Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1029/2023 01.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X3 mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki ünvan 2 ünvanında (Yenikənd kəndində) onun xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. Evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun surətlərini ərizəsinə əlavə edir. Cavabdeh1 onun keçmiş gəlini, digər Cavabdeh2 isə nəvəsidir. Belə ki, Cavabdeh1 və oğlu X9 2004-cü ildə qeyri-rəsmi ailə qurmuşlar, aralarında rəsmi nikah olmamışdır. Onların birgə evliliyindən iki övladı - xx.xx.2005-ci il doğum tarixli Cavabdeh2 və xx.xx.2007-ci il doğum tarixli X6 dünyaya gəlmişdir. Cavabdeh1 və Ruslan Şirinov arasında olan ailə münasibətləri 2023-cü ildə dağılmışdır. Onlar ayrıldıqdan sonra Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı Sonya üçün aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyası zamanı tərəflər arasında barışıq sazişi imzalanmış, həmin sazişə görə Ruslan Şirinov övladı Sonyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər sabit pul məbləğində 220 manat alimenti Cavabdeh1 ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, oğlu Ruslan Şirinov qeyri-rəsmi nikahda olduğu keçmiş həyat yoldaşı Cavabdeh1 və övladlarının yaşayış hüququnu təmin etmək məqsədilə 24 iyun 2023-cü il tarixdə bacısı X1 vasitəsilə Cavabdeh1 ev almaq üçün 40000 (qırx min) manat məbləğində pul vəsaiti vermişdir. Pul vəsaitini Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri 1 nömrəli notariusun inzibati binasında şəxsən özü qəbul etmiş, bu barədə şahidlər X10, X14, X4 və Cavabdeh1 iştirakları və imzaları ilə sadə yazılı qəbz tərtib edilmişdir. Elə həmin gün də Cavabdeh1 tərəfindən nəvəsi Cavabdeh2 adına Masazır qəsəbəsində 3 otaqlı həyət evi alınmışdır. Evin çıxarışı Cavabdeh2 adına verilmişdir. Hal-hazırda Cavabdeh1, onun övladları Cavabdeh2 və X6 həmin evdə yaşayırlar. Buna baxmayaraq Cavabdeh2, Cavabdeh1 və sonuncunun övladı X6 ona məxsus olan Gədəbəy şəhəri, Yenikənd yaşayış massivi, Cavadxan küçəsində yerləşən 6 nömrəli evdə formal qeydiyyatda qalmışlar. Belə ki, qeyd etdiyi kimi, onlar Bakı şəhəri, Masazır qəsəbəsində özlərinə məxsus evdə yaşayırlar. Cavabdehlərin onun evində formal qeydiyyatda qalmaları ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. xx.xx.2007-ci il doğum tarixli X6 yetkinlik yaşına çatmamışdır. Odur ki, yetkinlik yaşına çatmayan həmin şəxslərin qeydiyyatdan çıxarılması onların hazırda cavabdeh qoyduğu valideyninin (Cavabdeh1) üzərinə düşür. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin şəxslərin ona məxsus fərdi yaşayış evindən istifadə hüquqularının olmaması barədə qətnamə çıxarılmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 oğlu Ruslan Şirinovla ailə quraraq onların yaşadıqları evə gəlin köçmüşdür. Bundan sonra oğlu və Cavabdeh1 köçərək Rusiya Federasiyasına getmiş, bir müddət orda yaşamışlar, daha sora Bakı şəhərinə köçərək orda yaşamışlar. X11 Federasiyasında doğulmuşdur. Oğlu Cavabdeh1 ilə ayrıldıqdan sonra ailəsinin yaşayış hüququnun təmin edilməsi sonuncuya 40000 manat dəyərində Bakı şəhəri Masazır qəsəbəsində fərdi yaşayış evi alıb vermişdir. Cavabdehlər hazırda həmin evdə yaşayırlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiaçının oğlu Ruslan Şirinovla 2003-cü ilin dekabr ayında evlənmişdir. Aralarında rəsmi nikah olmamışdır. O, Ruslan Şirinovla evləndikdən sonra iddiaçının yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. Onlar evləndikdən təxminən 3 il sonra Rusiya Federasiyasına köçmüşdür. Rusiya Federasiyasında 4 il yaşadıqdan sonra yenidən iddiaçının yaşadığı fərdi yaşayış evinə qayıtmışlar. Son beş ildir ki Bakı şəhərində yaşayırlar. Ruslan Şirinov onlara yaşayış hüquqlarının təmin edilməsi 40000 manat məbləğində pul vermişdir. Həmin pula fərdi yaşayış evi alınmışdır. 2019-cu il tarixdən sonra onlar iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşamamış, lakin gəlibgetmişdir. O, uzun müddət həmin evdə yaşamışdır. Odur ki, idida tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 1487 saylı arayışdan görünür ki, Şirinov X12 RİH başçısının Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin 2023-2027-ci illər üçün 04 nömrəli ev təsərrüfatının uçotu kitabının 28-ci səhifəsinə 317 nömrəli şəxsi hesabına əsasən qeyd edilmişdir və qeyd edilən ailə tərkibi vardır: özü İddiaçı, arvadı X7, oğlu X9, gəlini Cavabdeh1, nəvəsi Cavabdeh2, nəvəsi X6. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********01-10301 reyestr nömrəli çıxarışdan və texniki pasportdan görünür ki, İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə Gədəbəy şəhəri, Cavadxan küçəsi ev 6 ünvanında ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evi və 0.7094 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan X9 və Cavabdeh1 arasında bağlanmış barışıq sazişindən görünür ki, X9 xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində 220 manat aliment ödəməyə razı olmuşdur. İşdə olan aktdan görünür ki, X9 tərəfindən qızı Cavabdeh2 fərdi yaşayış evi alınması üçün Cavabdeh1 40000 manat məbləğində pul verilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Gədəbəy şəhəri, Cavadxan küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 3 ümumi sahəsi 169.4 kv.m olan fərdi yaşayış evi və 0.7094 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının oğlu X9 ilə Cavabdeh1 2003-cü il tarixdə qeyri-rəsmi ailə quraraq evlənmişlər. Aralarında rəsmi nikah olmamışdır. Sonuncuların birgə yaşadıqları dövrdə xx.xx.2005-ci il doğum tarixli Cavabdeh2 və xx.xx.2007-ci il doğum tarixli X6 adında iki övladları olmuşdur. Onlar aralarında olan narazılığa görə 2023-cü il tarixdə ayrılmışlar. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X3 mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasına dair qətnamə çıxarılmasını istəyir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu Mülki Məcəllənin 152.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. MM-in 203-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə hesab edir ki, iddiaya münasibətdə Mülki Məcəllənin 152.1-ci maddəsinin dispozisiya şərtləri mövcuddur, buna görə də iddiaçının tələbi əsaslı hesab edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin qanununun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Məhkəmə həmçinin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını da qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 2003-cü il tarixdə ünvan 4 ünvanında yerləşən hazırki iş üzrə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Bundan sonra Cavabdeh1 müxtəlif vaxtlada həmin fərdi yaşayış evində yaşasa da uzun müddət Rusiya Federasiyasında və Bakı şəhərində yaşamışdır. Həmçinin 2019-cu ildən sonrakı müddət ərzində Cavabdeh1 sözügedən fərdi yaşayış evində yaşamamışdır. Mübahisəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı 2019-cu il tarixdən əvvəl həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamasına baxmayaraq həmin fərdi yaşayış evi üzərində sərəncam vermək hüququ olmamış, yəni mülkiyyət hüquqları olmamışdır. İddiaçının fərdi yaşayış evi üzrə mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdən, yəni fərdi yaşayış evinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı vaxtda yaranmışdır. Həmin vaxtdan hal-hazırkı müddət ərzində isə cavabdeh və övladları həmin fərdi yaşayış evində yaşamamışdır. Həmçinin cavabdehlərin hazırda daimi yaşayış yerləri vardır. Göründüyü kimi, qeyd edilən şəxslərin ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus ev üzrə qeydiyyatları formal xarakter daşıyır. Bu isə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququnun olmamasının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X3 İddiaçı məxsus olan, ünvan 3 fərdi yaşayış evindən istifadə etmək hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X3 İddiaçı məxsus olan, ünvan 3 fərdi yaşayış evindən istifadə etmək hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (on) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1029/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1029/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver