖH Sazişində qeyd olunan anlayışlara əsasən, “Dövlət hakimiyyət orqanları” dedikdə, (i) Hökumət, (ii) hər hansı və bütün Dövlət müəssisələri, (iii) hər hansı və bütün Yerli hakimiyyət orqanları və (iv) yuxarıda adı çəkilənlərin hər hansı birinin və ya hamısının adından çıxış edən Şəxslər və ya onların hüquqi varisləri və səlahiyyətli müvəkkilləri nəzərdə tutulur. Konkret mübahisəyə gəldikdə isə, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Cənubi Qafqaz X2 Layihəsinin təsiri altına düşən torpaq sahiblərinin müəyyən edilməsi üçün BP şirkətinin CQBKG layihəsində torpaq məsələləri üzrə koordinatorunun icmalarla əlaqələndiricisinin iştirakı ilə komissiya yaradılmış və həmin komissiyanın təqdim etdiyi sənədlər əsasında kompensasiya ödənişləri həyata keçirilmişdir. Təqdim edilmiş sənədlər əsasında iddiaçıya da 120674 manat kompensasiya hesablanmış və ödənilmişdir. İddiaçıya əlavə ödənişin edilməsi barədə komissiya tərəfindən şirkətə heç bir sənəd daxil olmamışdır. Cavabdehin nümayəndəsi işin göstərilən hallarını nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X14, Sığırlı Bələdiyyəsinin sədri X8, Sığırlı kənd sakinləri X4, X15, X6 və X7 iştirakı ilə tərtib edilmiş və CQBKG Layihəsinin Kürdəmir rayonu üzrə Torpaqayırma Komissiyasının sədri Ə.X.Şükürov tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, Sığırlı kəndi ərazisində Sığırlı-Ərəbqubalı yolunun sağ hissəsində Sığırlı Bələdiyyəsinə məxsus olan və CQBKG Layihəsinin 81-ci kilometrliyində kəmərin təsiri altına düşən torpaq sahəsində əkilmiş bar verən nar ağaclarının 67 ədədini X4 ailə üzvləri, 110 ədədini isə X6 ailə üzvləri əkib becərmişlər. Torpaq islahatı zamanı pay torpaqları naturada verilərkən həmin torpaq sahəsi Əfsusə Əzizovaya, və Xurma Alcanovaya səhvən pay torpağı kimi verilmişdir. Bu səbəbdən də onlar həmin torpaqlarda 2001-2002-ci illərdə nar bağı salmışlar. - Kürdəmir rayon Sığırlı Bələdiyyəsinin sədri Z.N.Quliyev və Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilib Sığırlı kənd sakini İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli, 226 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də Kürdəmir rayon Sığırlı Bələdiyyəsinin mülkiyyətində göstərilən 040200278M kodlu torpaq sahəsində təxminən 10 ildən artıqdır ki, nar ağacları əkərək becərmişdir. - Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Əmirov və Kürdəmir rayon Sığırlı Bələdiyyəsinin sədri tərəfindən imzalanıb Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və BP Şirkətinin Prezidentinə ünvanlanmış müraciətdə 2014-cü ildə Sığırlı kəndinin ərazisindən keçən Cənubi Qafqaz X2 layihəsi üzrə subsidiya ödənilən və həmin boru xəttinin mühafizə zolağına düşən pay və bələdiyyə torpağı vaxtı ilə Sığırlı kənd sakini, şəhid atası İddiaçı 2010-cu ilə qədər pay torpaqsahəsi bilərək əkib becərdiyi ********* kod nömrəli torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində oğlmasını və həmin torpaq sahəsinə görə subsidiyanın nə bələdiyyəyə və nə də vətəndaşa ödənilmədiyinii, Sığırlı kənd sakini İddiaçı ********* kod nömrəli torpaq sahəsində təqribən 50-yə yaxın nar ağacı əkib becərdiyini bildirib onun Şəhid atası olmasını nəzərə alaraq qanunamüvafiq qaydada həmin yerə baxış keçirilib imkan daxilində vətəndaşa subsidiya verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. - BP şirkətinin CQBKG layihəsində torpaq məsələləri üzrə koordinatoru Əsəd Sayılovun, BP şirkətinin CQBKG layihəsində icmalarla əlaqələndiricisi Elbəy Quliyevin, şikayətçilər X4, Sərvər Alcanovun və Sığırlı Bələdiyyəsinin sədri Zamil Quliyevin iştirakı ilə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Kürdəmir rayonunun Sığırlı kəndində Cənubi Qafqaz X2 Layihəsinin təsirinə məruz qalan Sığırlı Bələdiyyəsinə məxsus 040200277M və 040200278M kodlu torpaq sahələrində əkilmiş 177 nar ağacının GPS kordinatları götürülmüşdür. CQBKG layihəsinin təsirinə məruz qalan Sığırlı Bələdiyyəsinə məxsus 040200277M və 040200278M kodlu torpaq sahələrində Əfsusə Əzizovaya məxsus 67 ədəd nar ağacının və Xurma Alcanovaya məxsus 110 ədəd nar ağaclarının yerləşdiyi ərazinin götürülmüş GPS kordinatları 8790781/4462300, 8790778/4462280, 8790813/4462284, 8790786/4462299, 8790790/4462299, 8790794/4462318, 8790817/4462315, 8790821/4462314 götürülmüşdür. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini T.Ş.Novruzov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli, 2/764-1 nömrəli məktubdan görünür ki, G.C.X17 X2 Layihəsinin təsiri altına düşən əkib becərdiyi nar ağaclarına görə ona kompensasiyanın ödənilməsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı ərizə üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, G.C.X17 X2 Layihəsinin təsiri altına 119 ədəd bar verən və 46 ədəd yetişkən, cəmi 165 ədəd nar ağazları düşmüş və buna görə ona 120674 manat kompensasiya hesablanmış və o, həmin kompensasiyanı ödəniş kartı vasitəsi ilə almışdır. -“BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2018-ci il tarixli, A-000166 nömrəli məktubdan görünür ki, E.Əmirov tərəfindən BP Eksploreyşn Limited Azərbaycan nümayəndəliyinə ünvanladığı müraciətində göstərdiyi **********0 kodlu torpaq sahəsi barədə onların məlumat bazasında heç bir qeydiyyat yoxdur. Lakin onların bazasında 040200280X kodlu torpaq sahəsi vardır, həmin sahə xüsusi mülkiyyətdə olan torpaq sahəsidir və İddiaçı adına qeydə alınmışdır, həmin torpaq sahəsi ilə bağlı onunla icarə müqaviləsi imzalanmış və kompensasiya tam olaraq ödənilmişdir. - Sığırlı kənd inzibti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 377 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən bələdiyyə torpağından istifadə edərək həmin sahədə nar ağacları yetişdirmişdir. - Kürdəmir rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş və cavabdeh X5 45300 (qırx beş min üç yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Kürdəmir rayon rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Kürdəmir rayon məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X9 qarşı pul tələbinə dair iddiası əsasında qeyd edilən məsələlərə hüquqi qiymət verilmiş və sonda onun iddiası təmin edilməmişdir. Həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində məhkəmə qeyd etmişdir ki, cavabdehə kompensasiya ödənilən ərazinin onun faktiki sahibliyində olmasına və orada 50 ədəd nar ağacı əkilərək becərməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Hətta təqdim edilmiş olsa belə hazırki iddiaya cavab verməli olan şəxs konpensasiya alan şəxs deyil, kompensasiyanı qanunsuz və əsassız olaraq başqa şəxsə ödəyən şirkət ola bilər. Belə olan halda əsassız olan kompensasiyanın geri qaytarılması tələbini irəli sürmək hüququ da şirkətdə qalmış olur. İddiaçının həqiqətən də, Kürdəmir rayon Sığırlı bələdiyyəsinin mülkiyyətində göstərilən 040200278M kodlu torpaq sahəsində təxminən 10 ildən artıq nar ağacları əkərək becərməsi iş materiallarında olan Kürdəmir rayon Sığırlı bələdiyyəsinin sədri Z.N.Quliyev və Kürdəmir rayon İHB-nin Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli, 226 nömrəli arayışı ilə təsdiq edilsə də, həmin arayış kompensasiyanın ödənilməsi üçün əsas hesab edilmir. Belə ki, həmin arayış Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Cənubi Qafqaz X2 Layihəsinin təsiri altına düşən torpaq sahiblərinin müəyyən edilməsi üçün BP şirkətinin CQBKG layihəsində torpaq məsələləri üzrə koordinatorunun və icmalarla əlaqələndiricisinin iştirakı ilə yaradılmış komissiyaya təqdim edilməli və həmin komissiya tərəfindən araşdırıldıqdan sonra qəbul ediləcək qərardan asılı olaraq şirkətin cavabdehliyi müəyyən edilə bilərdi. Hazırki vəziyyətdə, həmin arayışla bağlı “BP Eksploreyşn (Şah Deniz) Limited” şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyinə heç bir sənəd daxil olmadığına görə, qaldırılan iddia tələbinə görə şirkətin cavabdehliyi işdə olan sənədlərdən müəyyən edilmir. Digər tərəfdən, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüququnu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020ci il tarixli, 03/052 nömrəli arayışından görünür ki, İddiaçı və cavabdeh X9, eləcə də müraciətdə qeyd edilmiş ********* kod və 040200278M kod nömrələri texniki və hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən işin araşdırılması və GRS kordinatları barədə məlumatların məhkəməyə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməmilidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-428/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-428/2023
13.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver