Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-936/2023 22.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə tələbinə dair” idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh1 ilə birgə nikah dövründə tikdirdikləri Kürdəmir rayonu Sor-sor kəndi ərazisində yerləşən 2 mərtəbəli, 2 otaqlı evə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, iddiaçı Cavabdeh1 ilə evlənib ailə qurublar. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Aylin, xx.xx.2018-ci il tarixdə İslam adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə birgə nikah dövründə Kürdəmir rayon Sor-sor kəndi ərazsində 2 mərtəbəli ev tikmişlər. Uzun müddət həmin evdə yaşamış, ailə münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Cavabdeh ailə qüzvləri ilə bərabər onu evdən qovub çıxarmışlar. Sonradan iddiaçı bir neçə dəfə həmin evə köçmək istəsə də cavabdehler buna imkan verməmiş, qəsdən onun evə köçməsinə mane olmuşlar. Hazırda iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinə məxsus darısqal evdə yaşayırlar. Cavabdeh1la birgə nikahları dövründə tikdirdikləri evdən başqa yaşayış və torpaq sahələri yoxdur. Cavabdeh1la aralarında olan münasibətləri məhkəmədən kənar həll etmək istəsələr də lakin mediasiya təşkilatına gəlməkdən imtina etmişdir. Bundan sonra bir müddət gözləyib Muradxan icra nümayəndəliyinə və Sor-sor bələdiyyəsinə müraciət etsə də müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehlə heç bir razılaşma əldə edə bilmədiyi üçün hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı onun qızıdır. Qızı Şəfəq Cavabdeh1la ailə həyatı qurduqdan sonra onun valideynlərinə məxsus evə gəlin köçmüş və özünə məxsus cehiz əşlarını da həmin evə aparmışdır. Sonradan cavabdehlə birgə nikah dövründə Kürdəmir rayonu Sor-sor kəndində iki mərtəbəli ev tikmişlər. Hazırda iddiaçıya məxsus cehiz əşyaları mübahisəli evdə qalmışdır. Dəfələrlə həmin evə köçməyə cəhd etsə də, keçmiş əri Cavabdeh1 ona imkan verməmişdir. Hazırda evi darısqal olduğuna görə iddiaçı azyaşlı uşaqları ilə birlikdə kirayədə qalırlar. Göstərilənləri nəzərə alaraq, iddiaçının azyaşlı uşaqları ilə birlikdə cavabdehlə birgə tikdirdikləri evə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş gəlinidir. İddiaçı ilə oğlu Cavabdeh1 2011-ci ildə evlənib ailə qurmuşlar. Onların nikahlarından Aylin və İslam adlı uşaqları anadan olmuşdur. İddiaçı ailə həyatı qurarkən onun evinə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını da həmin evin bir otağına gətirmişdir. Sonradan oğlu ilə iddiaçının münasibətləri pozulmuş və iddiaçı azyaşlı uşaqları ilə birlikdə onların evini tərk edərək valideynlərinə məxsus evə qayıtmışdır. Bundan sonra oğlu nikahın pozulması ilə bağlı Kürdəmir rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə oğlu ilə cavabdehin aralarında olan nikah pozulmuşdur. Mübahisəli evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Həmin ev oğlu Sarvana məxsus olduğu üçün hesab edir ki, iddiaçının iddia tələblərinin heç bir əsası yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etdiyini nəzərə alaraq, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir rayon icra Hakimiyyəti başçısının Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 338 nömrəli arayışından görünür ki, Sor-sor kənd sakini X4 2010-cu ilin əvvəlindən 2019-cu ilin sonuna kimi həyat yoldaşı Cavabdeh1 və iki övladı X5, X3 ilə birlikdə özünə məxsus iki mərtəbəli gözlü evdə yaşamışlar. - Kürdəmir rayon Sor-sor bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 22 nömrəli arayışından görünür ki, kənd sakini X4 2010-cu ilin əvvəlindən 2019-cu ilin sonuna kimi həyat yoldaşı Cavabdeh1 və iki övladı X5, X3 ilə birlikdə özünə məxsus iki mərtəbəli evdə yaşamışlar. İddiaçının deməsinə görə Cavabdeh1 valideynləri ilə birlikdə iddiaçını və azyaşlı övladlarını yaşadıqları evdən çıxartmış, evin açarlarını isə Cavabdeh1 qardaşı Mürşüd Məmmədova vermişlər. İş materiallarına eyni zamanda mediasiya prosesinə xitam verilməsi barədə protokol, tərəflərin şəxsiyyət vəsiqələrinin surəti və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının hazırada köçürülməsini tələb etdiyi ev tərəflərin birgə yaşadıqları müddətdə tikilib. Lakin evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil və bununla bağlı məhkəmyə heç bir sənədə təqdim olunmamışdır.. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı həmin evə gəlin köçmüş, cavabdehlərlə bigə təsərrüfatları olmuş, Cavabdeh1la olan birgə nikahlarından olan Aylin və İslam həmin evdə birgə yaşadıqları dövrdə anadan olmuşdur. 2019-cu ildə iddiaçı səbəbindən asılı olmayaraq məcburi qaydada evdən çıxarılmışdır. İddiaçıya məxsus cehiz, ev və şəxsi əşyaları hazırda da cavabdehlərin yaşadığı evdə yerləşir. Beləliklə də, cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Belə ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmiş, hazırda ayrı-ayrı ünvanlarda kirayədə qalır. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Digər tərəfdən, hazırki iş üzrə iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh1 onun keçmiş əri, Cavabdeh2 keçmiş qaynatası, Cavabdeh3 isə qaynanasıdır. Evə dair hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçının iddiasına görə onun mübahisəli evə köçməsinə mane olan şəxslər kimi göstərildiyindən, məhkəmə hər üç cavabdehi iddiaya cavab verməli şəxslər kimi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Kürdəmir rayonunun Sor-sor kəndində yerləşən iki mərtəbəli, 2 otaqlı evin cehiz və şəxsi əşyaları olan otağına məcburi qaydada köçürülməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə birgə nikah dövründə tikdirdikləri Kürdəmir rayonunun Sor-sor kəndində yerləşən iki mərtəbəli, 2 otaqlı evin cehiz və şəxsi əşyaları olan otağına məcburi qaydada köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-936/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-936/2023
22.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver