Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-78/2025 09.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi X28 və X15 üçüncü şəxs, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka mülkiyyət hüququnun müəyyən edilməsi (tanınması) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, əri X7 mülkiyyətində olmuş daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, 1966-cı ildə Kürdəmir rayonunda doğulub, boya-başa çatdıqdan sonra, 1987-ci ildə X19 ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Gəlin gəldiyi 1987-ci ildən bu günə kimi Kürdəmir şəhəri, M.Hüseynzadə, ev 18-də yaşamışlar. Uşaqlarının üçü də Kürdəmirdə doğulmaqla, həmin evdə yaşayaraq ailə qurmuşlar. Əri və uşaqlar o evdə qeydiyyatdadılar. Sözü gedən evin əsil sahibi, (çıxarışı yoxdur) əri Coşqun Məmmədovun doğma dayısı X43 adlı bir şəxs olmuşdur. Hacı İsgəndərov və arvadı X2 birgə nikahlarından 1950-ci ildə bir qız uşaqları dünyaya gəlmişdir. Həmin qız anadan gəlmə ruhi xəstə olduğundan, eləcə də, başqa uşaqlarının doğulacaqlarına əsaslı şübhələr yarandığı üçün, bu şəxslər qarşılığlı razılıq əsasında, o vaxtlarda 3 (üç) yaşında olan əri Coşqun Məmmədovu qeyri-rəsmi olaraq övladlığa götürmüşlər. Həmin vaxtdan ərini (mərhum) adı çəkilən evə qeydiyyata salaraq, öz doğma balası kimi böyütmüş və 1987-ci ildə onunla evləndirmişlər. Ərinin bioloji valideynləri X16 və X5 dünyalarını dəyişmişlər. Onların ərindən savayı, heç bir vərəsələri qalmamışdır. 1987-ci ildə o onların evinə gəlin gəldikdən sonra, onlarla birgə yaşayaraq, təsərrüfatı birgə idarə etmiş, yaşlı insanların qayğısına öz doğma qaynata-qaynana kimi qalmış, (ərimin valideynləri kimi) xəstəlikləri zamanda, onlara öz ata-anası kimi qulluq etmişdir. İsgəndərov Hacı 1994-cu il, arvadı Lalabəyim İsgəndərova isə, 1995-ci ildə vəvat etmişlər. Onların dəfn və hüzur xərclərini də, əri ilə o icra etmiş. Yeganə ruhi xəstə olan qızlarına qayğı göstərmiş, 1995-ci ildə anası vəfat etdikdən sonra isə, ona rəsmi, himayəçi (qəyyum) təyin olunmuş. Qayyumu olduğu X20 2002-ci ildə dünyasını dəyişmişdir. Yuxarıda adları qeyd olunan şəxslərin heç bir hüquq vərəsələri qalmamışdır. Yaşadıqları evin heç bir hüququ sənədi yoxdur. (Qüvvədən düşmüş kitabından savayı) Bütün kommunal xitmətlər də onların adındadır. Həyat yoldaşı X19 2022-ci ildə ölmüş, hazırda övladları ilə birgə yaşadığı həmin evin və torpağın onun adına rəsmiləşdirilməsini məhkəmədən kənar həll edə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iul 2025-ci il tarixli, 10/4273 nömrəli rəyini nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxslərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Kürdəmir rayon Atakişili kənd sovetinin xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 ilə X12 nikahları 14 aprel 1987-ci il tarixdə 17 nömrə ilə qeydə alınmışdır. - Kürdəmir rayonu Qeydiyyat şöbəsinin xx.xx.2002-ci il tarixli, AZ- №141136 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. - Kürdəmir rayonu Qeydiyyat şöbəsinin xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda ölmüşdür. - Kürdəmir rayonu Qeydiyyat şöbəsinin xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. - Kürdəmir regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İİ №077394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonunda ölmüşdür. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Ərizəçi müraciətinə xx.xx.2024-cü il tarixli 459 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1995-ci il tarixdə ölmüş X1 miras qalan əmlaka dair tam hissədə pay əldə etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, müddətin ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Kürdəmir RİHB-nın şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 749/1 nömrəli arayışdan görünür ki, X28-1988, X24-1989 göstərilmişdir. - Kürdəmir regional Asan Xidmət Mərkəzinin notariat ofisində imzalanmış ərizədən görünür ki, X25, X24 və X3 rayonu, Mehdi Hüseynzadə küçəsi, 18 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi adına özəlləşməsinə heç bir etirazları yoxdur. - Məhkəmə sorğusu ilə tələb edilmiş və iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48- 25RA/2-134/2024 saylı məktubuna əsasən, araşdırılma aparılmış Kürdəmir rayon Aqar İslahat Komissiyasının arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilməmişdir. -“Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə Kürdəmir rayon Aqrar İstehsalat Komissiyasının 24 iyul 2004-cü il tarixli 01 saylı qərarı ilə 422 kv.m torpaq sahəsi X13 verilmişdir. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - 1. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X14 ayrılmış 422 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilsin.
2. hazırda Ərizəçi yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak (fərdi yaşayış evi) Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X14 ayrılmış 422 kv.m torpaq sahəsinin koordinatları daxilində yerləşirmi? - Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4273 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-1263/2025 nömrəli mütəxəssis rəyinə əsasən: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Zülfüqar Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X8 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş. **********0403 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən 422 kv.m torpaq sahəsinin koordinatları real məkana uyğun tartib edilməmiş və koordinatlar sxemdə göstərilən 422 kv.metr torpaq sahəsindən 41 metr qərbdə başqa şəxslərin fərdi yaşayış evlərinin üzərinə düşür. İdarənin elektron baza məlumatlarında mövcud olan, Kürdəmir şəhəri ərazisində fərdi yaşayış evi (həyətyanı torpaq sahələri) mülkiyyətçilərinin adlı sıyahısında 331 nömrə ilə X26, Ərizəçi, X29, X9 adları qeyd edilmişdir. "Kürdəmir şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyəyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı"nda (DVJ) JN-331A nömrəli kontur 0.04 ha (faktiki 422 kv.metr) olaraq göstərilmişdir. - "Kürdəmir şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə bələdiyyəyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı nda (DVJ) JN-331A nömrəli kontur 0.04 ha (faktiki 422 kv.metr) torpaq sahəsinin yerləşmə vəziyyətı ləğv edilmiş Dövlət Torpaq ve Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0403 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi" ndə əks olunan 422 kv metr torpaq sahəsinin yerləşmə vəziyyəti ilə eynidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi Zülfüqar Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, Baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 0.0571 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi "Kürdəmir şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə bələdiyyəyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planı"nda (DVJ) JN-381A nömrəli kontur kimi göstərilmış 0.04 ha (faktiki 422 kv.metr) torpaq sahəsinin üzərində yerləşir. İş materiallarına eyni zamanda ev dəftəri və digər sənədlər əlavə edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İstehsalat Komissiyasının 24 iyul 2004-cü il tarixli 01 saylı qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********0403 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 422 kv.m torpaq sahəsi X10 adına qeydiyyata alınmış, X23 20 aprel 2022ci il tarixdə ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Ərizəçi müraciətinə imtina edilmiş, əsas kimi müddətin ötürüldüyü göstərilmişdir. Bundan əlavə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, ərizəçinin hazırda ailə üzvləri ilə yaşadıqları və qeydiyyatda olduqları Kürdəmir şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 18 saylı fərdi yaşayış evi Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ərizəçinin əri X14 ayrılmış 422 kv.m torpaq sahəsinin koordinatları daxilində yerləşir. Məhkəmə araşdırması zamanı ərizəçinin hazırda ailə üzvləri ilə yaşadıqları və qeydiyyatda olduqları Kürdəmir şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 aprel 2022-ci il tarixdə ölmüş X6 miras əmlak kimi qalmış Kürdəmir rayon Aqrar İstehsalat Komissiyasının 24 iyul 2004-cü il tarixli 01 saylı qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********0403 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 422 kv.m torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməli, qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20 aprel 2022-ci il tarixdə ölmüş X6 miras əmlak kimi qalmış Kürdəmir rayon Aqrar İstehsalat Komissiyasının 24 iyul 2004-cü il tarixli 01 saylı qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********0403 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 422 kv.m torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Ərizəçi 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamənin icrası Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: X.X.İMANOV