Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1025/2021 20.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, onların Gədəbəy rayonu, Qumlu kəndində yerləşən evlərinə köçürülmələrinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edib izahat verərək göstərdi ki, onlar Gədəbəy rayonu, Qumlu kəndində yaşayırlar. İddiaçı2 onun həyat yoldaşıdır. Birgə nikahlarından üç övladları olmuşdur. Cavabdeh1 onların oğlu, Cavabdeh2 isə gəlinləridir. Digər iki uşaqları isə ayrı təsərrüfatlarda yaşayır. Onların birgə mülkiyyətində 0.18 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində, onlar, 1978-ci ildə ev tikdirmişdir. Həmin evə dair reyestrdən çıxarış alınmışdır. Evin ümumi sahəsi 245.5 kv.m, yaşayış sahəsi 86.1 kv.m, köməkçi sahəsi 96.5 kv.m olmaqla 3 otaqdan ibarətdir. Uzun müddət onlar mübahisəli evdə yaşamışlar. Təxminən 2 il bundan əvvəl cavabdehlərlə aralarında baş vermiş mübahisə nəticəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu və yoldaşını evdən çıxarmışlar. Həmin vaxtdan onlar həyətyanı sahələrində olan əl damında yaşamağa məcbur olmuşlar. Dəfələrlə evə qayıtmağa cəhd etsələr də, cavabdehlər buna imkan verməmişdir. Onların başqa yaşayış yerləri olmadığına, cavabdehlər isə mülkiyyətçi kimi onların hüquqlarını pozduqlarına görə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi onların ümumi mülkiyyətindədir, lakin, ev onun xüsusi mülkiyyətindədir. Həmin evin tikilib hazırkı vəziyyətə gətirilməsində cavabdehlərin heç bir əziyyəti və əməyi olmamışdır. O, mübahisəli evin sahibidir, yoldaşı İddiaçı2 ilə birlikdə orada yaşayış hüquq vardır. Lakin, Cavabdeh2 onların evə daxil olub yaşamalarına hər vasitə ilə maneçilik törədir. Onlara qarşı təhqiramiz hərəkətlər edir və dava-dalaş salır. Onların cavabdehlərlə birlikdə yaşaması qeyri-mümkündür. Cavabdehlərin evdən çıxarılması üçün Gədəbəy rayon Polis şöbəsinə də müraciət etmişlər, lakin onlara bu məsələnin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında İddiaçı1 ilə yeni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. İddiaçılar İddiaçı1 onun atası, İddiaçı2 isə anasıdır. Cavabdeh2 ilə 2006-cı il tarixdə evlənmişlər və sonuncu həmin tarixdən onlara məxsus evə gəlin köçmüşdür. Onların birgə yaşadıqları dövrdə iki övladları olmuşdur. Onlar iddiaçıları evdən çıxarmamış, iddiaçılar özləri onlarla birlikdə yaşamaq istəməmişdir. O, iddiaçıların evdən çıxarılma tələbini qəbul etmir. Onlar uzun müddətdir ki həmin evdə yaşayırlar. Onların himayəsində iki azyaşlı uşaq vardır. Ona görə də, onların evdən çıxması mümkün deyildir. İddiaçıların bildirdikləri şər böhtandır. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli, 1762 saylı arayışdan görünür ki, İddiaçı1 şəhər İƏD üzrə nümayəndəliyin 6 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 69-cu səhifəsində qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli, 1763 saylı arayışdan görünür ki, X2 şəhər İƏD üzrə nümayəndəliyin 6 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 69-cu səhifəsində qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyət olaraq İddiaçı1, İddiaçı2, X5, X3 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16.11.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 18.11.2020-ci il tarixli, **********07-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən vətəndaş İddiaçı1 ünvanlanmış 03.11.2020-ci il tarixli məktubdan görünür ki, gəlinin oğlu ilə birlikdə evdən çıxarılması polisin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddianın mübahisələndirilməyən halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçıların köçürülmələrini və cavabdehlərin çıxarılmasını tələb etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.18 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, X5, X3 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərindədir. İddiaçılar İddiaçı2 və İddiaçı1 öz iradələrinə zidd olaraq qeyd olunan fərdi yaşayış evindən çıxmışlar. Cavabdeh1 mübahisələndirilən fərdi yaşayış evində arvadı ikinci Cavabdeh2 ilə birlikdə yaşayır. Cavabdehlər 2006-cı il tarixdə ailə qurmuş və Cavabdeh2 həmin evə gəlin köçmüşdür. Cavabdehlər həmin evdə birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur. Hazırda cavabdehlər azyaşlı uşaqları ilə birlikdə həmin mübahisəli evdə yaşayırlar. İddiaçıların iddia tələbləri iki hissədən ibarətdir. İddiaçılar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinə köçürülmələrini və cavabdehlərin həmin evdən çıxarılmalarını tələb edirlər. İddiaçıların ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinə köçürülmələri hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası MM-nin 152.1-ci, 157.2-ci, 157.4-cü maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan hüquq normalarını hazırkı mübahisəli hüquq münasibətinə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinin birgə mülkiyyətçiləridir. Onların həmin fərdi yaşayış evinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları vardır. Mülkiyyətlərində olan fərdi yaşayış evində yaşamamaları onların öz mülkiyyətlərindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların pozulmuş hüquqları bərpa edilməli, onlar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evi iddiaçıların və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Cavabdeh1 da qeyd olunan mübahisəli fərdi yaşayış evinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları vardır. Mülkiyyətlərində olan fərdi yaşayış evindən çıxarılması onun öz mülkiyyətlərindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Eləcə də, məhkəmədə müəyyən edildi ki, ikinci Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinin birgə mülkiyyətçisi Cavabdeh1 ilə nikah bağlayaraq ailə qurmuşdur. O, arvadını birgə mülkiyyətçisi olduğu həmin fərdi yaşayış evinə köçürmüşdür. Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh2 gəlin köçməklə mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Həmçinin Cavabdeh1 həmin evin mülkiyyətçilərindən biri olduğundan onun ailə üzvləri olan Cavabdeh2 və onların uşaqlarının həmin evdən istifadə etmək və yaşamaq hüquqları varıdır. Belə olan halda, iddiaçıların cavabdehlərin həmin evdən çıxarılmasını tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi qismən təmin edildiyindən təmin edilmiş hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 254.5 kv.m olan fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumunun 05 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1025/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1025/2021
20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver