Məhkəmə qərarları › İş №2(042)-1036/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1036/2020

02.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1036/2020 02.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəmədə iddia qaldıraraq azyaşlı uşağı ilə birlikdə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, X18 ilə 2016-cı il tarixdə qeyri-rəsmi olaraq evlənmişdir. Onlar ailə qurduğu gün X12 qeydiyyatda olduğu və yaşadığı, qayınatası, hazırda iş üzrə Cavabdeh məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və 1 il həmin evdə gəlin olmuşdur. Təsərrüfatı Əli və onun ailə üzvləri birlikdə idarə etmişdir. 2017-ci ilin fevral ayının 05-də qayınatası və keçmiş əri onu döyərək evdən qovmuşdur. xx.xx.2017-ci il tarixdə isə övladı dünyaya gəlmişdir. O, azyaşlı övladı ilə birlikdə müvəqqəti olaraq anasına məxsus fərdi yaşayış evində yaşayırlar. Hazırda onlar çətin və acınacaqlı vəziyyətdə yaşayırlar. Əli və onun ailə üzvləri onların həmin mübahisəli evdə yaşamaqlarına icazə vermirlər. Hazırda onun və azyaşlı uşaqlarının daimi yaşayış yeri yoxdur. Ona görə də o azyaşlı uşağı ilə birlikdə həmin mübahisəli evə köçürülmək istəyirlər. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ərazidə olmaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Gədəbəy rayonu İHB-nin Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 262 saylı arayışdan görünür ki, X6 01 saylı təsərrüfat başına kitabın 86-cı səhifəsinə əsasən Gədəbəy rayonu, Miskinli kəndində yaşayır. İşdə olan AZ-İİİ № 871999 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.2017-ci il tarixdə, Şəmkir rayonunda doğulmuş, atası qrafasında X18, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-777/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X16 atasının X18 olması faktı müəyyən edilməsi, xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X3 tərbiyə edilməsi üçün X8 qazancının ¼ hissəsi miqdarında aliment alınaraq, İddiaçı verilməsi və aliment tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Arıxdam kənd İƏD üzrə nümayəndəliyin 2006-2010-cu illərə dair 4 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş Cavabdeh adına 330 nömrəli şəxsi hesablı təsərrüfat qeyd edilmiş və aşağıda göstərilən ailə üzvləri var: ailə başçısı Cavabdeh xx.xx.1961, Həyat yoldaşı X7 xx.xx.1961, qızı X9 xx.xx.1985, qızı X10 xx.xx.1989. Torpaq qrafasında 0.04 əkin və 0.02 ha tikintialtı olmaqla ümumilikdə 0.06 ha torpaq sahəsi və tikili qrafasında 1982-ci ildə inşa edilmiş, yaşayış sahəsi 60 kv.m olan mənzil qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Arıxdam kənd İƏD üzrə nümayəndəliyin 2006-2010-cu illərə dair 7 nömrəli təsərrüfatbaşına kitabında vətəndaş X12 adına 657 nömrəli şəxsi hesablı təsərrüfat qeyd edilmiş və aşağıda göstərilən ailə üzvləri var: Ailə başçısı X18 xx.xx.1984. Torpaq və tikili qrafasında heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, Arıqdam kəndində yerləşir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evdir. Buna baxmayaraq fərdi yaşayış evinin Cavabdeh məxsus olması mübahisələndirilmir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, X18 ilə X6 2016-ci il tarixdə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2017-ci il tarixdə X21 adında bir uşaqları olmuşdur. İddiaçı 2016-cı ildə mübahisəli fərdi yaşayış evinə köçmüş, evə köçməsi zamanı evin sahibi ilə onun arasında heç bir qeyd-şərt göstərilməmişdir. X6 və X18 2017-ci ilə kimi birgə yaşamışlar. Həmin tarixdə ayrılmışlar. Məhkəmə qeyd edir ki, X2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 arasında nikah olmadığından onlar arasında rəsmi ailə münasibətləri yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə bir iddia tələbi əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüquq analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin kirayəçi və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququnun yaranması üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələrində göstərilən hüquqi əsaslardan biri mövcud olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd olunan hüquq normalarını iddiaçının hazırkı iddia tələbinə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18, eləcə də cavabdeh arasında rəsmi ailə münasibətləri mövcud olmamış, ona görə də Mənzil Məcəlləsinin göstərilən norması üzrə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan hüquq normasının dispozitiv şərtlərinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının bu hüquqi əsas üzrə də mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında sosial kirayə müqaviləsi olmalıdır. Lakin məhkəmə iclasında iddiaçı belə bir müqavilənin olmasına dair də sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmadığından onun həmin evə köçürülmə tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307- 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: X1 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu X2na aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar