Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-50/2023 02.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qızna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin nümayəndəsi Nicat Xəlilov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə 92040 (doxsan iki min qırx) manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat kontorunda 3M-206 reyestr nömrəsi ilə icarə müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixdə Bakı şəhər 19 saylı notariat kontorunda 3M-73 reystr nömrəsi ilə icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə saziş və 05 aprel 2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda 3M-467 reystrli icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə saziş bağlanmışdır. Müqavilələrə əsasən Cavabdeh İddiaçı MMC ilə müqavilənin icarə haqqı 2940 manat olmaqla, 05 aprel 2027-ci il tarixədək bağlanmışdır. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsini digər şəxsə satmaqla İddiaçı MMC ilə bağladığı müqaviləni kobud şəkildə pozmuşdur. Yeni müşkiyyətçi isə bağlanan müqavilənin icarə haqqını 5000 manat olaraq tələb etmişdir. Bu zaman arada 1560 manat fərq yarandığından həmin məbləği xx.xx.2027-ci ilə kimi ödədikləri nəzərə alınsa bu məbləğ 92040 manat təşkil edir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 05 aprel 2027-ci il tarixədək İddiaçı MMC-yə icarəyə verdiyi halda, 2022-ci ilin may ayında Z.M.Qasımovaya satmaqla icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin 13c bəndinin şərtlərini pozmuşdur. Sazişin 13c bəndinə əsasən “icarəyə verən” icarə sahəsini bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir formada digər şəxslərə özgəninkilədirdikdə (bağışlama, alqı-satqı və sair) buna əsas olan müqavilələrdə bu icarə müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeyd-şərtlərin olmasını təmin edəcəkdir. Yeni müşkiyyətçi icarə müqaviləsinin müddətinin uzadılacağı təqdirdə icarə haqqını 5000 manat olaraq tələb etmişdir ki, bu da əvvəlki şərtlərdən 1560 manat fərqlə xx.xx.2027-ci ilə kimi 92040 manat təşkil edəcəkdir. Nümayəndə hesab edir ki, göstərilən səbəblərə görə həmin fərq cavabdeh tərəfindən kompensasiya edilməlidir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.2 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh tam pay hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - “Cavabdeh ilə “X8” MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.2 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixə kimi aylıq 400 manat icarə haqqı ödəməklə “X8” MMC-yə icarəyə vermişdir. - icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin 5-ci bəndində aylıq icarə haqqı 3440 manat müəyyən edilmişdir. Həmin Sazişin 13c bəndinə əsasən “icarəyə verən” icarə sahəsini bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir formada digər şəxslərə özgəninkilədirdikdə (bağışlama, alqı-satqı və sair) buna əsas olan müqavilələrdə bu icarə müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeyd-şərtlərin olmasını təmin edəcəkdir. - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yeni mülkiyyətçisi X4 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqının məbləği 5000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olaraq İddiaçı MMC-nin təsis sənədləri, alqı-satqı müqaviləsinin surəti, vurulmuş zərər barədə arayış və digər sənədlər əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.2 kv.metr olan qeyri-yaşayış sahəsinin 05 aprel 2027-ci il tarixədək iddiaçıya icarəyə verilməsi barədə tərəflər arasında xx.xx.2018-ci il tarixdə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinə xx.xx.2019-cu il tarixdə və xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında sazişlər imzalamışlar. Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini 2022-ci ilin may ayında X1, yeni müşkiyyətçi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqının məbləği 5000 manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh qeyriyaşayış sahəsini İddiaçı MMC-yə icarəyə verdiyi halda, icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin 13c bəndinin şərtlərini pozmuşdur. Sazişin 13c bəndinə əsasən “icarəyə verən” icarə sahəsini bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir formada digər şəxslərə özgəninkilədirdikdə (bağışlama, alqı-satqı və sair) buna əsas olan müqavilələrdə bu icarə müqaviləsinin şərtlərinə yeni mülkiyyətçi tərəfindən əməl edilməsi barədə xüsusi qeyd-şərtlərin olmasını təmin edəcəkdir. Qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinə icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin 13c bəndinin şərtləri əlavə edilmədiyi üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvələn mülki qanunvericiliyin tələblərinə görə mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi əqd sayılır. Növündən və adından asılı olmayaraq hər bir müqavilə də əqd hesab olunur. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır (Mülki Məcəllə 328.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 328.2-ci maddəsinə görə bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Hazırki iş üzrə də, icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin 13c bəndinin şərtləri onu razılaşdıran tərəflər üçün yox, digər üçüncü şəxslər üçün öhdəlik yaradır ki, bu hal da, yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, icarəyə verilən qeyri-yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətində olmaqla, ona öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətçinin mülkiyyətində olan əmlakı üzərində mövcud olan hüquqlarını hər hansı sazişlə və ya müqavilə ilə məhdudlaşdırmaq (cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla) qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən, hər hansı saziş üçüncü şəxslərin mənafelərini pozulması ilə bağlı bağlanmışdırsa və eləcə də, tərəflər arasında mövcud olan müqavilə ləğv edilmişdirsə, tərəflər üçün öhdəlik yaratmır, yaranmış öhdəliyə isə xitam verilir. Mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM 385.1 maddə). İşin faktiki və mübahisə edilməyən hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi hüquqi təbiətinə və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığı üçün tərəflər üçün müqavilə üzrə öhdəliklər yaratmış və bununla bağlı tərəflər arasında mübahisə yaranmamışdır. İcarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2019-cu il tarixli sazişin 13c bəndi isə sonradan cavabdeh ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini müəyyən etdiyi üçün etibarsızdır və tərəflər üçün heç bir öhdəlik yarada bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.1. təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 424.5-ci maddəsində qeyd edilmişdir ki, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsinin dəyişdirilməsi və ya ləğvi ilə bağlı mübahisə olmadığına görə, bu müddəa mübahisənin hüquqi əsası kimi qiymətləndirilməmişdir. Kirayəyə verilmiş əşyaların özgəninkiləşdirilməsi ilə bağlı müddəalar Mülki Məcəllənin 699-cu maddəsi ilə tənzimlənir. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 699.2. Kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. 699.4. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. İcarə müqaviləsi də əmlak kirayəsi müqaviləsi hesab edildiyindən, yuxarıda şərh edilən qanunvericiliyin tələbləri hazırki mübahisəyə də tətbiq edilir. Mübahisə dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğuna görə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, zərərin ödənilməsi ilə bağlı tələblərdə Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən aşağıdakı şərtlər mövcud olmalıdır: 1) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər; 2) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərclər; 3) əmlakından məhrum olması nəticəsində dəymiş real zərər; 4) əmlakının zədələnməsi nəticəsində dəymiş real zərər; 5) hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda). Hazırki iş üzrə iddiaçı hesab edir ki, aylıq icarə haqqı 3440 manat olmaqla cavabdehlə 2027-ci ilə kimi qüvvədə olmaqla bağladığı icarə müqaviləsinin şərtləri yeni mülkiyyətçi tərəfindən aylıq icarə haqqının 5000 manata razılaşdırılması, 1560 manat fərqlə 59 ay müddətində yaratdığı 92040 manat fərq zərər kimi ilkin mülkiyyətçidən, yəni cavabdehdən tələb edilməlidir. Halbuki, iddiaçının tələbi yuxarıda geniş şərhi verilmiş mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarına, habelə Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 92040 (doxsan iki min qırx) manat kompensasiya tələbinə dair iddiası əsassız və qanunsuz olduğuna görə rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş 366 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər.
SƏDRLİK EDƏN X.X.İMANOV