Məhkəmə qərarları › İş №2(042)-1043/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1043/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1043/2021 03.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 məhkəməyə iddia ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun və ailə üzvlərinin yaşayış evinə və köməkçi sahələrinə (tövlə və ayaq yolu və.s) istifadə etmək hüququnun müəyyən edilməsi və cavabdehlər tərəfindən onun bu hüququnun həyata keçrilməsinə yaradılan maneələrin və qadağaların aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X11 iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh1 ilə 1992-ci il tarixdə faktiki olaraq nikah münasibətinə girərək evınmiş, 24.05.1993-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə bir ailədə ər-arvad münasibətində 2007-ci il tarixədək birlikdə yaşamışlar. Birgə nikahdan 5 övladları olmuşdur. Həyat yoldaşı onlunla rəsmi nikahda olmasına baxmayaraq başqa bir qadınla faktiki olaraq ailə qurmuşdur. Hal-hazırda da həmin qadınla yaşayır və ondan iki övladı var. Cavabdehlə aralarında olan nikah Gədəbəy rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi əsasında boşanmışlar. Yaşadıqları ev və həyətyanı torpaq sahəsi mərhum qayınatası İzzət Qasımovun adınadır. O, 31 ildir ki, həmin evdə gəlin kimi yaşayır və onun həmin evdə yaşayış hüququ vardır. Onun uşaqları yetkinlik yaşına çatmışlar. X21 digər oğlu Kəramət Qasımov onunla birlikdə yaşayırlar. Cavabdehlər onların normalda həyətyanı torpaq sahəsindən və yardımçı sahələrdən istifadə etmələrinə maneçiliklər törədirlər. Onlar münaqişəli ailə olaraq qeydiyyata alınaraq profloktik söhbətlər aparılmasına baxmayaraq cavabdehlər tərəfindən onlara xoşagəlməz ifadələr işlədərək, onların yaşayış evlərindən çıxarılmalarını tələb edirlər. Cavabdehlər tərəfindən edilən hər cürə maneçiliklərə qadağa qoyulmasını və onların sərbəst şəkildə yaşamasına edilən maneçiliklərin aradan qaldırılmasını və cavabdehlər tərəfindən ediləcək müdaxilələrə qadağa qoyulmasını istəyir. Odur ki, iddia tələbini təmin edilməsini istəyir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Ataxal kəndində yaşayır. İddiaçı onun birinci həyat yoldaşı olmuşdur. Sonra aralarında olan narazılığa görə ayrılmışlar. O, sonra Cavabdeh2 ailə qurmuşdur. Onlar iddiaçının həmin yaşayış evindən istifadəsinə heç bir maneə yaratmırlar. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Ataxal kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon İHB-nın Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli, 236 sayı arayışdan görünür ki, aşağıda göstərilən vətəndaşlar X2 məxsus 1972-ci il tarixdə tikilmiş 3 otaq və 2 yardımçı hissədən ibarət ümumi sahəsi 140 kv.m fərdi yaşayış evində yaşayırlar: 1. X6; 2. Cavabdeh1; 3. X11; 4. X15; 5. X9; 6. X16; 7. X7; 8. Cavabdeh2; 9. X12; 10.X13. Həmin təsərrüfatda həyətdaxili tikili olan ümumi sahəsi 60 kv.m tövlə, 2 otaq əl damı və 0.85 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı hal-hazırda iki övladı ilə birgə yuxarıda göstərilən yaşayış evinin bir otağında yaşayırlar. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli 2(042)-26/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 24 may 1993-cü ildə Gədəbəy rayonu Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 № ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları – 09 iyul 2002-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanması, 03 avqust 2018-ci il tarixdən başlayaraq 09 iyul 2002-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş JN-005D saylı KOD 50507038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X2 və ailə üzvlərinə 0.48 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, iş materiallarında olan sübutlarla müəyyən olundu ki, mübahisəli Gədəbəy rayonu, Ataxal kəndində yerləşən fərdi yaşayış evinin X2 məxsusluğu mübahisələndirilmir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, mübahisəli yaşayış sahəsi Gədəbəy rayonu, Ataxal kəndində yerləşən fərdi yaşayış evidir. Həmin mübahisəli evə iddiaçının istifadə etmək hüququ yaranan zaman və hazırda da evə mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. İddiaçının həmin evdən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti 1992-ci il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki qanunvericilik Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, iddiaçı X11 mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı onunla ev sahibi arasında heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Həmçinin iddiaçı hazırda həmin mübahisəli fərdi yaşayış evində yaşayır. Belə olan halda, iddiaçı cavabdehlərlə bərabər vəziyyətdə fərdi yaşayış evindən və onun köməkçi sahələrindən istifadə etməlidir. Əks halda tərəflər arasında olan ədalətli balans prinsipinin pozulması ilə nəticələnə bilər. Ona görə də iddiaçının mübahisəli fərdi yaşayış evindən və onun köməkçi sahələrindən istifadə etmək hüququ müəyyən edilməsini və həmin evdən və onun köməkçi sahələrindən istifadəsinə yaradılan hər cür maneələrə son qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və ailə üzvlərinin Gədəbəy rayonu, Ataxal kəndində yerləşən, X2 məxsus yaşadığı fərdi yaşayış evindən və onun köməkçi sahələrindən (tövlə, ayaq yolu və s.) istifadə etmək hüququ müəyyən edilməli və İddiaçı və ailə üzvlərinin Gədəbəy rayonu, Ataxal kəndində yerləşən, X2 məxsus yaşadığı fərdi yaşayış evindən və onun köməkçi sahələrindən (tövlə, ayaq yolu və s.) istifadə hüququnu həyata keçirməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və ailə üzvlərinin Gədəbəy rayonu, Ataxal kəndində yerləşən, X2 məxsus yaşadığı fərdi yaşayış evindən və onun köməkçi sahələrindən (tövlə, ayaq yolu və s.) istifadə etmək hüququ müəyyən edilsin. İddiaçı və ailə üzvlərinin Gədəbəy rayonu, Ataxal kəndində yerləşən, X2 məxsus yaşadığı fərdi yaşayış evindən və onun köməkçi sahələrindən (tövlə, ayaq yolu və s.) istifadə hüququnu həyata keçirməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb X8 verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar