Məhkəmə qərarları › İş №2(041)-44/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-44/2025

28.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-44/2025 28.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Kürdəmir şəhəri, Soltan Şıxalıyev küçəsi, Dəmiryol binası, ev 21, mənzil 5-də yaşayan Cavabdeh qanunsuz zəbt etdiyi Kürdəmir rayonu, Xırdapay Bələdiyyəsinə məxsus 0.09 ha torpaq sahəsindən tikililəri ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək bildirdi ki, Kürdəmir şəhəri, Soltan Şıxalıyev küçəsi, Dəmiryol binası, ev 21, mənzil 5-də yaşayan Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə bitişik, bələdiyyəyə məxsus 0.09 ha torpaq sahəsini zəbt edərək, qanunsuz olaraq hasara almışdır. Bu barədə cavabdeh xəbərdar olunduqdan sonra, zəbt olunmuş sahənin onun adına özəlləşdirilməsinə köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə bələdiyyəyə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq zəbt olunmuş 0.09 ha torpaq sahəsi sözügedən ərazinin alqısatqı üçün koordinatlarının müəyyən olunmasına köməklik göstərilməsi üçün xx.xx.2024-cü il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri HPŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə tərəflərindən müraciət edilmişdir. Bundan sonra 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri onların nümayəndəsinin iştirakı ilə sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulan 0.09 ha torpaq sahəsinə baxış keçirilmiş və araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazinin bir hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlara, digər hissəsi isə su anbarı kimi göstərilən əraziyə düşür. Bu səbəbdən də, sözügedən torpaq sahəsi ilə bağlı koordinatlarda əks olunan sxemin təqdim olunması mümkün olmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirdi ki, o, 2017-ci ilə kimi Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu fəaliyyətdən əldə etdiyi gəlirlər hesabına 2013-cü ildə Kürdəmir rayonu Xırdapay kənd ərazisindən 0.15 ha torpaq sahəsi əldə etmiş, burada "Daş bazarı" adı altında xidmət binası inşa etdirmiş və buna dair xx.xx.2013-cü il tarixli, ********** saylı mülkiyyət hüququna dair Çıxarışı mövcuddur. O, Rusiya Federasiyasında 2017-ci ilə kimi işlədiyi müddətdə yuxarıda qeyd olunan torpaq sahəsinin əldə olunması və burada xidmət obyektinin tikintisinə nəzarəti atası X4 nəzarət etmişdir. 2017-ci ildə Rusiya Federasiyasından tam yaşamaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə geri qayıtdıqdan sonra, mülkiyyətində olan torpaq sahəsi tam hasara alınmış və orada çörək bişirmə sexi də inşa edilmişdir. 2022-ci ildə sözügedən ərazi hasarlanarkən, sonradan ona məlum olmuşdur ki, çəkilən hasar çıxarışın koordinatları üzrə icra edilməmiş və bu zaman 0.09 ha torpaq sahəsi zəbt olunmuşdur. Bundan sonra zəbt olunmuş və hasara alınmış 0.09 ha torpaq sahəsinin onun icarəsinə verilməsi üçün ərizə ilə Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinə müraciət etmişdir. Həmin ərazi onun icarəsinə verilmiş və 2023-cü ildə icarəyə götürdüyü 0.09 ha torpaq sahəsinə görə Xırdapay Bələdiyyəsinə icarə haqqı üzrə ödəniş tərəfindən icra olunmuşdur. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçınə ünvanladığı ərizədən görünür ki, 2013-cü ildən Xırdapay ərazisində torpaq sahəsi alaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ona məxsus torpaq sahəsinin içərisində zəbt olunmuş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli 58 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Xırdapay bələdiyyəsində sahibkarlıq məqsədilə 900 kv.m ölçüdə torpaq sahəsinin koordinat ərazisinin verilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2053/2024 nömrəli İddiaçınə ünvanladığı cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri nümayəndələrinin naturada göstərdiyi torpaq sahəsinə baxış keçirmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sahibkarlıq məqsədilə ayrılması nəzərdə tutulan 0.09 ha torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlara, digər hissəsinin isə su anbarı kimi göstərilən əraziyə düşdüyü məlum olmuşdur. Bu səbəbdən də sözügedən torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan sxemin təqdim olunması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin reyestr nömrəsi **********13 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 0.15 ha sahəsi olan xüsusi mülkiyyətli yaşayış məntəqələrinin torpaqları Cavabdeh adına xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2548 nömrəli ekspert rəyindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən, Cavabdeh **********13 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış sahibkarlıq məqsədli 0.15 ha torpaq sahəsinin və iddiaçının nümayəndəsinin naturada göstərdiyi, cavabdehin faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.10 ha torpaq sahəsinin baxış zamanı cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilən 0.10 ha torpaq sahəsinin 0.0128 ha hissəsində və Cavabdeh **********13 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış sahibkarlıq məqsədli 0.15 ha torpaq sahəsinin 0.03865 ha hissəsində cavabdeh tərəfindən istifadə olunan qeyri-yaşayış obyekti mövcuddur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 79 nömrəli məktubdan görünür ki, sözügedən 0.09 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaqdır. O, cümlədən qonşusu sol tərəfdə xalça kombinatı, sağ tərəfdə isə Daş sexi yerləşir. İş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hal ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin bələdiyyə mülkiyyətində olan 0,09 ha torpaq sahəsindən çıxarılmasını tələb edir, cavabdeh bu tələbə etiraz etsə də ekspertiza rəyindən məlum olur ki, bələdiyyə torpağının cavabdeh tərəfindən zəbt hissəsi 0,10 ha təşkil edir. Lakin iddiaçı yalnız bələdiyyənin zəbt olunmuş 0,09 ha sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Məhkəmə yalnız iddiaçının tələb etdiyi sahə üzrə qərar çıxarır və iddia həcminin artırılmamasını nəzərə alır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İş materiallarında görünür ki, Cavabdeh İddiaçınə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib istifadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət huquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəlləsinin 4.1-ci maddəsinə görə, butün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh qanunsuz zəbt etdiyi Kürdəmir rayonu, Xırdapay Bələdiyyəsinə məxsus 0.09 ha torpaq sahəsindən tikililəri ilə birlikdə məcburi qaydada çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edildiyini nəzərə alaraq iş üzrə 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qanunsuz zəbt etdiyi Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinə məxsus 0.09 ha torpaq sahəsindən tikililəri ilə birlikdə məcburi qaydada çıxarılsın. Keçirilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT Bik: CTREAZ22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar