Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-453/2024 05.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X17 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci ildə X7 ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə tikdirdikləri, Kürdəmir rayonu, Məhərrəmli kəndində yerləşən iki mərtəbəli evə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, tərəflər 2011-ci ildə evlənib ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Ruqiyyə, xx.xx.2015-ci il tarixdə Hüseyn adlı iki uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə evləndikdən sonra onun valideynlərinə məxsus evə gəlin köçmüşdür. Sonradan iddiaçı cavabdehlə birlikdə müvəqqəti olaraq daxma adlan evə köçmüşlər. Təxminən 5 il həmin tikilidə yaşadıqları müddətdə özlərinə 2 mərtəbəli ev tikmişlər. Özlərinə məxsus evdə yaşadıqları müddətdə cavabdehin valdeynləri daima onların işinə qarşımış və nəticədə onların ailə münasibətləri pozulmuş, 2023-cü ildə onun üzərinə şər ataraq həmin evdən qovmuşlar. Kürdəmir rayon məhkəməsdinin xx.xx.2023-cü il tarixli 2(041)-1646/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onun özünə məxsus cehiz əşyaları və digər əmlakları cavabdehlə yaşadığı evdə qalmışdır. Hazırda iki azyaşlı uşağı ilə birlikdə valideynlərinə məxsus darısqal evdə yaşayır. Cavabdehlə birgə nikah dövründə əldə etdiyi torpaq sahəsindən və evdən başqa heç bir yeri yoxdur. Cavabdeh onu və azyaşlı uşaqlarını mübahisəli evə buraxmadığı üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi və köçmək istədiyi ev qardaşı tərəfindən tikilib. Həmçinin həmin torpaq sahəsi ona və qardaşına məxsus deyil. Mübahisəli ev yaxın qohumları X6 ailə başçısı olduğu J NN0031 KOD90602028 nömrəli torpaq sahəsində qardaşı tərəfindən inşa olunub. O, ailəsi ilə birlikdə daxmada yaşadığı üçün qardaşı tərəfindən müvəqqəti olaraq onlara yaşamaq üçün verilib. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1646/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 03 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Kürdəmir şəhəri Ü.Hacıbəyov küçəsi ev 35-də yerləşən 2 nömrəli mənzil mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. İşdə olan JN 0031 KOD 90602028 saylı dövlət aktının surətindən görünür ki, X8 və onun ailə üzvlərinin mülkiyyətinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 05 nömrəli qərarı ilə 1.58 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN 0032 KOD 90602028 saylı dövlət aktının surətindən görünür ki, X3 və onun 7 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 4.35 ha torpaq sahəsi verilmişdir. İş materiallarına eyni zamanda tərəflərin şəxsiyyət vəsiqələrinin surəti və digər sənədlər əlavə edilmişdir. Mübahisənin daha obyektiv araşdırılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-453/20224 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq eksertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)11 noyabr 1998-ci il tarixdə verilmiş JN 0031 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə Kürdəmir rayon Aqrar İslahat komissiyasının 23 may 1998-cil tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X6 istifadəsinə verilmiş 1.58 ha torpaq sahəsinin və 11 noyabr 1998-ci il tarixdə verilmiş 0032 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə Kürdəmir rayon Aqrar İslahat komissiyasının 23 may 1998-cil tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 7 nəfər ailə üzvü ilə X2 istifadəsinə verilmiş 4.35 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. 2). İddiaçının köçürülməsini tələb etdiyi, Kürdəmir rayonu Çölqubalı kəndi ərazisində yerləşən özbaşına 2 mərtəbəli evin qərardadın 2.1-ci bəndində göstərilən sənədlər üzrə 1.58 ha və ya 4.35 ha torpaq sahəsinin koordinatları daxilində inşa edildiyi (cizgiləri əlavə edilməklə) müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 10/6434 nömrəli ekspert rəyində baxış zamanı İddiaçı iddia etdiyi və naturada göstərdiyi fərdi yaşayış evi **********2 reystr nömrəli çıxarışla X9 və X4 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində yerləşdiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə göstərilən hallardan yalnız birinici hal mövcud olmuşdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi ev cavabdehə deyil, onun yaxın qohumu Qalib Məmmədova məxsus kənd təsərrüfatı torpaqlarında inşa edilmiş, lakin evə dair hər hansı hüquqmüəyyən edici sənəd mövcud olammışdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı həmin evə deyil, cavabdehin qardaşına məxsus evə gəlin köçmüş, iddiaçı iddia etdiyi evdə sonradan yaşamağa başlamış, iddiaçı 2023-cü ildə öz istəyi ilə, heç bir güc tətbiq edilmədən həmin evi tərk etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Habelə Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, MM-in 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşdə olan və tərəflərin verdiyi izahatlardan göründüyü kimi iddiaçının köçmək istədiyi ünvan başqa şəxsə məxsus torpaq sahəsində inşa edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu zaman məhkəmə diqqətə çatdırır ki, mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia yuxarıda göstərilən əsaslara əsasən təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-453/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-453/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver