Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1040/2021 30.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızının və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızının Cavabdeh qarşı “evə köçürülümə, torpaq sahəsindən və yardımçı sahələrdən istifadə etmək hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus Gədəbəy rayonunun Arıxdam kəndində yerləşən fərdi yaşayış evinə azyaşlı qızı X3 ilə birlikdə evə köçürülmələri, həyətyanı torpaq sahəsindən və yardımçı sahələrdən (ayaq yolundan, tövlədən, hindən və.s) istifadə etmə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdeh onun anasıdır. O, həmin mübahisəli fərdi yaşayış evində yaşamışdır. O, 2017-ci il tarixdə Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızı ilə ilə faktiki olaraq evlənib el adəti ilə toy edərək cavabdeh anası Cavabdeh məxsus fərdi yaşayış evinə gəlin gətirmişdir. 14.02.2020-ci il tarixdə Gədəbəy rayon Arıxdam kənd İƏD-üzrə nümayəndəliyində nikahlarını rəsimləşdirmişlər. Arvadının valideyinləri cehiz əşyaları vermişdir. Həmin əşyalar hal-hazırda cavabdehin evindədir. Cavabdeh ilə aralarında olan ailə münaqişəsi zəmnində cavabdeh onları evdən qovmuşdur. Hal-hazırda müvəqqəti olaraq qardaşına məxsus olan evdə yaşayırlar. Cavabdeh onun arvadına məxsus olan cehiz əşyalarını çıxarıb çölə tökmüşdür. Onların həmin cehiz əşyalarını yığmağa yerləri olmadığı üçün heç bir tədbir görə bilməmişlər. Onların başqa yerdə yaşamağa, nədəki ev almağa imkanları yoxdur. Onu və ailəsini Cavabdeh könüllü olaraq evə buraxmır. O, bu barədə Arıxdam kənd İƏD-üzrə nümayəndəliyinə müraciət etsə də, ancaq müsbət bir nəticə əldə olunmamışdır. Həmin ev hazırda anası Cavabdeh adınadır. Odur ki, onlar azyaşlı uşaqları ilə birlikdə Cavabdeh məxsus olan evə köçürülmələrini istəyirlər. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızı məhkəmə iclasında digər İddiaçı1 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. İddiaçı1 onun oğlu, digər iddiaçı Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızı isə gəlinidir. Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızı oğlu digər İddiaçı1 ilə 2017-ci il tarixdə ailə qurmuş və həmin mübahisəli evə gəlin köçmüşdür. O, iddiaçıları evdən çıxarmamışdır. Gəlininin cehiz əşyaları hazırda həmin evdədir. İddiaçılar onun dediklərinə əməl etsələr, onların həmin evdə yaşamalarına etirazı etmir. Həmin mübahisəli evin ona məxsus olmasına dair hər hansı sənədi yoxdur. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.09.2021-ci il tarixli, 418 saylı arayışdan görünür ki, Sadıqov X8 rayonu, Arıqdam kəndində 07 nömrəli təsərrüfatbaşına kitabın 72-ci səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda Arıqdam kəndində yaşayır. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: özü İddiaçı1 xx.xx.2001; anası Cavabdeh xx.xx.1963. İşdə olan AZ İİ № 363221 seriyalı nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikahlarını 14.02.2020-ci il tarixdə Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəlikdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. İşdə olan AZ İV № 262801 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09.05.2018-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası qrafasında X4, anası qrafasında İddiaçı2 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli, 103 nömrəli sorğuya cavab olaraq verilmiş məktubdan görünür ki, araşdırmalarda Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Arıxdam kənd İƏD üzrə nümayəndəliyinin 2001-2010-cu illərə Təsərrüfatbaşına kitablarında vətəndaş Cavabdeh adına təsərrüfat aşkar olunmadı. Odur ki, qeyd edilən faktın məhkəməyə təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evə mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu mübahisələndirilmir. Odur ki, həmin evin mövcud olmasını inkar etmək mümkün deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X1rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, İddiaçı1 mübahisəli fərdi yaşayış evində doğulmuş, orada böyümüş, həmin evdən istifadə etmişdir. Məhkəmə iclasında cavabdeh də bunu təkzib etməmişdir. Bununla da İddiaçı1 həmin evdən istifadə etmək hüquqları yaranmışdır. Eləcə də, iddiaçı X6 mübahisəli fərdi yaşayış evinə cavabdehin iradəsi ziddinə deyil, onun razılığı ilə daimi yaşamaq məqsədi ilə köçmüş və əşyalarını həmin evə yığaraq cavabdehlə birgə təsərrüfat aparmışdır. Həmçinin İddiaçı1 ilə arasında rəsmi nikah münasibətləri vardır. Cavabdeh məhkəmə iclasında iddiaçını mübahisəli evə gəlin olaraq köçməsini mübahisələndirməmişdir. Həmçinin iddiaçılar hazırda birlikdə yaşayırlar. İddiaçılarda cavabdehlə birlikdə mübahisəli yaşayış evində yaşamış və həmin evə münasibətdə cavabdehlə bərabər imkan əldə etmişdir. İddiaçının uşağı da onların himayəsində yaşadığından və onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən uşaq da mübahisəli fərdi yaşayış evinə iddiaçılarla ilə birlikdə köçürülmələri tam qanuni və ədalətli hesab edilməlidir. Həmçinin, məhkəmə fərdi yaşayış evinin yardımçı tikililərdən istifadə etməsinə dair tələbinə münasibət bildirərək, onu qeyd edir ki, iddiaçılar cavabdehlə bərabər vəziyyətdə fərdi yaşayış evindən yaşamaq üçün istifadə edərkən, o, yaşamaq ehtiyaclarını təmin etmək üçün evin yardımçı sahələrindən, yəni ayaqyolu, tövlə, hin və digər yardımçı sahələrdən istifadə etməkdə cavabdehlə eyni bərabər imkanlara malik olmalıdırlar. Əks halda tərəflər arasında ədalətli balans prinsipi pozulmuş olardı ki, bu da iddiaçıların gələcəkdə mübahisəli fərdi yaşayış evində yaşamaları imkanını çətinləşdirərdi. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməli və yardımçı sahələrdən istifadə etmək hüququ tanınmalıdır. Məhkəmə həmçinin, cavabdehə məxsus torpaq sahəsindən istifadə hüququnun tanınması barədə iddiaçıların iddia tələbini təmin etmir. Belə ki, mübahisəli torpaq sahəsinin hüquqi statusuna dair heç bir hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilmədi. Həmçinin, iddiaçıların cavabdehin iradəsi ilə mübahisəli fərdi yaşayış evinə köçürülməsi təsdiqini tapsa da, torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçılara istifadəyə verilməsi və bununla əlaqədar hər hansı hüququnun yaranması məhkəmə iclasında sübuta yetirilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızı azyaşlı uşaqları 09 may 2018-ci təvəllüdlü X3 ilə birlikdə evin yardımçı sahələrindən (ayaqyolundan, tövlədən, hindən və s) istifadə etmək hüququları tanınmaqla Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsünlər. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh alınıb müştərək qaydada iddiaçılar İddiaçı1 və Sadıqova (Abdullayeva) Bəsti Şahlar qızına verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1040/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1040/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver