Məhkəmə qərarları › İş №2(041)-550/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-550/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-550/2025 14.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 18, mənzil 43 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissədə hərbi hissənin komanda məntəqəsinin döyüşü idarəetmə zabiti vəzifəsində xidmət etmiş mayor Cavabdeh1 N hərbi hissəyə müraciət edərək ailə vəziyyətinə, eləcə də onun hərbi hissədə növbəli xidməti olduğuna əsaslanaraq Kürdəmir rayonu Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan "1 nömrəli hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onu mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1 N nömrəli hərbi hissənin komanda məntəqəsinin döyüşü idarəetmə zabiti vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti və digər Cavabdeh2 ilə nikahda olması, onların birgə nikahlarından övladlarının olmaması nəzərə alınmaqla, Cavabdeh1 yuxarıda sözügedən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Kürdəmir rayonu, N nömrəli hərbi hissənin ərazisində yerləşən "1 nömrəli hərbi şəhərciyində, ona 18 nömrəli binadan 62,2 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 43 nömrəli mənzil verilmişdir Cavabdeh1 N nömrəli hərbi hissə tərəfindən ona verilmiş yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 18 nömrəli ünvanında yerləşən 43 nömrəli mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil İstismar Xidmətində yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Müdafiə nazirinin 16 aprel 2024-cü il tarixli müvafiq əmri ilə cavabdeh mayor Cavabdeh1 "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "v" bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə Cavabdeh1 müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamış və 2022-ci ilin iyun ayından 2024-cü ilin noyabr ayına qədər hal-hazırda kommunal qalıq borcu 194.70 (yüz doxsan dörd manat) 70 qəpik məbləğində kommunal borcunu da ödəməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçının tələbi əsassız və qanunsuzdur, buna görə də ərizə təmin edilməməli, rədd olunmalıdır. O, Azərbaycan ordusu sıralarında ümumilikdə 20 il 01 ay 13 gün (15 ildən artıq) müddət hərbi xidmət keçmişdir. Bu səbəbdən də, digər mənzillə və ya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilmədən hazırda yaşadığı mənzildən istifadə hüququ vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli əmrindən görünür ki, Müdafiə nazirinin 2 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları barədə Əsasnamə”nin tələblərinə uyğun olaraq qarnizon üzrə N, 416, N və N nömrəli hərbi hissələrin şəxsi heyətinin xidməti mənzillə təmin edilməsi üçün mənzil komissiyası yaradılmışdır. Komissiyanın sədri N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisi polkovnik-leytenant X3 təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzil istismar rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 172 nömrəli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 3 ünvanında ailə üzvü- həyat yoldaşı-Cavabdeh2 ilə yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.2024-cü il tarixli 1249 nömrəli Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, ondan yaşadığı mənzilin hərbi xidmət dövrü üçün müvəqqəti yaşayış sahəsi olaraq verilməsi, hərbi təqaüdə çıxdığınıza görə 245.30 (iki yüz qırx beş manat 30 qəpik) manat olan kommunal borcunu ödəməsi və yaşadığı xidməti mənzili 15(on beş) gün ərzində hərbi hissəyə təhvil verməsi tələb olunmuş, əks təqdirdə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli N nömrəli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, Kapitan Cavabdeh1 Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələri komandanının 21 noyabr 2014-cü il tarixli 068 nömrəli əmri ilə N nömrəli hərbi hissənin komanda məntəqəsinin əməliyyat növbətçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Sumqayıt şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuş, vəzifəsinin icrasına başlamış, vəzifə maaşı ştata əsasən təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli N nömrəli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan (nizami hissə üzrə) görünür ki, Komanda məntəqəsinin əməliyyat növbətçisi mayor Cavabdeh1, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar olaraq 70 (yetmiş) təqvim günü müddətinə məzuniyyət verilməklə 09 iyul 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə göndərilsin. Mayor Cavabdeh1 2024-cü il yanvar-iyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Mayor Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 023 nömrəli əmri ilə "Usta" məharət dərəcəsi verilmişdir. Mayor Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilməyib. 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib. 2024-cü ilin növbəti məzuniyyətindən 20 (iyirmi) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 1328 nömrəli məktubdan görünür ki, hərbi təqaüdə çıxmış hərbi qulluqçulara hərbi xidmət dövrü üçün verilmiş yaşayış sahəsini 15 (on beş) gün müddətinə təhvil vermələri barəsində xx.xx.2024-cü il tarixində məktub ünvanlanmışdır, həmin müddət başa çatmasına baxmayaraq hələdə yaşadıqları mənzili hərbi hissənin mənzil-istismar xidmətinə təhvil verməyiblər. Bununla əlaqədar olaraq aşağıda adları göstərilən hərbi təqaüdçülərin mənzili təhvil vermələri barəsində müvafiq göstərişlər verməsi xahiş edilmişdir. 1. X8, 2. X9, 3. X4,

4. X6 və 5. Cavabdeh1. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzil istismar idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 179 nömrəli arayışdan görünür ki, Kürdəmir şəhəri 1 nömrəli hərbi şəhərcik ev-18, mənzil-43 ünvanında yaşayan Cavabdeh1 yaşadığı mənzildə 2022-ci ilin iyun ayından 2024-cü ilin noyabr ayına qədər 238.20 (iki yüz otuz səkkiz manat 20 qəpik) manat məbləğində kommunal borcu vardır, xx.xx.2024-cü il tarixində 43.50 (qırx üç manat 50 qəpik) məbləğində ödəniş olunmuşdur, hal-hazırda qalıq borc 194.70 (yüz qırx doxsan dörd manat 70 qəpik) təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzilistismar idarəsinin xx.xx.2024-cü il tarixli 1471 nömrəli arayışdan görünür ki, hərbi şəhərciyin ərazisində yerləşən binalarda olan mənzillərin kvadratı hesablanərkən yalnız yaşayış sahəsi nəzərdə tutulur, yəni mənzilin sanitar qovşağı, saunzeli, eyvanı və digər hissələr hesablanmır. Bu səbəbdən Kürdəmir rayonu 1 nömrəli hərbi şəhərcik ev-18, mənzil-43 ünvanında yaşayan Cavabdeh1un mənzili 62.2 m² təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 231/2-203 nömrəli arayışdan görünür ki, Kürdəmir rayonu 1 nömrəli hərbi şəhərcik ev-18, mənzil-13 ünvanında yaşayan vətəndaş Cavabdeh1 kommunal xidmətlər üzrə olan borcu xx.xx.2025-ci il tarixədək 212.40 (iki yüz on iki manat 40 qəpik) manat təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 231/2-205/2025 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin 1.13-cü bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsi verilməsi qadağandır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiçş xx.xx.2025-ci il tarixli 231/2-204/2025 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə"nin 1.15-ci bəndinə əsasən mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən bəzi hallarda əlavə olaraq ərazisində patrulluqetmə aparılan hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi hissə N tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1905 nömrəli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin komanda məntəqəsinin tərkibində döyüş təminatı tapşırıqlarını yerinə yetirmişdir. -15.2024-cü il tarixli 370 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2023-xx.xx.2023-cü il tarixədək MN BKH-da nevrologiya bölməsində "E

11. Şəkərli diabet tip 2, dekompensasiya mərhələsində. D vitamin çatışmazlığı. Hipertrofik rinit. Hər iki gözün sadə miopik astiqmatizmi sağ gözdə M 1,50 D və Em, sol gözdə M 2,5 D və Em. Diskogen mənşəli döş radikuliti. Vertebrogen mənşəli lumbalgiya. Vegetativ damar distoniyası. Sağ körpücük diafizin köhnə bitişmiş sınığı (2006). Sol tərəfli varikoselektomiyadan (2016) sonrakı bərkimiş dəri çapığı. İkincili hissəvi adentiya" diaqnozu ilə stasinonar müayinə və müalicədə olmuşdur (əsas: 5897 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2023-xx.xx.2023-cü il tarixədək MN BKH-da "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli dissosiativ-konversion pozuntu. Şəkərli diabet tip 2, dekompensasiya mərhələsində. D vitamin çatışmazlığı. İkincili hissəvi adentiya. Hər iki gözün sadə miopik astigmatizmi sağ gözdə Em və M 1,5 D nəticəsində görmə itiliyinin 0,7yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sol gözdə Em və M 2,0 D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Hipertrofik rinit" diaqnozu ilə stasinonar müayinə və müalicədə olmuşdur (esas: 6406 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-ın endokrinoloqu ilə konsultasiya olunmuşdur. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarirxli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə Naxçıvan MR-da doğulmuş, xx.xx.2024-cü il tarixdən Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 7, N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla yaşayır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarirxli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2002-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 51-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 02 nömrəli qərarının 1.15-ci bəndində əsasən, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən, kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisində yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda, əlavə olaraq ərazisində patrulluq etmə aparılan, hərbi şəhərciklər qapalı hərbi şəhərciklərə aiddir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 hərbi xidmətdən ehtiyata buraxıldığından, eləcə də onun xüsusi təyinatlı yaşayış sahəsinə aid olan sözügedən mənzildən çıxarılmasını istisna edən hallar mövcud deyil. Odur ki, məhkəmə onun ailə üzvləri ilə birlikdə xüsusi təyinatlı qapalı hərbi şəhərcikdən çıxarılması barədə iddia tələblərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin təmin edilməli, cavabdehlər Cavabdeh1 və Bədəlova X2 rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 18, mənzil 43 ünvanından çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Bədəlova X2 rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “1 nömrəli” hərbi şəhərcik, ev 18, mənzil 43 ünvanından çıxarılsınlar. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN: R.B.Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar