Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-531/2025 03.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına qoyulmuş maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına qoyulmuş maneələrin aradan qaldırılmasına cavabdehin məcbur edilməsi, ödədiyi 100 manat dövlət rüsumu və hüquqi sənədlərin hazırlanmasına 60 manat çəkdiyi xərcin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələbi onunla əsaslandırılmışdır ki, Salayev X1 şəhəri, A.Şakir küçəsi, 13 ünvanında yerləşən və mülkiyyətimdə olan 0,1710 ha həyətyanı torpaq sahəsində, ümumi sahəsi 87,80 kv.m olan 2 otaqlı mənzildə 5 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Həm həyətyanı torpaq sahəsinə, həm də yaşayış evinə dair hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququna dair çıxarış mövcuddur. Sözügedən həyətyanı torpaq sahəsinə və sahədə yerləşən yaşayış evinə tam mülkiyyət hüququna dair sənədin, yəni çıxarışın alınması üçün ilkin hüquqmüəyyənedici sənədlərlə 2006-ci ildən bu məsələni həll etmək üçün aidiyyatı orqanlara müraciət olmuş və son nəticədə məhkəmələrə müraciət etməli olmuşdur. Məhkəmələrə müraciət etməyinə səbəb, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə torpağın sxeminin səhv çəkilməsi olmuşdur. Bu barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsindəki iddiası həmin Məhkəmənin xx.xx.2013-cü il tarixli, 2- 1(086)-21/2013 saylı qərarı ilə təmin olunmuş və DT və XK-nin Kürdəmir rayon şöbəsi tərəfindən onun adına tərtib olunmuş A056192 saylı X3 kitabında xx.xx.2010-cu il tarixdə 999 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsü ləğv edilmişdir. Bu qərardan narazı qalan maraqlı şəxs, onunla qonşu olan qardaşının həyat yoldaşı Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə apellayasiya şikayəti vermiş, məhkəmə şikayətin prosessual müddətin buraxılması ilə verildiyindən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(106)-124/2024 saylı qərardadı ilə apellyasiyanı mümkün saymamışdır. Bu qərardaddan narazı olan Cavabdeh kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli, 2-1(102)-1031/2014 saylı qərarı ilə şikayət təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin məlum qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra qüvvəyə minmiş məhkəmə qərarı əsasında mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin plan və ölçüləri tərtib olunmuş və bundan sonra mülkiyyətində olan 0,1710 ha torpaq sahəsinə çıxarış ona təqdim olunmuşdur. Daha sonra sözügedən çıxarışla torpaq sahəsinin planı və ölçüsü ilə müəyyən olunmuş koordinatlar və döngə nöqtələri üzrə onunla qonşu olan qardaşının həyat yoldaşı Cavabdeh torpaq sahəsi arasındakı sərhədlərin müəyyən edilməsi üçün DƏDKR-i PHŞ-in 16 saylı Ucar Ərazi İdarəsinə və Kürdəmir rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında həmin təşkilatların nümayəndələri qonşu ilə sərhədləri müəyyən etmək üçün onun həyətinə gəlmiş, lakin Cavabdeh bu işi icra etməyə mane olduğuna görə, cavabdehin torpaq sahəsi ilə onun torpaq sahəsi arasındakı sərhədlərin qoyulması mümkün olmamışdır. Bu hal bir neçə dəfə təkrar olunmuş və 16 saylı Ucar Ərazi İdarəsinin son müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O, da məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, evdə olmayan vaxt torpaq komitəsi gələrək onun torpağını ölçüb getmişlər. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********595-10301 nömrəli çıxarışından görünür ki, Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi, ev 13-də yerləşən ümumi sahəsi 87.80 kv.m olan 0.1710 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla ********** nömrəli xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki pasportdan görünür ki, Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi, ev 13-də yerləşən fərdi yaşayış evi **********95-10301 nömrə ilə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 2- 5075/2024 nömrəli məktubundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi 0.1710 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin göstərilməsi ilə bağlı Ərazi İdarəsinin əməkdaşları yerində olmuş və torpaq sahəsinin bir qismi ilə üst-üstə düşmə halı müəyyən edilmişdir. Əlavə olaraq qonşu tərəf kəskin etiraz etmiş və çöl ölçmə işlərinin aparılmasına imkan verməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-S- 1008-8/2024 nömrəli müraciətə baxılması barədə olan məktubundan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi tərəfindən mülkiyyətində olan 0,1710 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələri göstərilərkən qonşu torpaq sahəsinin bir qismi ilə üst-üstə düşmə halı müəyyən edilmiş və həmin sahədə mübahisə olduğundan çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də müraciətin icrasından imtina edilmişdir. Bununla bağlı bildirilmişdir ki, qeyd olunan sahədə mübahisə halı aradan qaldırılaraq çölölçmə işlərinə şərait yaradılacağı təqdirdə sözügedən torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi məsələsinə Ərazi İdarəsi tərəfindən aidiyyəti üzrə baxılacaqdır. Nəzərə çatdırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 2- 5266/2024 nömrəli Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdən görünür ki, ərizəsinin icrası ilə əlaqədar Ərazi İdarəsinin əməkdaşları torpaq sahəsinin koordinatlarını göstərərkən torpaq sahəsinin bir hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyü və ərazidə mübahisə halı olduğu məlum olmuşdur və qarşı tərəf çöl ölçmə işlərinin aparılmasına imkan verməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. İşdə olan Kürdəmir RPŞ-nin xx.xx.2024-cü il tarixli 11/2024 nömrəli məktubundan görünür ki, iddiaçıya ünvanlanmış məktubla toplanmış materialda cinayət və inzibati xətanın tərkibi olmadığından müraciətində qeyd edilən tələblər barədə rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-21/2013 nömrəli xx.xx.2013cü il tarixli qətnaməsinin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş A 056192 saylı, Dövlət Torpaq sKadatr kitabında xx.xx.2010-cu il tarixdə 999 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü ləgv edilmişdir. İşdə olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1031/14 nömrəli xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(106)-124/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehlər tərəfindən onun torpaq sahəsinə maneələr yaradıldığını sübut etməlidir. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ünvan 1-də olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi, həm də yaşayış evinin tam mülkiyyətçisidir. Sözügedən torpaq sahəsinin planı və ölçüsü ilə müəyyən olunmuş koordinatlar və döngə nöqtələri üzrə onunla qonşu torpaq sahəsi arasındakı sərhədlərin müəyyən edilməsi üçün müxtəlif dövlət qurumlarına müraciət etsə də həmin torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsinə cavabdeh tərəfindən maneələr yaradılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi torpaq sahəsinin planı və ölçüsünə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Belə ki, Broniovski Polşaya qarşı işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması və həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə cavabdeh tərəfindən maneələrin yaradılması tədqiq edilmiş hüquq müəyyənedici sənədlərlə, iddiaçının izahatları ilə müəyyən edilir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və iddiaçının həmin torpaq sahəsindən maneəsiz istifadə hüququ olduğundan iddiaçı onun mülkiyyətində olan 0.1710 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi, ev 13-də yerləşən ümumi sahəsi 87.80 m2 olan fərdi yaşayış evinin yerləşdiyi 0.1710 ha torpaq sahəsinin sərhədləri müəyyən olunarkən Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********95-10301 nömrəli çıxarışı əsasında mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87.80 m2 olan fərdi yaşayış evinin yerləşdiyi 0.1710 ha torpaq sahəsi üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödədiyi 100 (yüz) manat dövlət rüsumu və hüquqi sənədlərin hazırlanmasına çəkdiyi 60 (altmış) manat xərc Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-531/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-531/2025
03.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver