Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1062/2020 07.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin direktoru X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “əmrin etibarsız sayılması və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdehin direktoru X1 xx.xx.2017-ci il tarixli, 444 saylı əmrinin ləğv edilməsi və onun əvvəlki iş yerinə, yəni Köhnəqışlaq kənd ümumi orta məktəbinə (rəsm və rəsmxət) müəllim vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.1991-ci il tarixdə 131 nömrəli əmrlə Gədəbəy rayonunun Köhnə Qışlaq kənd ümumi orta məktəbinə laboratoriya müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin məktəbin direktorunun xx.xx.2002-ci il tarixli 377 nömrəli əmrinə əsasən rəsmxət müəllimi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə rəhbərliyin və kollektivin hörmətini qazanmışdır. İşlədiyi dövrdə rəhbərlik tərəfindən heç bir tapşırıq və töhmət almamışdır. Məktəb direktoru tərəfindən dərs saatı az verildiyi üçün onunla məktəb direktoru arasında narazılıq yaranmış və bununla bağlı o, müxtəlif təşkilatlara ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar, müəllim kollektivi ilə o normal davranmadığı və etik qaydalara düzgün əməl etmədiyi əsas gətirilərək xx.xx.2017-ci il tarixli, 444 nömrəli əmrə əsasən işdən azad edilmişdir. O, bununla bağlı aidiyyəti qurumlara Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Maraqlı şəxsnə rəsmi müraciətlər etmiş və qəbullarda olmuşdur. Nəticə onun pozulmuş olan hüquqlarını bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Onun işdən azad olunması ilə bağlı Gədəbəy rayonu Təhsil şöbəsinin müdiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 136 saylı məktubunda qeyd edilmişdir ki, o, işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər. O, məktəb direktorundan işdən azad olunması ilə bağlı əmrin surətini və əmək kitabçasını xx.xx.2019-cu il tarixdə almışdır. 2017-ci il tarixdə keçirilən pedaqoji şura onun iştirakı olmadan keçirilmişdir. Onun hüquqları kobud şəkildə cavabdeh tərəfindən pozulmuşdur. Onun işdən azad olunmasına heç bir əsas yoxdur. O, ailəsinə qazanc gətirən yeganə şəxsdir. O, ailəsini dolandırmaqda çətinlik çəkir və uşaqlarının təhsil haqqını ödəyə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdehin direktoru X3 iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, Cavabdehin direktoru vəzifəsində işləyir. O, pedaqoji şuranın qərarını icra etmişdir. O, 2017-ci il tarixdə keçirilmiş pedaqoji şura iclasının sədri olmuşdur. Təhsil şöbəsinin ərizəsinə, kollektivlə normal davranmadığına və etik qaydalara düzgün əməl etmədiyinə görə iddiaçı işindən azad edilmişdir. Hətta 2016-cı il tarixdə iddiaçıya töhmət verilmişdir. O, iddiaçının üzr istədiyi təqdirdə və məktəb kollektivinin etirazı olmadığı halda, iddiaçının işə bərpa olunmasına etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Maraqlı şəxsndə məsləhətçi vəzifəsində işləyir. O, iddiaçının işə bərpa edilməsinə etiraz etmir. O, məhkəmədən qanunla müəyyən olunmuş qaydada qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 324 saylı arayışdan görünür ki, Cəfərov X7 RİHBnın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin 02 №-li k/t başına kitabının 25 səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda ərazidə yaşayır. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 324 saylı arayışdan görünür ki, Cəfərov X7 RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin 02 №-li k/t başına kitabının 25 səhifəsinə əsasən ailə tərkibi bunlardır: 1) özü İddiaçı – 1966 işsiz, 2) arvadı X10 – 1978 işsiz, 3) qızı X6 – 1999 işsiz, 4) qızı X12 – 2000 işsiz, 5) oğlu X13 – xx.xx.2004 işsiz. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2017-ci ilin oktyabr ayından dekabr ayına kimi hər ay 271.33 manat olmaqla, cəmi 813.99 manat əmək haqqı almışdır. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı yaşadığı müddətdə özünü kənd arasında yaxşı aparmış, onun haqqında nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, nümayəndəlik tərəfində ona verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etmişdir. İşdə olan Köhnəqışlaq kənd ümumi orta məktəbinin xx xxxxxx 2017-ci il tarixli, 444 nömrəli əmrindən görünür ki, İddiaçı – məktəbin müəllimi, etik davranış qaydalarını pozaraq məktəbdə kollektivə qarşı dəfələrlə nalayiq ifadələr işlətdiyi və qeyri pedaqoji təhsilli olduğu üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 600 nömrəli, xx xxx 2016-cı il tarixli əmrinin və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini əsas tutaraq xx xxxxxx 2017-ci il tarixdən Köhnəqışlaq kənd ümumi orta məktəbin müəllimliyindən azad edilmiş, əmək müqaviləsinə xitam verilmiş və axrıncı hesabı kəsilmişdir. İşdə olan Maraqlı şəxs tərəfində İddiaçı ərizəsinə cavab olaraq verilmiş xx xxxx 2020-ci il tarixli, 136 saylı məktubdan görünür ki, İddiaçı işə bərpa olunmağı ilə bağlı aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə müraciət etməlidir. İşdə olan Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş YB № 016160 nömrəli xx xxxx 2012-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Aqrar Pedaqoji Universitetinin peşə və əmək təlimi müəllimi ixtisası üzrə ali təhsil almışdır. İşdə olan Təhsil Nazirliyi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq verilmiş məktubdan görünür ki, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən İddiaçı adına yazılmış YB seriyalı 016160 nömrəli diplom həqiqətən 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İşdə olan Gəncə Sənaye-pedaqoji Texnikumu tərəfindən verilmiş PT-İ № 107708 nömrəli xx xxxx 1991-ci il tarixli diplomunun surətindən görünür ki, Gəncə Sənayepedaqoji Texnikumunun “Qaynaq istehsalı texnologiyası” fakültəsini bitirmiş, texnikitexnoloq ixtisasını almışdır. İşdə olan İddiaçı aid № ******* nömrəli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı – məktəbin müəllimi etik davranış qaydasını pozaraq məktəbdə kollektivə qarşı dəfələrlə nalayiq ifadələr işlətdiyi və qeyri pedaqoji təhsilli olduğu üçün Azərbaycan Respublikasının Təhsil Nazırliyinin 600 nömrəli, xx xxx 2016-cı il tarixli əmrinə və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini əsas tutaraq xx xxxxxx 2017-ci il tarixdən Köhnəqışlaq kənd ümumi orta məktəbin müəllimliyindən azad edilmiş. əmək müqaviləsinə xitam verilmiş və axırıncı hesabı kəsilmişdir. Əsas kimi isə, məktəbin pedaqoji şurasının qərarı, məktəbin həmkarlar təşkilatının qərarı, ATİAHİ-nın Gədəbəy rayon Komitəsinin qərarı və Maraqlı şəxs razılığı göstərilmişdir. İşdə olan Köhnəqışlaq kənd ümumi orta məktəbində keçirilmiş 3 saylı, xx xxxxxx 2017-ci il tarixli pedaqoji şura iclası protokolundan çıxarışdan görünür ki, müəllimlərin çıxışlarında qeyd olan rəy və təkliflər nəzərə alınmış, müəllimlərin etik davranış qaydalarına əməl etmədiyinə, məktəbdə kollektiv arasında özünü qeyri səmimi apardığına, yersiz tələbləri ilə söz-söhbət yaradaraq sağlam mühiti pozduğuna, tədris və təlim prosesinə təsir etdiyinə görə, qeyri pedaqoji ixtisaslı İddiaçı məktəbdən kənarlaşdırılması məktəb direktoruna həvalə olunmuş və qərar haqqında yuxarı orqanlara və lazmi təşkilatlara məlumat verilməsi məktəb direktoruna həvalə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçı hüquqi savadsızlığı ilə əlaqədar məhkəməyə vaxtında müraciət etməmişdir. Nəticədə fərdi əmək mübahisəsinin həll edilməsi üçün iddia ərizəsi və digər zəruri sənədlərin hazırlanması, eləcə də hüquqi savadsızlığı ilə əlaqədar obyektiv hallar iddiaçı tərəfindən müddətin buraxılması ilə nəticələnmişdir. Məhkəmə qeyd olunan obyektiv halları üzürlü hesab edərək, mübahisəyə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq saymışdır. İşin mübahisələndirilməyən faktiki hallarından aydın olur ki, İddiaçı Gəncə Sənayepedaqoji Texnikumunun “Qaynaq istehsalı texnologiyası” fakültəsini bitirmiş, texnikitexnoloq ixtisasını almış, daha sonra isə İddiaçı Azərbaycan Aqrar Pedaqoji Universitetinin peşə və əmək təlimi müəllimi ixtisası üzrə ali təhsil almışdır. İddiaçı xx.xx.1991-ci il tarixdə 131 nömrəli əmrlə Gədəbəy rayonunun Köhnə Qışlaq kənd ümumi orta məktəbinə laboratoriya müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin məktəbin direktorunun xx.xx.2002-ci il tarixli 377 nömrəli əmri əsasən rəsmxət müəllimi vəzifəsinə təyin olunmuşdur. Cavabdehin direktoru X3 tərəfindən xx.xx.2017-ci il tarixli, 444 nömrəli əmrlə İddiaçı işindən azad edilmiş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi məktəbin pedaqoji şurasının qərarı, məktəbin həmkarlar təşkilatının qərarı, ATİAHİ-nın Gədəbəy rayon Komitəsinin qərarı və Maraqlı şəxs razılığı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM-in) 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən, işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri bunlardır;
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. Köhnəqışlaq kənd ümumi orta məktəbinin xx xxxxxx 2017-ci il tarixli, 444 nömrəli əmrindən və əmək kitabçasında İddiaçı işdən azad edilməsinin əsaslarından biri kimi İddiaçı qeyri-pedaqoji təhsilli olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilmiş YB № 016160 nömrəli xx xxxx 2012-ci il tarixli diplomun surətinə əsasən, İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetinin peşə və əmək təlimi müəllimi ixtisası üzrə ali təhsil almış və Təhsil Nazirliyi tərəfindən verilmiş məktubla, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən İddiaçı adına yazılmış YB seriyalı 016160 nömrəli diplom həqiqətən 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəd olması öz təsdiqini tapmışdır. Yəni iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən işdən azad edilməsi qanuni deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin vəzifələrindəndir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair Cavabdehin direktoru X1 xx.xx.2017-ci il tarixli, 444 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə, yəni Cavabdehin rəsm və rəsmxət müəllimi işinə bərpa edilməlidir. Məhkəmə bu qərara gələrkən o halı da nəzərə alır ki, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının işə bərpa edilməsinə etiraz etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Cavabdehin direktoru X1 xx xxxxxx 2017-ci il tarixli, 444 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Cavabdehin rəsm və rəsmxət müəllimi işinə bərpa edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Marif Kazımov